İcra başçısı Taleh Qaraşovdan ölkə rəhbərliyinə şikayət olundu
Bölgələrdə məmur özbaşınalıqları, vəzifə səlahiyyətlərindən sui-istifadə halları hər zaman əsas müzakirə obyekti olub. Təəssüf ki, dəfələrlə sərt xəbərdarlıqlar olunmasına baxmayaraq, hələ də özlərini toxunulmaz hesab edən, qanunlara məhəl qoymayan məmurlar tapılır. Məhz belə yarıtmaz fəaliyyətin nəticəsidir ki, dövlət tərəfindən əhəmiyyətli tədbirlər görülməsinə, büdcədən kifayət qədər vəsait ayrılmasına baxmayaraq regionlarda sosial-iqtisadi problemlər hökm sürür. İcra başçılarının fəaliyyəti nəticəsində narazılıq dalğası yaranır.
Ölkənin cənub bölgəsi də belə problemlərdən xali deyil. Cənub regionunun mərkəzi sayılan və əhalisinin sayına görə ən böyük şəhəri hesab olunan Lənkəran da sosial problemlər məngənəsində boğulur. Rayonun inkişafı üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, Lənkəranda həll olunmamış problemlər daha çoxdur. İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun fəaliyyəti artıq ciddi narazılıq doğurur. Xüsusilə abadlıq-quruculuq işləri adı ilə görülən tədbirlər iş adamlarını, yerli əhalini çətin duruma salıb. Lənkəranda torpaq satışı xüsusilə geniş vüsət alıb. Səfalı təbiətə malik olan rayonun əksər hissəsi satılıb. Təbii ki, torpaq satışı və tikinti bumu məmurların əsas gəlir mənbəyindən biridir. Təsadüfi deyil ki, indiyədək yüzlərlə vətəndaş müxtəlif formada bundan əziyyət çəkib. İllər öncə Bakı-Astara və Lerik-Lənkəran yol qovşağının birləşdiyi “Dördyol” adlanan ərazidə dükanların sökülərək yenidən tikilməsi və sahiblərinə satılması bir çox ailələrin maddi durumunu acınacaqlı hala saldı. Elə vətəndaşlar oldu ki, onlar yenidən dükanlarına sahib çıxa bilmədilər. Çünki yeni qiymətlər
həddindən artıq böyük rəqəmlərdən ibarət idi. Bu söküntü-tikinti işləri Lənkəran “Böyük Bazar” ərazisində də aparıldı.
Şəhər ərazisində küçə yollarının bərbad bir vəziyyətdə olması da, rayonda görülən işlərin hansı səviyyədə olduğunu göstərir. Rayon rəhbərliyi sosial problemlər məngənəsində sıxılan Lənkəranın inkişafına heç bir diqqət yetirmir. Yoxsa yolları təmir etdirər, əhalini narazı salan digər çatışmazlıqları aradan qaldırardı. Bu gün şəhərin kanalizasiya sistemi yoxdur desək, yanılmarıq. Əslində yanılası bir şey də yoxdur. Çünki XXI əsrdə çirkli kanalizasiya sularının yolun kənarları ilə üstü açıq şəkildə axması həm xəstəlik saçır, həm də ətrafa pis qoxunun yayılmasına səbəb olur. Heç kim təminat verə bilməz ki, üstü açıq şəkildə axıdılan kanalizasiya suları sağalmaz xəstəliklər yarada bilməz. Amma bunun qarşısını almaq mümkündür. Rayon büdcəsindən müəyyən vəsait ayırmaqla yeni yeraltı xətlər çəkilə və mərkəzləşmiş qaydada çirkli sular dənizə axıdıla bilər. Amma görünür, icra başçısı və rayon rəhbərliyi bu problemlərə əlavə vəsait ayırmaq istəmir
Lənkəran öz zəngin təbiəti, yaşıllıqları ilə ölkənin ən gözəl bölgələrindən biridir. Lakin, rayon rəhbərliyinin “abadlıq-quruculuq” işləri yaşı yüz illərlə hesablanan qiymətli ağac növlərinin məhvinə səbəb olur. Bu gün ölkə rəhbərliyi, Heydər Əliyev fondu tərəfindən təbiətin qorunması, yeni ağac növlərinin əkilməsi xüsusilə diqqət mərkəzindədir. Mərhum prezident Heydər Əliyev ağac kəsilməsinə qarşı həmişə sərt mövqe sərgiləyirdi. Onun “ ağacın bir budağını kəsəndə elə bilirəm qolumu kəsirlər” sözləri təbiətin mühafizəsinə göstərilən diqqətin ən bariz nümunəsidir. Ancaq, Lənkəranda məmurların yürütdüyü siyasətə baxdıqda görmək olar ki, onlar nəinki bu sözlərə məhəl qoymur, əksinə daha çox qazanmaq üçün təbiətə divan tuturlar.
İcra başçısı Taleh Qaraşovun bu şəhərə vurduğu zərbə isə daha dəhşətlidir. Çünki şəhərin mərkəzində yaşı yüzü ötmüş yüzlərlə
endemik ağac növü kəsilərək ticarət obyektləri inşa edilir. Maraqlıdır ki, ayrı-ayrı sahibkarların güdazına gedən yaşıllığın haqq-hesabı kimdənsə soruşulmur. Əgər soruşulsaydı, onda icra başçısı belə səhlənkarlığa yol verməzdi .
Verilən məlumatlara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional İdarəsi rayon mərkəzindəki xiyabanda unikal ağacların kəsilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edib. Həmin müraciətdə bu vəziyyətdən narahatlıq ifadə olunub, nadir ağacların qırılmasına dərhal son qoyulması və müvafiq araşdırma aparılaraq günahkarların cəzalandırılması tələb edilib.
Bundan başqa, verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Təşkilatı da bundan bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət edərək rayondakı parkda ağacların kəsilməsindən narahatlığını bildirib və bunun dərhal dayandırılmasını tələb edib.
Lakin İDEA təşkilatının da bu məsələyə müdaxiləsinə baxmayaraq, Lənkəran Rayon İcra Hakimiyyəti nadir ağac növlərinin qırılmasına göz yummaqda davam edir.
Lənkəran şəhərinin mərkəzindəki unikal park vəhşicəsinə məhv edilərək dağıdılır. Göründüyü kimi, Lənkəranda yaranan bu gərgin vəziyyət artıq nəzarətdən çıxıb. Açıq-aşkar dövlət siyasətinə zidd adımlar atılır, rayonun zəngin təbiəti məhv edilir. Bunun bərpası isə yəqin ki, uzun müddət mümkün olmayacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?