Hafiz Məmmədovun “London taksi” xidməti də əlindən çıxdı; daha əvvəl isə “Bakı” klubunu borca salıb; müdhiş detallar “Gündəm xəbər”də...
İş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədov taksi biznesindən məhrum olunub. Hafkanın “London taksi” xidməti əlindən alınıb. İş adamının biznes imperiyasının mərhələli şəkildə çökdürülməsinin bir tərkib hissəsi də məhz “London” taksiləri idi.
Bu barədə “Gündəm xəbər”ə verilən məlumata görə, artıq “Hafka” badımcan taksilərə nəzarət etmir. Son aylar böhran içində olan Hafkanın biznes imkanları getdikcə kasıblayır. Bunun nəticəsidir ki, artıq London taksi ondan alınıb.
Və bu, könüllü baş verib. Hamıya çoxdan bəllidir ki, istedadlı işbaz olan “Hafka” Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə əl-ələ verərək yaxşı şəbəkələşmiş güclü korrupsiya mexanizmi yarada bilib. Taksi və avtobus idxalı ondan ötrü sonuncu ən gəlirli əməliyyatlardan biri idi. Görünən budur ki, “Hafka” üçün işlər yaxşı getmir. Onun maliyyə vəziyyətinin ağır olduğunu təsdiqləyən digər bir fakt “Bakı” klubunun borc içində batmasıdır. Komanda oyunçuların maaşını verə bilmir. Faktiki AFFA futbolçuların əmək haqlarını ödəmək öhdəliyi götürüb. Bununla “Hafka”ya dəstək olacağı ehtimal olunur. Amma getdikcə H.Məmmədovun işləri pisləşir.
Bakıda keçirilən “Avroviziya” musiqi yarışması ərəfəsində paytaxta gətirilən “London taksisi” xidməti artıq uzun müddətdir böhran dövrünü yaşayır. Bu xidmət rəsmən çökmək üzrədir. Sürücülərə verilən vədlər yerinə yetirilmədiyi üçün onlar işləməkdən imtina edirlər.
“Bakı Taksi” MMC-dəki mötəbər qaynaqdan gələn xəbərə görə, “bənövşəyi” taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib.
Buna görə də “London taksiləri”ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər. Şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb. Elanda bu sözlər qeyd olunub: “London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur”.
Mənbə isə bildirir ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir. Ona görə də sürücü axtarışına çıxıblar. Ölkədə taksi sürücüsündən çox peşə sahibi tapmaq olmaz. Belə halda şirkət niyə də sürücü elanı versin ki? Deməli, “badımcan taksilər” iflasa uğrayıb və bu maşınlara müraciət edən müştərilərin sayı kəskin azalıb.
Qeyd edək ki, bir müddət əvvəl gündəlik planın artmasına etiraz edən bir qrup taksi sürücüsü Nəqliyyat Nazirliyinin qarşısında toplaşıb şikayət etmişdi. Onlardan bir neçəsi işdən çıxarıldı, bəziləri isə işləməkdən imtina etdi.
Hər sürücüyə 250 manat əməkhaqqı verən “Bakı-Taksi” MMC şirkəti isə bu iddiaları rədd edərək bildirir ki, “London taksiləri”nə tələbat artır, sərnişinlər də razıdır, sürücülər də. Avtobuslarda vurulan elanlar isə belə demir.
2015-ci ildə keçiriləcək Bakı I Avropa Olimpiya Oyunlarına qədər Bakıya 2 minə yaxın “London taksisi”nin gətirilməsi planlaşdırılıb. Üstəlik, artıq bu il marşrut xəttinə yüzlərlə yeni avtobus buraxılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?