Yaşıllıqlar və meşələrin məhv edilməsinin qarşısını almaq üçün sərt tədbirlərə ehtiyac var
Paytaxt Bakıda və rügionlarda tez-tez ağacəkmə kampaniyaları keçirilir. Elə bu gunlərdə paytaxtın Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi. Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Xocəsən bələdiyyəsinin dəstəyi ilə növbəti ağacəkmə aksiyası Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində təşkil edildi. Aksiya ilə bağlı yayılan xəbərdə deyilirdi: “Aksiya Bakı-Şamaxı magistralının qəsəbə ərazisindən keçən hissəsində yol boyunca aparıldı və orada 200 Xan Çinar tingləri əkilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, Xocəsən və 28 May qəsəbə bələdiyyəsinin üzvləri, eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvləri olan fəal gənclərin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi.
Ümumrespublika Yaşılladırma Marafonu təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə
malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də paytaxt Bakı şəhərində, ümumilikdə Abşeron yarımadasında ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.
Ümumrespublika Yaşılladırma Marafonu çərçivəsində rayonun 28 May qəsəbəsində ümumilikdə 3000-dən artıq ağac əkilib”.
Göründüyü kimi bu xəbərdən sonra belə təəssürat yaranır ki, paytaxtda və regionlarda yaşıllıqların məhv edilməsi ilə bağlı deyilənlər boş söz-söhbətdir. Amma vəziyyət göz önendədir. Bu barədə bir qədər sonra. Öncə qeyd edək ki, başqa icra hakimiyyəti orqanlarını demirik, elə Binəqədi İcra Hakimiyyəti özü az qala hər iki aydan bir belə aksiya keçirir. Məsələn, ötən ilin dekabınrda da "Təmiz Binəqədi” adlı layihəyə start verildi. Bununla bağlı 13 və 24 dekabr 2014-cü il tarixlərində rayonun 28 May
qəsəbəsi ərazisində yaşıllaşdırma aksiyalarını həyata keçirildi. Tədbirə Binəqədi rayonİcra Hakimiyyəti başçısının müavinləri də qatılmışdı. İki növ şam ağaclarının əkilməsini nəzərdə tutan bu tədbirlərdə ümumilikdə mindən çox şam ağacı əkildiyi bildirildi.
Bundan əvvəl isə ötən ilin noyabrında “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdi. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, fəal gənclər dekorativ ağaclarla yanaşı, meyvə və ümumilikdə isə 750 ağac əkmişdi.
İllərdir belə aksiyalar keçirilir. Amma Bakıda yaşıllıqlar artmır. Çünki əslində bir yandan belə aksiyalar keçirilsə də, digər tərəfdən paytaxtda və elə Binəqədi rayonunun özündə yaşıllılarq məhv edilir.
Məsələn, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki yaşıllıqlar məhv edilərək yerində inzibati bina inşa edilir.Sözügedən ünvanda yüzdən çox yaşı olan onlarla şam ağacı kəsilmək növbəsi gözləyir. Bu məqsədlə artıq ərazi hasarlanıb. Baxımsızlıq ucbatından pis vəziyyətdə olan ərazi
park kimi istifadə edilmək əvəzinə yerində bina ucaldılması gözlənilir.
Ərazidə hasarlama işləri aparan iş icraçısının verdiyi məlumata görə, ərazidə Türkdilli ölkələrin Parlament Assambleyasının birinci katibliyinin inzibati binası tikilir: “Tikinti üçün bu ərazi seçilib. Yaşıllıqlar isə məhv edilməyəcək. Yaxın vaxtlarda burada olan şam ağacları başqa əraziyə köçürüləcək”.
Qeyd edək ki, xüsusi önəm daşıyan inzibati binanın tikintisi üçün hasara alınmış ərazidə - parkın içində bu yaxınlarda daha bir əzəmətli bina da tikilib. Həmin bina tikintisində çıxarılan ağacların hara köçürüldüyünü heç kəs bilməsə də, parkdakı “başı kəsik gözəl kötük”lərdən mənzərəni təxmin etmək çətin deyil.
Xətai rayonunda da te-tez “yaşıl qətliam” baş verir. Belə ki, Əhmədli qəsəbəsində Neapol dairəsi yaxınlığında, Telnov küçəsində Xətai rayonunun icra başçısı yaşayış binalarının həyətində sakinlərin saldığı yaşıllıqları məhv etmək haqqında göstəriş verib. Artıq yaşıllıqların ətrafındakı hasarlar
sökülüb, icra hakimiyyətinin nümayəndələri həmin bağları tullantılardan təmizləyirlər. İlk baxışdan belə görüntü yaradılır ki, Telnov küçəsində abadlıq işləri aparır.
Sakinlərin iddialarına görə isə, həmin ərazilər təmizləndikdən bir müddət sonra ayrı-ayrı sahibkarlara satılacaq.
Xatırladaq ki, Xətai rayonu paytaxtda yaşıllıqların ən çox məhv edildiyi ərazilərdən biridir. Bundan əvvəl də Məhəmməd Hadi küçəsi boyunca yaşıllıqlar məhv edilmiş və yerində ticarət obyektləri tikilmişdi. Həmçinin son illər Əhmədlidə Gəncə prospektində, ona paralel bir neçə küçədə də yaşıllıqlar məhv edilərək yerində dükan və digər iaşə obyektləri tikilib.
Paytaxtda binaların ətrafinda sanitar yaşıllıq zolaqlarının ayrı-ayrı şəxslərə baha qiymətə satılması və bu zolaqlarda ağacların və kolların məhv edilməsinin fonunda (məsələn, bu müdhiş halı Sabunçu rayonu ərazisində də hər gün müşahidə edirik) ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 2,5 dəfə artdığı barədə rəqəm açıqlanıb.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil etməklə 892,5 min hektara çatdırılıb və bu ərazilərin sahəsi xeyli dəfə artıb. Bildirilir ki, ötən il ərzində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3,1 min hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7,5 min hektar sahədə aparılıb. Bu tədbirlər nəticəsində meşə ilə örtülü sahələr, 0,4 faiz artaraq ölkə üzrə ümumi sahənin 11,8 faizini təşkil edib. Bunlar özlüyündə pis rəqəmlər deyil, lakin şəhər daxilində isə binaların ətrafindakı sanitar yaşıllıq zolaqları işbazların hədəfində qalmaqda və icra hakimiyyətlərinin gözü
qarşısında müəmmalı bir şəkildə qəsb olunmaqdadır.
Elə bir ədər bundan əvvəl Sabirabadın Kürkəndi kəndində baş verən meşə və kolluqların soyqırımı haqda xəbərlər yayıldı.
Belə ki, Sabirabad Meşə Mühafizəsi və Bərpası müəssəsinə məxsus Kürqırağı Tuqay meşələri həmin müəssənin direktoru Alxan Əsgərovun rəhbərliyi ilə təmamilə məhv edilir. Məhz onun ”səyi" nəticəsində Tuqay meşə və kolluqları soyqırıma məruz qalıb ki, bunun nəticəsində həmin meşə və kolluqlarda
yaşayan vəhşi heyvanlar və aran yeri üçün spesifik yaşayış yeri olan turac, bildirçin, yelbə və başqa nadir quşlar da məhv olaraq yoxa çıxıb. Bu gün dünyada qlobal ekoloji problem pik həddə çatıb. Sabirabad rayonu aran zonası olduğu üçün burada ekoloji durum çox pis vəziyyətdə özünü büruzə verir. Məhz ağac və kolluqların məhv edilməsi nəticəsində ərazidə ən ağır xəstəliklər baş alıb getməkdədir.
Bir nümunə olaraq Kürkəndi kəndi ilə həmsərhəd olan təxminən 50-70 ha meşə sahəsini misal çəkək. 1980-90-cı illərdə milyonlarla manat pul vəsaiti xərclənərək əkilmiş və boya-başa çatmış mədəni Tuqay meşələri “icarə” adı altında müxtəlif şəxslərə verilib ki, bunun da nəticəsində həmin meşə və kolluqlar məhv edilərək düzənliyə, bu sahələr əkin yerlərinə çevrilib. Meşədən əsər-əlamət qalmaması nəticəsində vaxtilə orada yaşayan nadir quşlar və heyvanlar da yoxa çıxıb.
Sabirabad Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru Alxan Əsgərov həmin əraziləri sanki şəxsi sahəsi hesab edir və vətəndaşların iradlarına heç bir məhəl qoymadan məhvetmə prosesini davam etdirir.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova müraciət etmək istərdik ki, bu qanunsuz əməllərə son qoyulması üçün lazımi tədbirlər görsün.
Beləliklə, ölkəmizin təbii sərvətlərinə qarşı bəzi məmurlar tərəfindən sərgilənən xain münasibət mövzunun öz aktuallığını hələ də saxlamasına səbəb olur. Məlum olduğu kimi Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Başqa sözlə desək, əhali sayına görə hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür. Bu isə ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır. Həmçinin biz artıq qeyd etmişdik ki, Azərbaycan meşələri öz əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətlərin - mineral xammalın, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrimizin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinə rəhbərlik edən şəxslərin öz işlərinə məsuliyyətlə yanaşmaları bu baxımdan çox əhəmiyyət daşıyır. Lakin təəssüf ki, bu məsuliyyət müşahidə olunmur. Belə ki, Masallı meşələrinin sistematik olaraq qırılması barədə məlumatlar yayılır. Bildirilir ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi daşıyır. Qeyd olunur ki, məhz müəssisənin fəaliyyəti nəticəsində Masallı rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Belə ki, Masallı meşələrində çox qiymətli ağaclar bitir və onların əksər hissəsi kəsilərək mebel materialı kimi müvafiq müəssisələrə göndərilir.
Eyni hal Zaqatala və Göygöl meşələrində də müşahidə olunmaqdadır. Təəssüf ki, əlaqədar qurumlar illərdir baş verən bu qanunsuzluqlarla bağlı ciddi tədbirlər görmək istəmirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?