Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycana səfəri ərəfəsində Ukrayna Daxili İşlər Nazirliyi onunla bağlı sənədləri beynəlxalq polis təşkilatına - İnterpola təqdim edib.
Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib ki, Jirinovskinin Ukraynada terrora dəstək vermək istəyi ilə əlaqədar İnterpola müraciət ediblər: “Jirinovskiyə qarşı Ukraynada axtarış elan edilib, sənədlər İnterpola təqdim edilib”.
"Trend"in diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, V.Jirinovski Bakıda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır. Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.
Hazırda İnterpolun saytında Vladimir Jirinovskinin axtarışda olması haqda məlumat yerləşdirilməyib. Amma bu o demək deyil ki, yaxın günlərdə belə bir məlumat İnterpolun saytında yerləşdirilməyəcək. Bu halda Jirinovski Azərbaycanda həbs edilə bilərmi? Sabiq polis rəisi Mahmud Hacıyev deyib ki, Milli Mərkəzi Büro Azərbaycanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən DİN-in müstəqil struktur hissəsidir. MMB aşağıdakı vəzifələri həyata keçirir:
- Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi.
- İnterpol kanalları ilə daxil olan sorğu və tapşırıqların icrası.
- Cinayətlərin qarşısının alınması və açılması məqsədilə digər ölkələrin MMB-lərinə cinayətlər və cinayətkarlar, habelə şəxslərin, əşya və sənədlərin axtarışı barədə sorğuların göndərilməsinin təmini.
- Digər ölkələrin MMB-lərindən daxil olan analoji müraciət və məlumatların respublikanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə icrasının təmin edilməsi.
- Azərbaycanda cinayət törətməkdə şübhəli bilinmiş, cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs-qətimkan tədbiri seçilmiş xarici vətəndaşlar haqqında İnterpolun Baş Katibliyinə tapşırıq və məlumatların göndərilməsi.
- Respublikada cinayətkarlığa qarşı mübarizənin nəticələri, cinayətlərin yeni forma və metodları, eləcə də qabaqcıl təcrübə barədə müfaviq hesabatların tərtibi və zəruri hallarda belə məlumatların İnterpolun Baş Katibliyinə təqdim edilməsi. Beynəlxalq polis əməkdaşlığı çərçivəsində əldə olunan operativ və digər məlumatlar bankının yaradılması.
- Transmilli cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsindəki tələblər, şərtlər barədə respublikanın hüquq-mühafizə orqanlarının məlumatlandırılması və bu yönümdə işin təkmilləşdirilməsinə dair Baş Katibliyə təkliflər verilməsi.
- Polisin fəaliyyətinə, habelə transmilli cinayətlərlə mübarizəyə dair beynəlxalq hüquq normalarını əks etdirən sənədlərin, müqavilələrin Baş Katiblikdən sorğu edilməklə alınması.
- Cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın problemlərinə dair xülasələrin, məruzələrin, İnterpola üzv olan ölkələrin kriminal xidmətlərinin məlumatları əsasında ümumiləşdirmiş təkliflərin hazırlanması.
Yəni Ukraynanın Vladimir Jirinovski barədə cinayət işini İnterpola təqdim etməsi hələ onun barəsində axtarış elan olunması demək deyil. İnterpol təqdim olunan cinayət işləri ilə bağlı axtarış elan etməzdən əvvəl bu işlərin siyasi xarakterli olub olmamasını, əsaslılığını yoxlayır. Əgər uyğunsuzluq olursa, axtarışdan imtina edilir".
M.Hacıyev deyir ki, əgər İnterpol V.Jirinovski haqda axtarış versə, rusiyalı partiya sədri Azərbaycana gəlməkdən vaz keçməlidir: “Azərbaycan İnterpola üzv dövlətlərdəndir. Əgər şəxsin barəsində bu təşkilatın xətti ilə axtarış olsa, onu ölkəmizdə saxlayıb barəsində axtarış elan etmiş ölkəyə təhvil verməlidirlər. Vladimir Jirinovskiyə Azərbaycana gələcəyi təqdirdə, xoşagəlməz situasiyanın yaranacağını və bunun Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna münasibətlərinə təsirsiz ötüşməyəcəyini diplomatik kanallarla çatdırmaq lazımdır. Axtarış işi olmayacaqsa, onun Azərbaycan gəlişində heç bir problem də yoxdur”.
Xatırladaq ki, Azərbaycan 9 fevral 1993-cü ildən İnterpolun üzvüdür, təşkilatın Milli Mərkəzi Bürosu da həmin tarixdən fəaliyyətdədir/musavat.com/.
Sorğu
Yeni dizaynımız necədir?