İsmayıllı olaylarının arxasında duran nazirin adı şampun alverindən tutmuş, avtomobil biznesinə qədər hallandırılır; vəzifəlilər Dubayda mülkləri onun vasitəçiliyi ilə alır
“Wikileaks” saytında açıqlanan məxfi sənədlərdən sonra Azərbaycan məmurlarının sərvətləri, var-dövlətləri haqqında informasiyalar artır. İri çaplı oliqarxlar - fövqəladə hallar naziri Kamaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədovla yanaşı digər məmurların da kapitalları haqda xəbərlər genişlənir. Ötən saylarımızın birində Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun biznes imperiyası haqda məlumat vermişdik. İndi isə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun mülkiyyəti və sahib olduğu şirkətlərdən bəhs edəcəyik.
Böyük biznes şəbəkəsinin başlanğıcı
Xatırladaq ki, Füzuli Ələkbərovun rəhbərliyi ilə “İmprotex” şirkəti 1991-ci ildə yaranıb. Hazırda bu holdinq daha çox “İmprotex Group” kimi tanınır. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet respublikalarında yalnız ölkə daxilinə turizm turları təşkil edib. Maraqlıdır ki, bu fəaliyyət az müddət davam edib, sonradan şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçdi. Hazırda “İmprotex Group” ölkəmizdə ciddi holdinqlərdən biridir. Azərbaycanda ilk özəl avia şirkətin - “İmair”in yaradılması da məhz “İmprotex”in adıyla bağlıdır. Hazırda “İmprotex” Şirkətlər Qrupu Azərbaycanın özəl sektorunda aparıcı mövqeyə sahibdir. Şirkət dünyanın ən məşhur şirkətləri ilə əməkdaşlıq edir, bir sıra xarici dövlətlərdə nümayəndəliyini yaradır, tanınmış brendlərin Azərbaycan bazarına gətirilməsinə nail olub.
Füzuli Ələkbərov şirkətini Dubaydan idarə edirmiş
“İmprotex” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Füzuli Ələkbərov olub. Bir müddətdən sonra onunla işləyən təcrübəli kadrlar şirkəti tərk edib. Səbəb bacarıqlı mütəxəssislərin onunla yola getməməsi olub. Həm də o dövrlərdə Ələkbərov şirkətini Dubaydan idarə edirmiş. Ələkbərovun hakimiyyətlə müxtəlif dövrlərdə problemi olub. Ancaq sonradan hökumətə “xod tapan” Ələkbərov İlham Əliyev tərəfindən nazir təyin edilib.
Nazir olduqdan sonra şirkətinin başına həyat yoldaşı keçib
Nazir təyin olunduqdan sonra “İmprotex” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri postuna F.Ələkbərovun həyat yoldaşı İradə Ələkbərova gətirilib. Eyni zamanda şirkətdə nazirin çoxlu sayda qohumları işləyirlər. Elşən Ələkbərov, Vüqar Ələkbərov, Həsən Ələkbərov, Elxan Ələkbərov “İmprotex” Şirkətlər Qrupunda önəmli postlar tuturlar. Bu gün şirkətin çoxlu sayda müəssisələri fəaliyyət göstərir.
Ələkbərovun “İmproteks Motors” mərkəzi
“İmproteks Motors” şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Ofisləri və filialları Çində, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə olan “İmprotex” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir.
“İmprotex Treydinq” və ya Ələkbərovun “İmproşop”ları...
“İmproteks Treydinq” müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğuldur. Şirkət 1994-cü ildə yaradılıb. İdxal olunan mallar Bakı şəhəri ərazisində şirkətə məxsus olan “İmproşop” mağazalar şəbəkəsində realizə edilir. “İmprotex Treydinq” öz alıcılarına yüksək xidmət göstərir. “İmprotex Treydinq” şəbəkəsi İtaliya və Amerika brendlərinin xüsusi sifarişi ilə “Luisa Spagnoli” və “Soiree” qadın geyimləri təqdim edir. İtaliyadan ev və mebel aksessuarları istehsalı ilə məşğul olan -VG New trend, EDG, Villari, Le Bouquet, Pernici markaları, o cümlədən Fransa istehsalı olan mətbəx ləvazimatları “Luminarc”, Çin istehsalı “Noritake”, alman istehsalı “Seltmann” markalı malları alıcılara təqdim edir. Burada qiymətlər həddən artıq bahadır. Və sözsüz ki, belə bir mənzərənin yaranmasında inhisarçılıq da öz sözünü deyir.
Çay satışından “REXONA” satışına qədər
Daha bir şirkət - “İmprotex Distribution Center” isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Brook Bond çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin adı daxil idi. Hazırda Unilever, Vestel, Scarlet, Philips kimi şirkətlərlə əməkdaşlıq mövcuddur. Şirkət əsasən Kosmetika - “Rexona”, “Dove”, “Axe” dezodorantları; “Lux”, “Dove” maye və quru sabunları, saça baxım vasitələri - “Sunsilk”, “Dove”, “Timotei” şampun və kremləri, məişət kimyası - “Domestos”, “OMO”, ağız boşluğuna baxım vasitələri - “Pepsodent”, “Signal” diş məsunları və diş fırçalarının satışı ilə məşğul olur.
Nazirin yelkənli qayıq satan mağazaları da var
“İmprotex Marine & Sporta Facilities” şirkəti 2005-ci ilin avqust ayında yaradılıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribyutoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir. Şirkəti o cümlədən müxtəlif yelkənli qayıqlar, asma mühərriklər, hidrosikletlər, motosikletlər, qar motosikletləri, generatorlar və digər malların satışı və texniki xidmətiylə məşğuldur.
Nazirin maşın biznesindəki payı
2004-cü ildən “İmprotex” Şirkətlər Qrupunun Azərbaycanda yeni layihəsi olan MAN yük avtomobilləri üzrə işçi qrupu fəaliyyəti başlayıb. Bu işçi qrupunun fəaliyyətinin ilk addımı olaraq Azərbaycana yeni MAN TGA yük avtomobilləri gətirilib. “İmprotex” Şirkətlər Qrupu müştərilərin ehtiyaclarına və texniki tələblərinə əsaslanaraq MAN yük avtomobilləri üçün cari təmir mərkəzi də açıb. Bundan başqa, planda MAN yük avtomobilləri və avtobusları üçün satış və texniki xidmət mərkəzinin yaradılması var. Avropanın ən müasir standartlarına cavab verən Euro 3, Euro 4 mühərrikli MAN avtomobillərini ancaq nazirin şirkəti satır. Şirkətin rəsmi saytında MAN avtomobilləri ilə bağlı geniş məlumat, onların üstünlüyü haqda informasiyalar var. Belə görünür ki, yükdaşımada bir nömrəli maşın hesab olunan bu texnikanı almaq istəyən vətəndaş yalnız bu quruma müraciət etməlidir. Çünki avtomobili ikinci bir mağazadan almaq mümkün deyil. Bunun inhisarçılıq və ya bacarıqlı biznes fəaliyyəti olmasını isə oxucu müəyyən etməlidir. “İmprotex” Şirkətlər Qrupunun rəsmi saytında şirkətlər və fəaliyyət istiqamətləri bununla bitir. Ancaq aydın məsələdir ki, bütün bunlar yalnız leqal olan biznes strukturlarıdır. Ancaq bundan kənarda da nələrinsə olması ehtimalı var. Misal kimi Qaradağ rayonu ərazisində, dənizin sahilində inşa edilmiş mülkü göstərmək olar. Deyilənə görə, sözügedən mülkdən birbaşa dənizə çıxış var.
Dubay üzrə iqtidar məsləhətçisi...
Belə bir imperatorluğu olan nazir həm də bu iqtidarda ərəb ölkələri üzrə biznes-konsultant hesab olunur. Dubayda şirkət azan, BƏƏ ilə ciddi biznes əlaqələri quran ilk azərbaycanlı kimi o, vəzifəli məmurların yatırımlarının yönünə məsləhət verir. Onun təşkilatçılığı və vasitəçiliyi ilə əksər iqtidar mənsubları Dubayda tərpənməz əmlak alıb, bu sahəyə 100 milyonlarla yatırım qoyublar. Lakin bütün işgüzar keyfiyyətlərinə və diribaşlığına baxmayaraq, nazir-oliqarx siyasi hakimiyyətin gözündən düşüb. İndi onun ən çətin dövrü başlayıb. Belə görünür və bu barədə də qəzetlərə məlumat sızdırılır ki, Füzuli Ələkbərov yaxın zamanlarda vurulacaq. Azər Talıbov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?