Azərbaycan hüquq-mühafizə orqanlarının - Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin qəti şəkildə, dəfələrlə təkzib etməsinə baxmayaraq Rusiya mənbələri ukraynalı deputat Oleq Lyaşko və Yanukoviç administrasiyasının rəhbəri olmuş oliqarx Sergey Levoçkin barədə “uşaqbazlıq işi” üzrə yeni məlumatlar yayıb.
Virtualaz.org saytının xəbər verdiyi kimi, dünən axşam Rusiya və Ukrayna KİV-ləri İnterpolun Azərbaycan bürosunun əməkdaşlarının Lyaşko və Levoçkini həbs etmək üçün Kiyevə göndərildiklərini xəbər verib.
İddiada deyilir ki, Azərbaycan hüquq-mühafizə orqanları Lyaşko və Levoçkinin 2009-2011-ci illərdə Ucar rayonuna gələrək orada yetkinlik yaşına çatmayan şəxslərlə dəfələrlə intim münasibətlərdə olması faktı üzrə cinayət işi qaldırıb.
Bu cinayət işi çərçivəsində Lyaşko və Levoçkinin barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.
Lyaşko qatı anti-Rusiya mövqeyi ilə tanınır və Ukraynanın şərqində rusiyameylli separatçılara qarşı döyüşən könüllü batalyonlarından birini formalaşdırıb. Onun barəsində əvvəllər homoseksual əlaqə və pedofiliya ittihamları olub.
Levoçkin isə multimilyonerdir, Yanukoviç devrilənə qədər onun administrasiyasının rəhbəri olub. Lakin o, Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarı kimi tanınır. Hazırda hər iki siyasətçi Ukraynada parlament seçkiləri kampaniyası aparmaqdadır.
Azərbaycan hüquq-mühafizə orqanlarının qəti şəkildə təkzib etməsinə baxmayaraq Rusiya İstintaq Komitəsinin və ədliyyə sisteminin rəsmi tərəfdaşı olan RAPSİ agentliyi növbəti dəfə Lyaşko və Levoçkinin Ucarda pedofiliya əməlinə görə axtarıldığına dair xəbərləri yayıb.
Üstəlik bu dəfə Rusiya mənbələri Azərbaycandan Lyaşko və Levoçkini həbs etmək üçün ezam edilən “İnterpol əməkdaşlarının” görüntülərini də yayıblar.
“Obşaya qazeta” xəbər verir ki, bu kadrlar internetdə yayılıb. Orada jurnalist “İnterpol əməkdaşlarına” sual verir: “Siz bura Lyaşko və Levoçkini həbs etmək üçün gəlmisiniz?”
“Əməkdaşlardan” biri cavab verir: “Siz bizim təşkilatımızın strukturunu və işini tamamilə yanlış dərk edirsiniz. Biz Ukrayna ərazisində heç kimi həbs etmirik. Bura həmkarlarımıza şəxslərin axtarışı və sənədlərin araşdırılmasında kömək etmək üçün gəlmişik”.
Jurnalist soruşur: “Siz Lyaşko və Levoçkini nəzərdə tutursunuz?”.
“Mən buna şərh verə bilmərəm” - deyə “əməkdaş” cavab verir.
Jurnalist əl çəkmir: “Əgər söhbət həmin şəxslərdən gedirsə sizə elə gəlmirmi ki, bu siyasi sifarişdir?”.
“İnterpol əməkdaşı” cavab verir: “Seçkilər bizim ölkədə deyil, sizin ölkədə keçirilir. Biz siyasi təqiblərlə məşğul deyilik. Vəssalam, mən getməliyəm”.
Daha sonra “İnterpol əməkdaşları” qarşısında Ukrayna bayrağı asılmış binaya daxil olur.
Bu kadrlarda yer alanların doğrudan da “Bakıdan göndərilən İnterpol əməkdaşları” olduğunu dəqiqləşdirmək mümkün olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?