Astarada 81 yaşlı kişi lal-kar oğlunun qətlində ittiham edilərək cəzalandırılıb
Şirvan Apellyasiya Məhkəməsində doğma oğlunu öldürməkdə təqsirli bilinən Astara rayon sakini, 1934-cü il təvəllüdlü Qurban Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 81 yaşlı kişi öz doğma oğlu Rüfət Nəsirovu qətlə yetirib. Dəhşətli hadisə Astara rayonunun Ərçivan kəndində törədilib. Qurban Nəsirovun lal və kar olan oğlu Rüfət Nəsirov həmişə evə sərxoş gəlib və bu səbəbdən də ata və oğul arasında daim mübahisə olub. Rüfət natəmiz və tüfeyli həyat tərzi keçirərək ailə üzvlərinə narahatçılıq yaradıb.
Onun bu hərəkətlərinə 81 yaşlı atası iradını bildirib. Sərxoş oğul isə yaşlı atasının iradlarına həmişə kobud cavab verib. Sonuncu dəfə də evə sərxoş gələn Rüfət yenə də dava salıb. Onun hərəkətləri 81 yaşlı kişini özündən çıxarıb.
Bu zaman ata əvvəlcə sərxoş oğlunu daşla vurub. Sərxoş olan Rüfət atasına müqavimət belə göstərməyə gücü çatmayıb və atasının zərbələrindən yerə yıxılıb. Yaşlı kişi yerdə köməksiz vəziyyətdə olan oğlunu döyə-döyə öldürüb.
Qurban Nəsirov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qurban Nəsirov və onun vəkili apelyasiya şikayəti veriblər. Onlar apelyasiya şikayətində birinci məhkəmə instansiyasının hökmünün ləğv edilməsini və oğlunu
öldürməkdə təqsirləndirilən atanın barəsində bəraət hökmünün çıxarılması tələb olunub.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Qurban Nəsirov bildirib ki, 12 övladı olub: “Həyat yoldaşımı erkən itirmişəm və uşaqlarımı təkbaşına böyütmüşəm. Digər övladlarımdan fərqli olaraq Rüfət ailə həyatı qurmayıb, onunla bir evdə yaşamışam. Rüfət narkotikə və içkiyə meyilli olub, tüfeyli həyat tərzi keçirib”.
Qurban Nəsirovun sözlərinə görə, öldürdüyü oğlu natəmiz olub: “Rüfət aylarla paltarını dəyişməyib və yuyunmayıb. Oğlum gündüzlər rayonun ərazisində fəhləliklə məşğul olub. O, pul qazanaraq həmin pullara da spirtli içkilər alıb içərək sərxoşluq edib. 2012-ci ilin dekabr ayının 16-dan 17-nə keçən gecə qızım Zeynəb və gəlinim Pərvanə həyətə çıxarkən Rüfəti yerə uzanmış vəziyyətdə görüblər. Onlar oğlunun pilləkənin qarşısında yerdə uzandığını mənə dedilər. Bu vaxt Rüfətin ünvanına deyinərək qızım və gəlinimə yatmalarını söylədim. Həmin vaxt özüm də yatdım. Səhər saat 8 radələrində yuxudan durarkən Rüfətin yenə də pilləkənin qarşısında yerdə üzü üstə uzanıqlı vəziyyətdə olduğunu gördüm. Ona yaxınlaşdım və çevirəndə onun öldüyünü başa düşdüm. Buna görə də uşaqlarıma, qohum-qonşuya xəbər verdim”.
Təqsirləndirilən şəxs bildirib ki, ora gələnlərə Rüfəti səhər vaxtı evinin pilləkəninin qarşısında ölmüş vəziyyətdə aşkar etdiyini, onun ya alkoqollu içki və ya narkotik vasitə qəbul edərək öldüyünü deyib: “Oğlumun ölməsi ilə əlaqədar kənd icra nümayəndəsindən ölüm kağızı istəmişəm. O, isə bu barədə polisə məlumat verməli olduğunu bildirib. Bundan sonra məni polis şöbəsinə çağırıblar. Hadisə barəsində müstəntiqə də ətraflı
məlumat vermişəm. Oğlumun mənim tərəfimdən deyil, digər şəxs və ya şəxslər tərəfindən öldürüldüyünü bildirmişəm. 17 dekabr 2012-ci ildə oğlu Rüfətin gecədən xeyli keçmiş evə sərxoş halda gəlməsinə baxmayaraq onu vurmamışam, onu döyərək xəsarət yetirməmişəm. Müstəntiq məni sorğu-sual edib və mənə təzyiq göstərib. Yaxamdan tutaraq hədələyib və törətmədiyim cinayəti boynuma almağa məcbur edib. Müstəntiqin təzyiqi altında törətmədiyim cinayəti boynuma almışam”.
Qurban Nəsirovun vəkili Novruz Hacızadə bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökümü ləğv edilməklə, məhkum edilmiş Qurban Nəsirovun əməli Cinayət Məcəlləsinin 120.2.9-ci maddəsi ilə sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılmalıdır: “Qurban Nəsirov oğlu mərhum Rüfət Nəsirovu döyərək öldürməsi məlumatını Astara rayon prokurorunun müstəntiqi Zaur Qasımov tərəfindən verilmiş olsa da, təhqiqat onun tərəfindən deyil, tədqiqat orqanı Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparmalı idi. Bundan başqa rayon prokurorunun müstəntiqi Zaur Qasımov məhkum edilmiş Qurban Nəsirovun izahatını alarkən onun prosessual hüquqlarının pozub. Qurban Nəsirov qoca olması ilə yanaşı şübhələrdı üzərində olub. Ona müdafiəçi tutmaq hüququ izah edilməyib və izahatı müdafiəçi olmadan alınıb. 29 dekabr 2012-ci il tarixdə saat 11.25-dən 12.00-a qədər Astara rayon prokurorunun müstəntiqi Zaur Qasımov tərəfindən şübhəli şəxs qismində dindirilib. Dindirilmə zamanı Qurban Nəsirov izahatında 17 dekabr gecə saat 4 radələrində səy-küy eşidib, həyətə düşüb və oğlu Rüfətin ağzı üstə yerə uzandığını görüb, onu qaldırmaq istəyib, lakın içkili olduğunu hiss etməyib və ona qəzəbi tutduğundan cinsiyyət orqanından təpiklə vuraraq
öldürdüyünü bildirib. Bu izahat heç bir həqiqətə uyğun deyil. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, Rüfət Nəsirov baş nahiyəsindən aldığı yaralardan deyil, xaya nahiyəsindən aldığı xəsarət nəticəsində qanaxma nəticəsində ölüb. Qurban Nəsirov isə həm videoçəkiliş zamanı, həm də digər izahat və ifadələrində Rüfət Nəsirova xayasından zərbə vurmasını deməyib”.
Vəkilin sözlərinə görə, birinci məhkəmə istintaqı zamanı Qurban Nəsirov oğlu Rüfət Nəsirovu öldürməsinə dair onun şəxsi etiraf ifadələrindən başqa hər hansı bir sübut müəyyən olunmayıb: “Bütün dindirilmiş şahidlər isə Rüfət Nəsirovun meyitinin qəbrdən çıxarılmasından sonra və Qurban Nəsirovun həbs edilməsindən sonra Rüfəti atası Qurban tərəfindən öldürüldüyünü eşitdiklərini bildiriblər. Bu ifadələrin mənbəyi bilinmədiyi üçün sübut hesab edilə bilməz. Qurban Nəsirov təqsirləndirilən şəxs qismində əlavə izahat verdikdə isə ilkin verdiyi ifadələrdən imtina edib. O, imtinasını onunla əsaslandırıb ki, ilkin izahat verərkən müstəntiq ona kömək edəcəyini vəd edərək aldadıb. Bu da Cinayət Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsində göstərilən hərəkətlərin tətbiqi ilə alınmış məlumatlar sübut kimi hesab edilə bilməz. Bundan başqa müstəntiq tərəfindən Qurban Nəsirovun yaxın qohumlarına Cinayət Prosessual Məcəlləsinin 20.2-ci maddəsində nəzərdə tutan hüquqları izah edilməyib, ilkin istintaq zamanı Qurban Nəsirov barəsində ifadələri alınıb. Məhkəmə istintaqı zamanı isə onun yaxın qohumlarına hüquqları izah olunub. Onlar Qurban Nəsirov barəsində ifadə verməkdən imtina ediblər. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində ilkin istintaq zamanı yaxın qohumları tərəfindən verilmiş ifadələri elan edib və sübut kimi qəbul edib”.
Vəkil daha sonra əlavə edib ki, 12 aprel 2013-cü il tarixdə Qurban Nəsirova yenidən ittiham elan edilərək onun əməli Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinə tövsüf edilib: “Belə ki, Qurban Nəsirova bu ittihamın elan olunmasına əsas Rüfət Nəsrovun spirtli içki qəbul etməsi, yəni aşkar surətdə köməksiz vəziyyətdə olması göstərilib. Şahid qismində dindirilmiş tibbi ekspert Şərif Məmmədov bildirib ki, Rüfət orta səviyyədə sərxoş olub. Budan da belə nəticəyə gəlmək olar ki, Rüfətin həmin vaxt huşu yerində olub və yaşlı atasına müqavimət göstərmək iqtidarında olub. Lakin məhkəmə hökmündə Rüfətin kəmağıllı olmasını əsas götürərək onu xəstə hesab edib və onun köməksiz vəziyyətdə olması nəticəsinə gəlib”.
Novruz Hacızadə bildirib ki, müdafiə etdiyi şəxsin əməli istintaq sənədləri ilə sübuta yetirilmir. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. İş üzrə zərərçəkmiş mərhumun oğlu və təqsirləndirilən şəxsin qardaşı Arif Nəsirov ifadə verib. O, bildirib ki, törədilmiş cinayət hadisəsinə atasının heç bir adiyyatı olmayıb. Atasının ağır xəstəliklərdən əziyyət çəkdiyini deyən Arif Nəsirov bildirib ki, yaşlı atasının verilən cəza ölümünə səbəb olacaq. O, atası tərəfindən verilən şikayətin təmin edilməsini xahiş edib.
Prokuror Səyavuş Sadıqov müdafiə tərəfinin verdiyi apelyasiya şikayətinin əsassız olduğunu qeyd edib. O, bildirib ki, Qurban Nəsirovun əməli Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə düzgün tövsif olunub: “Ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilərkən şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsiri kifayət qədər nəzərə alınıb. Birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasları yoxdur”.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Qurban Nəsirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?