Yüksək ranqlı vəzifəliyə məxsus “Diqlas” və “Lotos” ticarət mərkəzləri batır; yaranmış durğunluq onlara da çatıb; satıcılar “qan ağlayır”
Bakı bazarlarında yaranmış durğunluq “Diqlas” və “Lotos”a da çatıb. 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən hər iki ticarət mərkəzində alıcılıq qabiliyyəti aşağı düşüb.
“Gündəm-xəbər”in müxbiri yarmarkalarda ticarətçilərin müştəri qıtlığından əziyyət çəkdiklərini xəbər verir. Sahibkarların sözlərinə görə, hazırda bütün ticarət mərkəzləri eyni böhranı yaşayır.
“Sədərək” və “Binə” ticarət mərkəzlərində olan durğunluq eynilə adıçəkilən yarmarkalarda da hökm sürür. Bazarlardakı durğunluq Rusiya iqtisadiyyatındakı böhranla əlaqələndirilir. Vəziyyətin pisləşməsi endirim kampaniyaları başlatmağa səbəb olub.
Qeyd edək ki, 2014-cü ilin əvvələrində Bakı Metropolitenində Tağı Əhmədov erası bitəndə yüzlərlə xırda ticarətçi işsiz qaldı. Onları islahat adı ilə metro keçidlərindən qovdular.
Belə bir vaxtda məmurların Bakının 8-ci kilometr qəsəbəsindəki “Diqlas” və “Lotos” ticarət mərkəzləri xirda ticarətçilərin yeni iş yerinə çevrildi. Ticarət mərkəzlərinin zirzəmsində yerləşən qarajların təyinatı çevik şəkildə dəyişdirildi, orada piştaxtalar quraşdırıldı.
Beləcə yüzlərlə sahibkar işə başlayıb özlərinə çörək, məmurların büdcəsinə əlavə gəlir qazanmağa başladılar. 2014-cü ilin əvvəlini metro keçidlərindən məmurların zirzəmisinə köçməklə
yadda saxlamalı olan xırda ticarətçilər 2015-ci ilə xoş olmayan günləri yaşamaqla daxil olublar.
Bəlli səbəblərdən yaşanan krizis qonşu ölkələrdən, yəni Dağıstan, Çeçenistandan Azərbaycana alış-veriş üçün gələnlərin də sayının kəskin azalmasına səbəb olub. "Binə" və “Sədərək” bazarlarından da Rusiya Federasiyasının tərkibinə daxil olan Şimali Qafqaz respublikalarına mal göndərilir. Bu bölgədən gələnlər yerli ticarətçilər üçün yağlı müştərilər sayılırdı. Hətta “Binə” və “Sədərək”də ancaq Dağıstana mal satmaqla məşğul olan şəxslər var.
Son vaxtlar rublun dəyərdən düşməsi şimali qafqazlıların Azərbaycandan ayaqlarının kəsilməsinə səbəb olub. Burada satıcılar artıq bir müştəri görəndə sevinirlər. Eyni situasiya “Lotos” və “Diqlas”a da təsir edib.
Hazırda ticarətçilər mövsüm dəyişikliyi olacağı üçün qış paltarlarını dəyər-dəyməzə satırlar. Bir vaxtlar bu ticarət mərkəzlərində alıcılar o qədər çox olurdu ki, sıralarda gəzmək belə çətin idi. Ancaq indi həmin məkanlarda, necə deyərlər, “lələ köçüb, yurdu qalıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?