Əsabil Qasımovun şirkətində mənimsənilən pullarla bağlı məhkəmədə faktlar açıqlanır
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Hacızadə və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İttihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında, əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla, 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.
Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunur.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Rövşən Hacızadə, ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, bildirib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. Onun sözlərinə görə, mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər, Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından, vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı, saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.
Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Qərib Əmiraslanov bildirib ki, əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzub, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşıb. O, Rövşən Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Yusif Əfsərinin qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Yusif Əfsəridən pul almayıb.
Bundan başqa 2012-ci ilin fevral ayında 205000 manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. Rövşən Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.
Rövşən Hacızadənin vəkili Ceyhun Yusifov bildirib ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmayıb. Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədi daşıyıb və günahsız bir insanın təqsirləndirilməsi istiqamətinə yönəlib: “Artıq məhkəmə prosesi başlayıb. Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqını zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi. Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu bildirdi. Bununla yanaşı Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə “zərərçəkən”in Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi. İnanırıq ki, məhkəmə bu cinayət işi obyektiv araşdırılacaq və müdafiə etdiyim şəxsin təqsirsizliyi sübut olunaraq haqq-ədalət bərpa olunacaq”.
Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat vasitəsilə ölkə başçısına müraciət edib: “Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün, aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik.Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində, qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.
Güllü Hacıyevanın sözlərinə görə, Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı onların ailəsi olub: “Bu deputatın qanunsuz fəaliyyəti barədə mətbuatda dəfələrlə materiallar dərc edilsə də, onun bu hərəkətlərinə göz yumulduğu üçün daha da qəddarlaşıb. Növbəti qurban isə bizim ailə olub. Hansı ki, hər zaman Azərbaycanın bütövlüyü uğrunda çalışmışıq. Qardaşım Rövşən Qarabağ döyüşlərində vətənin müdafiəsi zamanı yaralanıb, əlilə çevrilib”.
Onun dediklərindən belə məlum olub ki, qardaşı Rövşən Hacızadə Əsabil Qasımovun göstərişi ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən həbs olunaraq, barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb. Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar azadlıqda sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə, istintaqa cəlb edərək həbsə atıblar”.
G.Hacıyevanın sözlərinə görə, Ə.Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər, əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən və xəstə olmasına baxmayaraq, ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qarovulçu işləyib. Bir müddət sonra, həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə, komendant vəzifəsində çalışmağa başlayıb. Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd olunmuş və bir çox qanunsuz sənədlərə imza etdirib də, MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür, məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa, belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki, bütün bunlar əvvəlcədən planlaşdırılıb ki, məsuliyyət qardaşımın üzərində qalsın”.
Güllü Hacıyeva deputatın sahib olduğu saysız-hesabsız şirkətlərin adını sadaladı. Onun bildirdiyinə görə, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə, “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra, onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam, Qərib həyata keçirsə də, faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib. Şikayətçinin bildirdiyinə görə, “Karat Holdinq”in tərkibinə aşağıdakı bir çox şirkətlər daxildir: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC
(dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi- 12, İmran Qasımov küçəsi -16, Qulu Quliyev küçəsi-21 və Süleyman Rüstəm küçəsi- 61 yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi- 53 yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s. Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa, saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyil və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olması müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxacağı aşkarlanar”
Güllü Hacıyevanın dediklərindən belə məlum olub ki, qardaşı R.Hacızadə ona qarşı oynanılan bu oyundan xəbər tutduqdan sonra, dərhal deputat Ə.Qasımovun yanına gedərək baş verənləri hüquq-mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini deyib: “Bunu deyib çıxan kimi Əsabil Qasımovun oğlu Taleh qardaşıma zor göstərərək ona hədə-qorxu gəlib. Qardaşımın hüquq-mühafizə orqanlarına şikayət etməkdə israrlı olduğunu görəndə isə, özləri onu qabaqlayıblar. Cinayət əməllərini ört-basdır etmək üçün onlara bu işdə birbaşa köməklik etmiş Məhərrəm və Emin adlı saxta şahidləri də öyrədərək, qardaşımın əleyhinə ifadə verdiriblər. Şikayətdən sonra qardaşım dərhal həbs olunub. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi. Bütün bunlardan sonra, mən özüm onun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə də müraciətimizin əbəs olduğunu dedi. O, açıq-aydın şəkildə “qardaşını içəridə çürüdəcəyəm, sizi də bu mənzərəyə tamaşa etdirəcəyəm” deyərək, məni hədələdi”.
Bu cinayət işi üzrə məhkəmə iclası fevralın 24-də davam etdiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?