Deputatın “Avromed” firmasının əczaxanaları dərmansız qoymasının sirri açıldı; depodan bahalaşma məqsədi ilə mallar paylanmır, əczaçılıq inhisara alınıb
Manatın məzənnəsində edilən dəyişiklikdən kəmfürsət olanlar var. Kimisi ticarət mərkəzlərində, kimi restoranlarda, kimi supermarket şəbəkələrində süni qiymət artımına cəhd edib. Aidiyyatı qurumlar bu sui-istifadə hallarına qarşı səfərbər olunub.
Ancaq deputat Cavanşir Feyziyevin şirkəti hələ də aptekləri dərmanla təmin etmir. Millət vəkilinin “Avromed” firması manatın devalvasiyasına görə əczaxanalara tibbi ləvazimatları paylamır. Bu problemlə bağlı hər hansı irəliləyiş qeydə alınmayıb. Apteklərə hələ də firmalardan yeni dərman verilməyib.
Buna səbəb “Avromed”in məzənnə dəyişikliyindən sonra tarifləri yeniləmək məqsədidir. C.Feyziyevin şirkəti respublikanın əksər apteklərini dərmanla təmin edir. Bu əlverişli imkandan sui-istifadə edən firma qiymət artımı etməkdə maraqlıdır.
Paytaxtın apteklərinin əksəriyyətində yeni mal olmadığı bildirilir. Depodan mal gəlmədiyini deyən əczaçılar problemin “Avromed” və habelə “Riyad-farm” şirkətlərindən qaynaqlandığını qeyd edirlər.
Sözügedən şirkət hazırda dünyanın aparıcı əczaçılıq şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana idxal olunması və bütün ölkə ərazisində müxtəlif kateqoriyalardan olan alıcılara çatdırılması ilə məşğul olur. Əldə etdiyimiz bilgilərə görə, "Avromed"in müştəriləri sırasına 15-ə yaxın
dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir.
Məlumatda həmçinin, o da qeyd olunur ki, paytaxtda yerləşən Mərkəzi Kliniki Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Leyla Şıxlinskayanın Klinikası, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumlarının nəzdində olan müalicə müəssisələri də "Avromed" şirkətinin müştəriləridir.
“Avromed” şirkətini 2010-cu ildə Şəkidən deputat seçilmiş Cavanşir Feyziyev idarə edir. Hazırda “Avromed” bütün dərman bazarını nəzarətinə alıb. Hazırda ölkədə çox qəribə bir qayda hökm sürür. Aptek açmaq istəyən şəxs lisenziya üçün Səhiyyə Nazirliyinə müraciət etdikdə, onun qarşısına əndrabadi şərt qoyulur; deyirlər ki, get “Avromed” şirkətindən razılıq məktubu al gətir.
Razılıq məktubu isə ondan ibarətdir ki, sən aptekində satacağın dərmanları yalnız “Avromed”dən götürəcəyin barədə öhdəlik götürürsən. Bu məsələnin bir tərəfidir. Yəni sən lisenziya alıb aptek açacağın halda bu qaydaya riayət etməlisən.
Qaynaq qeyd edir ki, “Avromed” ölkəyə xaricdən dərman gətirən və illərdir bu sahədə püxtələşən topdansatış mərkəzlərini də sıradan çıxarıb. Onların çoxunu qorxudub bazardan çıxarıblar. Qalan bir neçəsini isə gətirdikləri malları
yalnız onlara təhvil verməyi tapşırıblar. Əks halda onlara işləməyə imkan verilmir.
Nəzərə çatdıraq ki, aptek lisenziyalarının verilməsində problemlər yaradılması ilə bağlı ölkə rəhbərliyinə müxtəlif müraciətlər də edilib. Hələ 2010-cu ildə bu məsələ qalxmışdı. Həmin vaxt nazir O.Şirəliyev bir növ sahibkarların könlünü almaq üçün belə bir açıqlama vermişdi:
“Hazırda lisenziyanın qiyməti 5500 manatdır və bu, aptek sahibləri üçün çətinliklər yaradır. Hazırda təkliflər hazırlanır. Həmin təkliflər çərçivəsində apteklərin yerindən və gözlənilən gəlirlərindən asılı olaraq, fərqlənmə dərəcəsi vasitəsilə aptek fəaliyyəti üzrə dövlət rüsumlarının həcminin azaldılması mümkündür”. O.Şirəliyev demişdi ki, yaxın vaxtlarda təkliflər hökumətinə təqdim olunacaq. Lakin bu məsələ haqqında sonradan danışılmadı, əksinə, qeyri-rəsmi bahalaşma davam etdi.
Sorğu
Yeni dizaynımız necədir?