Keçən il parlamentdə uzun-uzadı müzakirələr nəticəsində qəbul olunan və fərdi ev tikintisi üçün çox rahatlıqlar yaratmış yeni Şəhərsalma və Tikinti Məcəlləsi yanvarın 1-dən qüvvəyə minsə də, hələ də yerlərdə tətbiq edilə bilmir. Bakının bir sıra rayonlarının İH aparatlarında aparılan araşdırmadan bəlli olub ki, bu sahədə yenə də hər şey son 5-6 ildə olduğu kimidir. Yəni yenə əvvəlcə olduğu kimi bu rayonların icra aparatlarının fərdi mənzil tikintisinə icazə verməyə səlahiyyəti yoxdur və bu funksiyalar Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir. Qeyd edək ki, 5-6 il əvvəl Bakı şəhər İH başçısının naməlum səbəblərdən verdiyi bir əmrlə bu funksiya mövcud qanunvericiliyin ziddinə olaraq rayon İH-lərindən alınaraq Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdi. Yəni Bakıda fərdi ev tikmək istəyən hər bir kəs son 5-6 ildə bu idarəyə müraciət etməli idi. Vətənldaşlar isə Bakı şəhər İH binasında yerləşən bu idarəyə necə daxil olmağın, fərdi ev tikmək üçün sənədləri necə təsdiq etdirməyin qaydalarını belə bilmirdilər. İçəri birtəhər daxil ola bilənlərə isə şərtləri çox ağır olan qeyri-rəsmi maneələr yaradılırdı. Bu cür qeyri-rəsmi maneələrin nəticəsidir ki, Bakıda və Abşeronda rayon İH-ləri və bələdiyyələr tərəfindən tikinti üçün ayrılmış yerlərdə 300 minə yaxın fərdi ev layihəsi təsdiq edilmədən və tikinti icazəsi olmadan tikilib. Dövlət Əmlak Reyestrinin sabiq rəhbəri Arif Qaraşovun dediyinə görə, ölkə üzrə belə evlərin sayı 500 minə yaxındır. Bu evlərdə artıq 30 ilə yaxındır ki, insanlar yaşayır, nəsillər dəyişir, amma camaat evlərinə qeydiyyata düşə bilmir. Bu isə təhsildə, şəxsiyyət vəsiqəsi və pasport almaq kimi başqa məsələlərdə problemlər yaradır. Bəzən yeddi arxa dönəni bakılı olan adam bu cür evdə yaşadığından övladlarını uzaq rayonlara qeydiyyata salmalı olur. Yeni Şəhərsalma və Tikinti Məcəlləsi isə bu kimi məsələlərdə əsas çətinliyi - layihənin təsdiq edilməsi və tikintiyə icazə verilməsi prosedurunu həddindən asanlaşdırır. Əslində, məcəllənin 80-ci maddəsinə görə, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Yəni həmin yaşayış evinin tikinti layihəsi lisenziyalı memar tərəfindən hazırlanır və sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. İcra hakimiyyəti yaşayış evinin layihəsini tələblərə uyğunluğunu yoxlayır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Tikinti işlərinə başlayan zaman icra hakimiyyətinə mütləq məlumat verilməlidir, çünki əks halda İH-dan evin tikintiyə yararlı olması barədə arayış almaq mümkün olmaz. İcra hakimiyyəti təmisilçiləri tərəfindən təqdim edilən sənədin bilərəkdən qeydiyyata götürülməməsi də mümkün deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) ANS PRESS-ə verilən məlumata görə, sifarişçi bu zaman elektron sənəd dövriyyəsindən istifadə etməklə layihəsini qeydiyyatdan keçirə bilər. Burada başqa maraqlı məqam ondan ibarətdir ki, icra hakimiyyəti layihəyə rədd cavabını yazılı şəkildə verməlidir və bu cavab qanuni baxımdan əsaslandırılmış olmalıdır, çünki sənəd istənilən zaman məhkəmə predmeti ola bilər və tikintiyə əsassız rədd cavabı verən dövlət məmuru korrupsiya cəhdində günahlandırılaraq cəzalandırıla bilər. Əgər icra hakimiyyəti təmsilçiləri tikintini şifahi xəbərdarlıqla dayandırmaq istəyərlərsə, bu da korrpusiya cəhdi kimi şikayət predmeti ola bilər. «Əgər yerin altından yüksəktəzyiqli boru xətti və ya üzərindən yüksək gərginlikli elektrik xətti keçirsə, onda İH təmsilçiləri rədd cavabı verə bilərlər, əks halda, camaatın özəl torpaqda normal layihə ilə ev tikməsinə heç kim mane ola bilməz»,- deyə DŞAK-dan bildiriblər. Göründüyü kimi, vətəndaşın özəl torpaqda fərdi ev tikintisinə başlaması üçün şərtlər xeyli yüngülləşdirilib və onun icazə sənədinin üzərindəki sayı-hesabı dəqiq bəlli olmayan imzalara görə aylarla ayaq basmasına ehtiyac qalmayıb. Tikintiyə korrupsiya məsqədi ilə qeyri-rəsmi maneəçilik törədənlərdən şikayət etməsi üçün də qanunvericilik müstəvisində əsas yaradılıb. Amma məsələ bu yerdədir ki, məcəllə parlamentdə qəbul edilərək təsdiqləndikdən sonra elə kağız üzərində qalıb və rayon icra hakimiyyətlərinə bununla bağlı heç bir təlimat verilməyib. Bakının rayon İH-lərdən verilən məlumata görə, artıq neçə illərdir ki, bu funksiyası əlindən alınmış rayon rəhbərlikləri sənədləşdirmə fəaliyyətlərini hansı sənədlə bərpa edəcəklərini belə bilmirlər. «Bizə hansısa bir təlimat verilməlidir ki, biz də onunla fəaliyyətə başlayaq. Hələ ki, bizə heç bir sənəd daxil olmayıb»,- deyə Bakı rayonlarından birinin İH aparatından bildiriblər. Bu məsələnin arzuolunmaz başqa bir tərəfi yeni qaydaların artıq tikilmiş olan 500 minə yaxın evə dəxlinin olmamasıdır. DŞAK-dan verilən məlumata görə, bu evlər yeni qanunun əhatə dairəsinə daxil deyil: «Həmin evlər üçün ayrıca qanun qəbul edilməlidir. Ölkə başçısı bu işi Bakı şəhər İH-nə tapşırmışdı. Yəni evlər araşdırılmalıydı və yüksək təzyiqli boruların, yüksək gərginlikli elektrik xətlərinin zonasına düşməyən evlərin hamısına sənəd verilməliydi. Amma sonradan bu işi təxirə saldılar», - deyə DŞAK-dan vurğulayırlar. Yəni hansısa qurumun laqeydliyi üzündən yüz minlərlə evin qeydiyyata götürülərək sənədləşdirilməsi işi arxa plana keçirildi. Nəticədə həmin evlərdə yaşayan 2 milyona yaxın insanın problemi həlledilməz qaldı. Yəni bu insanlar həmişə sosial gərginlik mənbəyi olaraq qalırlar. Bu məsələnin sosial və hüquqi tərəfidir. Amma məsələnin maliyyə tərəfi də var. Bu evlərin rəsmiləşdirilməsi ilə onların hər birindən ildə orta hesabla 100 manata yaxın əmlak vergisi almaq mümkündür ki, bu da ölkə büdcəsi üçün ildə təxminən 50 milyon manata yaxın əlavə vergi daxilolması deməkdir. Neft sektorunda hasilatın ildən-ilə azaldığı bir məqamda dövlət büdcəsinin neftdənkənar sektordan bu cür irimiqyaslı gəlirlərə böyük ehtiyacı var. Ölkə başçısının verdiyi sərəncamı arxa plana keçirərək milyonların problemini həll etmək istəməyən icra hakimiyyəti təmsilçiləri ən azından bu barədə düşünməlidir. Şamil Əlibəyli
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?