Ramiz Mehdiyevlə Paşayevlərin "Adminstrasiya savaşı"nda heç bir tərəf güzəştə getmək niyyətində deyil
gundemxeber.az Prezident Administrasiyasında son dəyişikliklər hakimiyyət daxilində təlatümləri daha da gücləndirib. Belə davam edəcəyi təqdirdə hakimiyyətdə ciddi parçalanmaların olacağı şübhəsizdir. Artıq iqtidar ideoloqları baş verənlərdən narahat olmağa başlayıblar və ziddiyyətlərin aradan qaldırılması istiqamətində bütün qüvvələrini səfərbər ediblər. Lakin göstərilən çabalar əhəmiyyətsiz görünür. Ən azı ona görə ki, ziddiyyətlərin başında hakimiyyətdəki iki azman qruplaşma dayanır. Bunlardan biri hakimiyyətin siyasi-ideoloji kursunu yönləndirən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin "xaç atası" olduğu "Naxçıvan" qruplaşması, digəri isə hakim ailəyə yaxın Paşayevlərdir. Hər iki qanad hakimiyyətdə kifayət qədər güclü dayaqlara malikdir və onlardan hansısa birinin asanlıqla geri çəkiləcəyi inandırıcı görünmür. Eks-dövlət başçısı Heydər Əliyevin dövründə görünməz olan Paşayevlər İlham Əliyev hakimiyyətə gələndən sonra önə çıxdı. İdarəetmədə və iri biznes strukturlarında Paşayevlərə yaxın şəxslərin yer alması bu qruplaşmanın siyasi proseslərə daha çox nüfuz etməsinə səbəb oldu. Paşayevlərin yolunda heç bir maneənin olmaması onların iddialarını bir qədər də artırdı. Bu qruplaşma bütövlükdə hakimiyyəti yönətmək uğrunda mübarizəyə başladı. Paşayevlərin iddiaları təbii ki, digər qruplaşmaları, xüsusilə hakimiyyətin ən güclü qanadı sayılan "Naxçıvan" klanını narahat etməyə bilməzdi. Ona görə də "Naxçıvan" klanının rəhbərlərindən hesab edilən Ramiz Mehdiyev Paşayevlərə qarşı savaş açdı. Bu savaş Paşayevlər ikinci iqtidar partiyası yaratmağa cəhd göstərəndə daha da qızışdı. Ramiz Mehdiyevin göstərişi ilə Paşayevlərin YAP-a alternativ təşkilatı olan Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) əvvəlcə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyindən, daha sonra ümumiyyətlə qurumdan uzaqlaşdırıldı. PA rəhbərinin nəzarətində olan YAP DADP-ni çökdürmək üçün ona qarşı kampaniyaya başladı. Hakim partiyanın rəhbərləri DADP rəhbərliyini kimlərinsə adından istifadə etməkdə suçladı. Nəhayət, bu partiya parçalandı və Paşayevlər layihəni gerçəkləşdirməyi təxirə salmağa məcbur oldu. Ramiz Mehdiyev həmçinin Paşayevlərin 2013-cü illə bağlı planlarının da qarşısını almaq istiqamətində hərəkətə keçdi. Paşayevlərin hakimiyyətə gəlişi əslində "Naxçıvan" klanının sonu demək olacaqdı. Ona görə də Ramiz Mehdiyev bütün siyasi bacarığını işə salaraq bu planı əngəlləməkdədir. 2013-cü illə bağlı hakimiyyət daxilində böhran Konstitusiyaya dəyişikliklə həll edildi. 18 mart referendumu ilə faktiki olaraq İlham Əliyevin ömürlük prezident olmasına "yaşıl işıq" yandırıldı. Əslində problemin bu cür həlli İlham Əliyevə də sərf edirdi. Baxmayaraq ki, Paşayevlər ona daha yaxındır, dövlət başçısı onlara "stavka" etməkdə çətinlik çəkirdi. Çünki bu halda hakimiyyət parçalana və əldən gedə bilərdi. Müvəqqəti atəşkəs elan olunsa da, savaşın yenidən başlanılacağı gözlənilən idi. 2013-cü il prezident seçkisi öncəsi hakimiyyətin namizədi kimi İlham Əliyevin xanımı Mehriban Əliyevanın adının hallandığı halda Ramiz Mehdiyevin ölkənin aparıcı qəzetlərin birində prezidentliyə namizəd olacağı barədə xəbərlər yayıldı. İlham Əliyevin son qərarı, Ramiz Mehdiyevə dörd müavin təyin etməklə onu tam nəzarətə götürmək kimi qiymətləndirilir. Bu isə artıq qruplaşmanı yenidən üz-üzə gətirib. Elə bu səbəbdəndir ki, artıq YAP daxilində narazılıqlar başlanılıb. Bu narazılıqlar prezident seçkisi öncəsi daha da arta bilər. Hazırda hakim ailəyə yaxın olan Əli Əsədovla Zeynal Nağdəliyev məsələsi daşa dirənib. Vəziyyət o dərəcədə gərgindir ki, hətta Ramiz Mehdiyevin yerinə konkret namizəd kimin olacağı sual altındadır. Bu halda hakimiyyət daxilində yaranmış mənzərəni təsəvvür etmək çətin deyil. Onu da qeyd edək ki, Ramiz Mehdiyev YAP-ın rəhbərliyinə daxil olan şəxslərin dililə digər qruplaşmaları şantaj edərək geri oturtmağa çalışır. Amma bu dəfə Paşayevlərin geri çəkiləcəyi inandırıcı görünmür. Belə olan halda 2013-də qrulaşmalararası qarşıdurmanın qarşısını almaq müşkülə çevriləcək. Fuad Həsənov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?