Azərbaycana yük gətirən sürücülər gundemxeber.az-a necə soyulduqlarından danışdılar Azərbaycana çeşidli mallar gətirən «tırayler» sürücülərindən qeyri-rəsmi formada pul alındığı, onların incidildiyinə dair cəmiyyət arasında söz-söhbətlər gəzsə də, bu haqda mətbuatda yazılmayıb. Neçə vaxt idi ki, İrandan Azərbaycana çeşidli mallar gətirən sürücülərin ciddi narazılığı haqqında fikirlər səslənirdi. Əslən Azərbaycan türkü olan bir qrup iranlı sürücü gundemxeber.az-a üz tutaraq Azərbaycanda rastlaşdıqları problemlər haqqında danışdılar. Onların danışdıqları zaman məlum olur ki, yalnız İran-Azərbaycan sərhəd keçid məntəqəsindən ölkəmizə daxil olan yük maşınlarının sürücülərindən qeyri-qanuni olaraq pul alınır. Gündə İrandan Azərbaycana yüz yük maşının keçdiyini nəzərə alsaq yalnız gömürükdə kimlərsə bundan 10-15 min manta bəhrə görürlər. Onu da bildirək ki, bu hal təkcə iranlı sürücülərlə bağlı deyil. Elə Türkiyədən gələn «tır» sürücüləri də bu hallardan ciddi narazıdırlar. Səbəb sadədir- bu zəhmətkeş insanlardan haqsız yerə pul alınır, özü də rüşvət formasında. Sürücülər həm yollarda daha da sərt incidilə biləcəyi, həm də səfirliklə bu məsələni razılaşdırmadıqları səbəbindən adlarının çəkilməsini istəmədilər. Amma İrandan ölkəmizə gələrkən yol boyu üzləşdikləri problemləri bir-bir nəql etdilər. Bu məsələnin ilk dəfə mətbuatda işıqlandırılğını nəzərə alaraq bizlər də, fərdlərin adlarını deyil, baş verən bu prosesin mahiyyətinə diqqət çəkmək qərarına gəldik. Beləliklə də sürücülərin adlarını çəkməmək şərti ilə baş verənləri oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldik. 1850 kilometr yol gəlirik, amma heç kimə 1 manat vermirik Xatırladaq ki, iranlı sürücülər Azərbaycana əsasən Çindən və digər ölkələrdən alınan malları çatdırırlar. Bu məqsədlə onlar İranın Bəndərabbas limanından yükləri götürərək Azərbaycanın müxtəlif rayonlarına, eləcə də paytaxt Bakıya gətirirlər. İranlı sürücülərin danışığından belə aydın olur ki, onlar Bəndərabbas dəniz limanından Astara keçid məntəqəsinə olan 1850 kilometr yolu 4-5 günə gəlirlər və bu zaman heç bir quruma bir manta belə ödəmirlər. Ancaq İran Astarasından Azərbaycan Astarasına keçmək istəyərkən müxtəlif problemlərlə qarşılaşırlar və bu zaman onlardan açıq formada pul tələb edilir. Azərbaycan gömürüyündə bizdən qanunsuz olaraq 135 manat alırlar... İranlı sürücü deyir ki, onların əsas problemi elə Azərbaycanın Astara gömürüyünə daxil olarkən başlayır: «İran gömürüyünə 1 qəpik vermədiyimiz halda, bu tərəfdə bizdən 250-300 manat pul alırlar. Pulumuz da Bakıya gəlib çatana qədər qurtarır. Məsələn, pasportu möhürləməyə təqdim edəndə bizdən buna görə, 12 manat pul alırlar, ancaq qəbz vermirlər. Ancaq pasportlara baxan, möhür vuran gömürükçülər deyil, hərbçilərdir.» Xatırladaq ki, sərhəd keçid məntəqələrində giriş-çıxışı Dövlət Sərhəd Xidməti nəzarət edir. İranlı sürücü daha sonra bildirir gömrükdə onların hər birindən 110 manat pul alırlar və bu zaman da onlardan pul aldıqlarına görə, hər hansı bir rəsmi sənəd vermirlər: «Əlbəttə ki, bu pulun gətirdiyimiz malla bir bağlılığı yoxdur. Çünki yükün pulunu biz deyil, onun sahibləri ödəyir. Biz ancaq malı istədikləri yerə çatdırırıq. Sürücülərə viza tələb olunmur. Odur ki, bu 110 manatı nəyə görə, bizdən aldıqlarını özümüz də bilmirik. Bundan savayı, gömürükdə hələ bizdən 4 manat park pulu (avtomabilin «durduğu» üçün alınan pul) alırlar. Ancaq biz avtomabilimizi hansısa avto-parkda deyil, yolun kənarında saxlayırıq». Astara polis hər maşından 10 manat alır İranlı sürücünün gömürükdə pul ödəyib qəbz aldıqdan sonra, malı ünvana çatdırmaq üçün Bakıya tərəf istiqamət götürürlər: «Ancaq gömürükdən aralandıqdan az sonra yolun kənarında olan polis avtomabillərimizi saxlayır və hər birimizdən on manat alır. Ancaq bu pulu yük maşınlarından alır. Bu ancaq Astarada, gömürüyün yanında baş verir». Telman postunda 40-150 manatlıq bazarlaşma Sürücünün sözlərindən o da məlum olur ki, yük avtomabili Astaradan Lənkərana tərəf 35 kilometr gəldikdə Telman deyilən postda onları saxlayırlar: «Burada bizdən 40-150 manat arasında pul istəyirlər. Yəni polis məmuru deyir ki, 150 manat verməlisiniz. Bizdə deyirik ki, bu qədər pulumuz yoxdur. Beləliklə də müəyyən qarşıdurmadan, bazarlaşmadan sonra anlaşma əldə edilir. Əgər Bakıya təzə gələn sürücülər burada 100-150 manat pul ödəyirlərsə, köhnə sürücülər 50 manatdan artıq pul vermirlər. Çünki bilirik ki, bu pul heç bir əsas olmadan alınır və dövlət xəzinəsinə getmir... Mən bu səfər Telman postunda 40 manat verdim, amma digər sürücü yoldaşımdan 150 manat alıblar. Ancaq burada da bizə qəbz vermirlər. Deyirlər ki, ağa bizə belə göstəriş veriblər. Pul verməkdən imtina etdikdə isə deyirlər ki, avtomabilinizi burada saxlayın. Beləliklə də pul verməyəndə işindən olursan. Bizdə nəzərə alırıq ki, 15 gün müddətində malı çatdırıb geri qayıtmalıyıq». Növbəti dayanacaq yeri Salyanda tərəzi postudur: SAXLAYIN! İranlı sürücülər deyirlər ki, Telman postundan keçdikdən sonra onları bir də təzə dörd yol deyilən ərazidə, tərəzi olan postda saxlayırlar. Onlar özlərini gömürükçü kimi təqdim edirlər. Bu zaman heç avtomabilimizi və onda olan yükü də tərəzi ilə çəkmirlər. Sürücünün özündən asılı olaraq 10-25 manat arasında pul alırlar. Başqa bir sürücü isə deyir ki, 10-25 manatı ancaq o sürücüdən alırlar ki, onun yükü sənəddə olduğu qədərdir: «Məsələn, əgər yüküm 21 ton olmalıdırsa və mən bundan artıq yük gətirirəmsə, burada 50 manat tələb edirlər. Mən də deyirəm ki, cənab məmur yükümün çox olması səbəbindən Astara gömürüyünə 50 dollar cərimə vermişəm və bu da onun sənədidir. Ancaq bu zaman deyirlər ki, bu cərimənin onlara dəxli yoxdur və yenidən cərimə ödəməlisiniz. Burada da verilən pula qəbz vermirlər. Əgər gömürük bir qurumdursa, qanun birdirsə bizdən niyə iki dəfə pul alırlar?» Qaradağ postunda da deyirlər ki, sənin yükün niyə «belədir» Sürücülərin Azərbaycan məmurları ilə növbəti bazarlığı Qaradağ postunda baş verir. Bu zaman müxtəlif bəhanələr gətirirlər və yenə də sürücüdən asılı olaraq 30, 40 və ya 50 manat pul alırlar. Deyirsən ki, niyə verməliyəm? Bu zaman bildirilir ki, avtomabilinizi saxlayın və şəhərə daxil olmayın. Bu zaman yenə də məcbur olub pul ödəməli olursan. Çünki əsassız olaraq burada qala bilərsən. Geri qayıdanda ağzımızı, əlimizi və hətta başımızı iyləyirlər Ərdəbildən olan «tır» sürücüsü deyir ki, onlar malı boşaldıb yenidən Bəndərabbasa qayıdan zaman da Qaradağdakı postda saxlanılırlar: «Bu zaman ağzımıza xüsusi aparat salırlar. Aparatın nə göstərib-göstərmədiyindən asılı olmayaraq deyirlər ki, niyə dünən içki qəbul etmisiniz? Və ya deyirlər ki, niyə avtomabilin bu gündədir, hansı səbəbdən əyri durur və s. Bu prosedura o qədər davam edir ki, sən onlara 20-30 manat ödəyirsən. Düzdür, geri qayıdanda hər dəfə saxlamırlar, ancaq bu cür hallar mövcuddur». Astara gömürüyünə qədər rahat irəliləyə bilərsən Qaradağ postunu keçdikdən sonra Astaraya qədər rahat irəliləmək mümkündür. Gömürükdə yenidən 45 manat ödəyib keçirsən İran tərəfə. Ancaq bizim özümüz də bilmirik ki, bu 45 manat nəyin qarşılığı olaraq alınır və ümumiyyətlə niyə buna görə, qəbz verilmir. Ərdəbilli sürücü deyir ki, əgər qayıdanda Astaradan keçmək istəsən, bu zaman 45 manat ödədikdən sonra, daha 12 manat ödəməlisən ki, pasportuna yenidən möhür vursunlar. Yox əgər, Biləsuvar keçid məntəqəsindən İrana keçirsənsə, bu zaman 45 manat gömürüyə ödədikdən sonra, 4 manat möhür pulu ödəyirsən. Eyni zamanda maşına baxış keçirənlərə 5-7 manat ödəməlisən. Əgər bunları ödəməsən səni o tərəfə buraxmayacaqlar. Bu isə o deməkdir ki, bu tərəfdə qaldığın hər bir gün üçün 20-30 manat əlavə xərcləyəcəksən. Bu isə heç kimə sərf eləmir. Bizdən qanunsuz olaraq bu pulları almasalar, onu Azərbaycanda xərcləyərik Başqa bir sürücü isə söhbətimizə müdaxilə edərək deyir ki, onların Bakıya gəlib qayıtması hər bir sürücüyə azı 300 manata başa gəlir. Hələ bəzən yolda başqa problemlər də ortaya çıxır. Biz yükü boşaldandan dərhal sonra geri qayıtmaq haqqında düşünürük. Çünki burada qalmağımıza əsas olmur. Baxmayaraq ki, yükü bura gətirib çatdırmağımız və ölkənizdən çıxmağımız üçün bizə 15 gün müddət verilir. Biz isə 1 həftəyə yükü buraya çatdırırıq. Bu o deməkdir ki, daha bir həftə sizin ölkənizdə qala və buraları gəzə bilərik. Ancaq iş orasındadır ki, yükü boşaltdıqdan sonra burada qalmağımız üçün gərək öz cibimizdən pul xərcləyək. Avtomabil yüklə dolu olduqda yemək və qalmaq pulunu malın sahibi ödəyir. Amma bizdən əlavə olaraq bu qədər pul almasalar Bakıda bazara gedərik, qohumlarımız üçün hədiyyələr alarıq və beləliklə kimlərinsə cibinə axan bu pulları müxtəlif yerlərdə xərcləyib sizlərə də, xeyir vermiş olarıq... Mən çox ölkələrə mal aparmışam, amma... Ərdəbildən olan başqa bir sürücü isə deyir ki, indiyə qədər bir sıra dövlətlərə yük aparıb, lakin heç vaxt bizdə olan problemlərlə qarşılaşmayıb: «Mən İraqa, Gürcüstana, Əfqanıstana, Türkiyəyə, Türkmənistana, Tacikıstana və hətta Ermənistana yüklər aparmışam. Lakin bu ölkələrin heç birində bu cür problemlərlə qarşılaşmamışam. Ancaq burada ciddi problemlərlə qarşılaşırıq». Tehrana yetişən kimi deyirəm ki, Bakıdakı kanalları tutun Başqa bir sürücü isə deyir ki, Azərbaycan onların da vətənidir: «Biz xalqımızdan və millətimizdən narazı deyilik, inşallah torpaqlarımızı da geri alacağıq. Ancaq vətəndə bizi bu cür incitmək doğru deyil, çünki bu istər-istəməz bizim də vətənimizdən incik düşməmizə səbəb olur. Bizim aramızda bəziləri var ki, başqa ölkələrə yük daşımağa üstünlük verirlər, Azərbaycana gəlmək istəmirlər. Buna səbəb onların incidilmələridir. Düz 5 ildir ki, Azərbayacana gəlib-gedirəm. Biz bir millətin nümayəndələriyik. Problemlərimiz də eynidir. Son 3 ildə Bakı dəyişib, gözəlləşib. Novruz bayramında çoxlu sayda insanlar bura gəlir, buradakılar isə o tayda olan qohumlarının ziyarətinə gedir. Tehrandakı evimdə yaşayanda uşaqlara deyirəm ki, Bakıdakı kanalları tutun, özümüzünkülərə baxaq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?