Prezident seçkisi iqtidar üçün acı sonluqla nəticələnə bilər
gundemxeber.az Prezident seçkisi yaxınlaşdıqca hakimiyyət daxilində gərginlik artır. İqtidar daxili qruplar artıq indidən Prezident Administrasiyasını nəzarətə götürmək uğrunda ciddi hazırlıqlar görürlər. Müşahidələr göstərir ki, dövlət başçısı İlham Əliyevin son qərarı Ramiz Mehdiyevə 4 müavin təyin etməsi prezident seçkisində qruplaşmaları üz-üzə gətirəcək. Bunlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi və hakim ailəyə bağlılığı olan qruplaşmalardır. Belə olan halda PA uğurunda savaşın səviyyəsini təsəvvür etmək çətin deyil. Təsəvvür edin ki, adını çəkdiyimiz məmurun nəzarətində beş-altı rayon var. Məsələn, Kəmaləddin Heydərov bu günləri Azərbaycanın bir neçə rayonuna nəzarət edir. Bunlardan Masallı, Yardımlı, Astara, Lənkərar, Qəbələ və Qaradağ rayonlarını göstərmək olar. Bu rayonların icra başçıları "fövqəlnazir"ə yaxın şəxslərdir. Bundan əlavə artıq Ramiz Mehdiyevin müavini təyin olunmuş Zeynal Nağdəliyevi də "fövqəlnazir"lə qohumluq əlaqələri bağlayır. Burda digər məqam isə Kəmaləddin Heydərovun Paşayevlərin çətiri altına keçməsi və digər müavin Əli Əsədovun məhz Paşayevlərin kurasiyasında olması Ramiz Mehdiyevi tam nəzarətə götürməklə onun yola salınması istiqamətində aparılan mübarizənin təzahürü kimi dəyərləndirmək olar. Və bu baxımdan da növbəti prezident seçkisinə Ramiz Mehdiyevin PA-dan kənarda qalması planı hazırlanıb. Ramiz Mehdiyevə gəlincə, PA rəhbəri bu dəfə də YAP-dan yararlanmağa çalışacağı istisna deyil. Hakim partiyanı tam nəzarətə götürən PA rəhbərinin köhnə metoddan yararlanacağının söyləmək olar. Yəni, yalnız YAP-çılar PA rəhbərinin müdafiəsinə qalxa bilərlər. Ramiz Mehdiyev bununla da rəqib qruplaşmalara daxil olan digər YAP-çıları cəzalandıra bilər. Hakim partiya bu səfərki prezident seçkisində öz namizədinə heç bir dəstək verməyəcək. Bu variant bələdiyyə və parlament seçkilərində olduğu kimi Ramiz Mehdiyevin daha çox yerini bərkitmək şansını artıracaq. Hakim ailə ilə bağlılığı olan qruplaşmalar isə illərdi ki, hakimiyyət dəhlizlərində köhnə YAP-çılardan təmizlənməsi məsələsi müzakirə mövzusudur. Bu ideya məhz hakim ailəyə bağlılığı olan qruplaşmalara məxsusdur. Müşahidələr göstərir ki, onlar bu niyyətlərini 2013-də həyata keçirməkdə israrlıdır. Beləliklə də 2013-də hakimiyyət daxilində təlatümlərin baş verəcəyi labüddür. Cəmiyyətdəki narazılığın günü-gündən artmasını da nəzərə alsaq, bu təlatümlərin hakimiyyət üçün daha acı sonluqla nəticələnə biləcəyini ehtimal etmək olar.
Sorğu
Yeni dizaynımız necədir?