Kəbirə Məmmədova, Yusif Qədimov və Nizami Quliyevin ticarət mərkəzləri iflas etməkdədir, ticarətçilər “qan ağlayır”
Yusif Qədimovun rəhbəri olduğu “Sədərək” yarmarkası çökür. Ticarət mərkəzində son bir neçə ayda iflas müşahidə olunur. Bazar rəhbərliyi və ticarətçilər külli-miqdarda ziyanla fəaliyyətdədir.
Tacirlər vəziyyətdən çıxış üçün nə edəcəyini bilmirlər. Rusiyadan gətirilən malların alıcılıq qabiliyyəti aşağı düşüb deyə yarmarka böhrana girib. Oxşar situasiya yaxınlıqdakı “Binə” ticarət mərkəzində də yaşanır.
Kəbirə Məmmədova ticarətçilərə bu ağır şəraitin qarşılığında heç bir güzəşt etməyib. Habelə Lökbatanda “Karvansaray” bazarında analoji vəziyyət hökm sürür. Yarmarka rəhbəri Nizami Quliyev onsuz da istifadəyə verildiyi gündən bazarı ələ ala bilmədiyi üçün ziyanla işləyirdisə, böhran “Karvansaray”ı tamamilə diz üstə qoyub.
“Gündəm-xəbər”ə verilən məlumata görə, son bir neçə ayda şəhərin mərkəzi yerlərindəki ticarət obyektlərində, satış mərkəzlərində də alıcılıq qabiliyyəti aşağıdır. Sahibkarlar müştəri qıtlığından “qan ağlayır”.
Satıcılar alıcı qıtlığından gileylənirlər. Alıcılıq qabiliyyəti 70 faiz azalıb. Bu proses 3 ildən bəri başlayıb və get-gedə də artan templə davam edir. İndi lap pik həddə çatıb. Rublun dollara nisbətən məzənnəsinin düşməsi tacirlərə xeyli zərər vurub. Onların sözlərinə görə, Dağıstandan müştəriləri daha çox olurdu, indi onlar Moskvaya yönəliblər.
Ticarətçilərdən birinin dediklərinə nəzər yetirək: “Bizdə 1800 dollarlıq şubanı oradan 700-800 dollara alırlar. Azərbaycan əhalisi isə artıq dönüb bu mallara baxmır. Alan alıb, almayan da bizim kimi ucuz palto geyinir.
Pullu adamlar isə heç "Sədərək"i tanımırlar, gedib birbaşa İtaliya, Yunanıstandan alırlar, ya da oradan sifariş edirlər. Bəziləri də şəhərin mərkəzində özünü elit sayan dükanlara üz tutur.
Halbuki, buradakı geyimlərlə yalnız qiymət fərqi var, orada ikiqat bahadır. Hər yerdə böhrandır. Camaat maaş ala bilmir, biri deyir olimpiadadır, o biri deyir Rusiya faktorudur, bizdə manatı zor gücünə saxlayırlar. Son ay yarım, iki ayda biz daha çox alıcı qıtlığı hiss etmişik”.
O da deyilir ki, “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova əldə olunan milyonlardan büdcəyə vergi keçirmir. Qeyri-rəsmi ödənişlər, qanunsuz pul yığımları və yer haqlarının tez-tez qaldırılması sahibkarları boğaza yığıb.
Bazarda fəaliyyət göstərən 2000-dən çox dükanın heç birində kassa aparatı yoxdur. Bu isə birbaşa vergi cinayətinə zəmin yaradan amildir. İstehlakçıların hüquqları kobud şəkildə pozulur. Qanuna əsasən satıcılar satdıqları mala görə alıcıya məbləğin göstərildiyi qəbz verməlidir, amma vermirlər.
“Binə”də vergi məsələləri ilə bağlı dəhşətli qanun pozuntuları mövcuddur. Kəbirə Məmmədova "Binə"yə daxil olan maşınlardan, işıq, kondisioner, polis pulu və yer haqqından hər ay milyonlarla manat vəsait əldə edir.
Lakin bu vəsaitlərin böyük hissəsi dövlət büdcəsinə keçirilmir. Ticarət mərkəzinin sahibi böyük məbləğdə vəsaiti vergidən yayındırır və beləcə qanunları ayaqlar altına atır. Qeyd edək ki, bunların hər biri araşdırılması vacib olan faktlardır. Yazı ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?