İmperiyanın bütün dalanlarında və zirzəmilərində oxunan “Dolya vorovskaya”nın müəllifi kimdir?
“Qruzinskaya “Dolya vorovskaya”, “Azerbaydjanskaya “Dolya vorovskaya”, “Armyanskaya “Dolya vorovskaya”. Şanson müğənnilərin repertuarında vətəndaşlıq qazanmış ““Dolya vorovskaya” mahnısının müəllifi kimdir?” axtarışının nəticələri belədir internetdə. Bir balaca axtarış bəs etdi ki, əsasən gürcü, azərbaycanlı və ermənilərin forumlarda, sosial şəbəkələrdə “Dolya vorovskaya”nın üstündə əməlli-başlı virtual savaş apardıqlarının şahidi olasan. Bir neçə il əvvəl Rusiyada forumlardan birində istifadəçilərə “Dolya Vorovskaya” mahnısını kim yazıb? Bu erməni mahnısıdır?” sualı ünvanlanıb. Müzakirə zamanı suala verilmiş cavablar üç aşağı, beş yuxarı eynilik təşkil edib. Əksəriyyət Boka adının üstündə dayanıb:
“Liana” adlı istifadəçi - “Dəqiq bilmirəm, ancaq səhv etmirəmsə bu mahnını Boris Davidyan (Bakıda anadan olmuş erməni müğənni Boka - F.M) yazıb”.
“Sonia Profi” adlı istifadəçi - “Bu mahnının müəllifi Bakı ermənisi Bokadır. YouTube-da da baxa bilərsiniz”.
Maraqlısı budur ki, unudulmaz Vısotski də qeyri-rəsmi məclislərdə “Dolya vorovskaya”nı ifa edib. Aleksandr Tkaçev və “Amerikanka” qrupu, Stepan Arutyunyan və “Belomorkanal” qrupu, Mr.Credo, Boka, Daniko, Sergey Baroçkin, Valeriy Tivçenko, Eyyub Yaqubov, Atxam, Qriqoriy Dimant, Efi, Yuriy Nastyuk və “Arqo” qrupu, “Dombay” qrupu, Vladimir Vısotski, “Axas” qrupu, Mixail Zvezdinskiy, Maksim Krivoşeev, İvan Bannikov, İosif Edidiev, Aydinçik, “Blatnoy udar” və Nurik Tatdanov “Dolya vorovskaya”nı oxuyan tanınmış müğənni və musiqi qruplarıdır. “Dolya vorovskaya” rus, erməni, gürcü, Azərbaycan dillərindən tutmuş kürd və osetin dillərində də ifa olunub. Amma yuxarıdakı siyahıdan da göründüyü kimi “Dolya vorovskaya”nı oxumuş erməni musiqi qrupları və müğənnilərin çoxluq təşkil etdiyindən, mahnının ermənilərə, xüsusən Bokaya məxsus olması qənaəti formalaşıb. Bir neçə mənbədə isə mahnının sözlərinin müəllifi “Anonim” yazılsa da, bəstəkarının Boka olduğu göstərilib. Üstəlik, 1988-ci ildə Bokanın Amerika Birləşmiş Ştatlarında buraxdığı albomuna “Dolya vorovskaya” adını seçməsi bu fikri daha da qüvvətləndirib.
Amma internet resurslarda, habelə müxtəlif mənbələrdə araşdırmalarımız zamanı tamam fərqli məqamlar ortaya çıxdı. Sən demə, “Dolya vorovskaya” ilk dəfə 1959-cu ildə “Gürcüstanfilm”in istehsal etdiyi, rejissor Levan Xotivarinin “Bənddə əhvalat” (“Sluçay na plotine”) filmində səslənib. Mahnının bəstəkarı Bidzina Kvernadzedir. Amma nədənsə, hamı bu faktın üstündən sükutla keçir...
Boka özü çoxsaylı müsahibələrində deyir ki, populyarlaşmasında “Dolya Vorovskaya”nın böyük rolu olub. 70-ci illərdə, Daşkənddə ziyafətlərdən birində Boka “Dolya vorovskaya”nı oxuyub. Və bu zaman məclisdə iştirak edən qonaqlardan biri gizlicə onun səsini yazıb: “Bir neçə gündən sonra Daşkənddə hamı avtomobilində “Dolya vorovskaya”ya qulaq asırdı. Mahnı bütün Özbəkistana yayılmışdı. O ziyafətdə səsimi yazmasalar belə, başqa birində mütləq yazacaqdılar. Bundan sonra müxtəlif məclislərdə iştirak etməyimə baxmayaraq, çoxluq “Dolya vorovskaya”nı sifariş edirdi”.
Başqa bir məqam. Azərbaycanda əksəriyyət “Dolya vorovskaya”nın Aydınçikə (Aydın Vəliyev) məxsus olduğu versiyasını irəli sürsə də, şanson özü Lent.az-a açıqlamasında “Dolya vorovskaya”nın müəllifinin Atarik adlı türkmən olduğunu söylədi: “Mən bu barədə çox danışmışam. 1976-cı ildə gənc yaşlarımda Türkmənistanın Krasnovodsk (İndiki Türkmənbaşı-F.M) şəhərinə getmişdim. “Karavan” və başqa mahnıların müəllifi Atarik adlı türkmən balası var idi. Mən “Dolya Vorovskaya”nı birinci dəfə Krasnovodskda onun ifasında eşitmişəm. Dəqiq bilirəm ki, bu mahnının müəllifi Atarikdir. Eşitdim, xoşuma gəldi, “zapis” elədim. Daha sonra da mahnını Bakıda ifa etdim, gözlənilmədən tanındım. Mahnı mənim ifamda daha çox bəyənildi, daha çox qəbul olundu. Şayiələr gəzməyə başladı ki, guya “Dolya vorovskaya” mənimdi”.
Mahnının mətnini olduğu kimi saxladığını qeyd edən Aydınçik ona əlavələr etdiyini də bildirdi: “Mahnının mətni neçə kuplet idisə, eləcə də saxladım. Sadəcə özümdən əlavələr etdim. Bilirəm ki, bu mahnı haqqında çoxları çox söz deyir. Ancaq mahnının mətnində “Tbilisi”, “Batumi” sözləri yazılıbsa, bu ona dəlalət etmir ki, mahnı məhz gürcülərə məxsusdur. Sizə onu da deyim ki, Krasnovodskda kriminal bizə, Qafqaza nisbətən daha güclü olub”.
Aydınçik “Dolya vorovskaya”nın bəstəkarının Boka olması faktı ilə razılaşmadı: “Bəlkə də Boka məndən əvvəl oxuyub, deyə bilmərəm. Amma dəqiq onu deyə bilərəm ki, Boka Atarikə məxsus mahnını oxuyub”.
Boka Daşkənddəki Avtomobil Yollarını İnstitutunun məzunudur. Aydinçik isə Atarik faktının üstündə dayanır. Daşkənd və Krasnovodsk eyni coğrafiyaya aid olduğundan Bokanın mahnını Atarikdən götürməsi realdır. Mahnının mətnlərindən birində “Malçikom kazaxom ya rodilsya, Rodina Turkmenya moya” sözləri də mahnının Atarikə məxsusluğuna işarə edir.
“Oğru aləmi”nin musiqiyə münasibətinin yaxşı olduğunu söyləyən yazıçı Bəhram Çələbi daha çox ermənilərin “Dolya vorovskaya”ya iddia etdiyini dedi: “Məsələn, Diktator Ağakərim sərt xarakterinə baxmayaraq, türmədə “Onu bağışlamaq olarmı?” filmindəki musiqiləri eşidən kimi ağlayarmış. Musiqi oğrular üçün ən ümdə məsələlərdən biri olub. Bu öz yerində, “Dolya vorovskaya” haqda isə onu deyə bilərəm ki, bu mahnıya nədənsə daha çox ermənilər iddia edir. Amma məsələnin bu tərəfi var ki, mahnını erməni dilində yox, məhz rus dilində oxuyublar. Mahnının tarixçəsi, necə yaranması, onu ilk dəfə kimin oxuması haqda məndə dəqiq məlumat yoxdur. Gürcülər də, ruslar da bu mahnını oxuyub. Bilirsiniz, o vaxt millət söhbəti yox idi. Məsələn, ermənilər Rəmişi toylarına aparıblar ki, “Dolya vorovskaya”nı çalsın. Bəxtiyar Mironun qardaşının toyunda içəri girən kimi “Dolya vorovskaya” çalırlar. Cavanşirin də ən çox istədiyi, toylara gedən kimi birinci sifariş etdiyi mahnı “Dolya vorovskaya” olub”.
Müğənni Eyyub Yaqubov da mahnının kimə məxsus olması barədə dəqiq bir söz deməkdə çətinlik çəksə də, mahnının ruhunun Azərbaycan musiqisinə yaxın olduğunu söylədi: “O vaxt Bakının köhnə məhəllələrdə “Dolya vorovskaya”nı ifa edərdilər. Mən də bu mahnını 90-cı illərin əvvəllərində oxumağa başladım. Ümumiyyətlə, Sovet adamları sahəsindən, ixtisasından asılı olmayaraq istər akademik olsun, istər fəhlə, hamı bu mahnını bilirdi (gülür). Sözün düzü, mahnının tarixçəsi ilə heç vaxt maraqlanmasam da, “Dolya”nın ermənilərə və yaxud da gürcülərə məxsus olması fikrini qəbul etmirəm. Melodiya Bakının, Azərbaycanın ruhuna daha yaxındır. Bokanın ifasında təbii ki, “Dolya”nı eşitmişdim. Sadəcə, kim bu mahnını oxuyurdusa öz naxışını qoyurdu. Çox güman ki, Boka da mahnıya öz izini qoyub”.
Bir çox musiqişünasın fikrinə görə, “Dolya vorovskaya”nın “Ləzginka”nın ağır ritmləri üzərində bəstələnməsi gürcü, azərbaycanlı və ermənilərin bu mahnıya iddia etməsinə gətirib çıxarıb.
Araşdırmaçı-jurnalist Səbuhi Məmmədli isə mahnının məhz Qafqazda yarandığı fikrindədir: “Əslində əminliklə demək olar ki, “Dolya vorovskaya” SSRİ-nin xit mahnılarından idi. Keçmiş SSRİ-nin elə bir şəhəri olmazdı ki, yeniyetmələr küçə musiqisi səviyyəsində bu mahnını oxumasınlar. Bəzən sözlərinə və mahnının mahiyyətinə varmadan gənclər onu oxuyurdular. Mahnının necə yaranması ilə bağlı müxtəlif versiyalar var. Amma həqiqət odur ki, mahnı Qafqazda yaranıb. Mahnını ilk dəfə Bokanın oxuduğu deyilir. Amma Rusiya kanallarında verilişlərin birində Boka özü etiraf edib ki, bu mahnının rus şanson Aleksey Severnıdan eşidib. Postsovet məkanında Şufutunski də bu mahnıya iddia edib. Amma sonra geri çəkilib. Bu mahnının Vladimir Vısotksi də ifa edib. Amma ictimai yerlərdə, konsertlərdə yox, özəl məclislərdə. Mahnı 70-ci illərdə populyarlaşsa da, çox az adam bilir ki, “Dolya”nın musiqisi 50-ci illərdə çəkilmiş bir gürcü filmindən götürülüb. O ki qaldı sözlərə, hər bir ifaçı özü istədiyi şəkildə sözləri dəyişib. Amma həqiqət odur ki, “Dolya” kriminal aləmin, oğru dünyasının himnidir”.
“Dolya vorovskaya” haqda ən maraqlı və məntiqli fikir isə, Stepan Arutunyana məxsusdur: “Bu mahnı ermənilərin deyil. Bu, xalq mahnısıdır. Onun müəllifi yoxdur. Mahnı konkret kriminal dünyaya aiddir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?