Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yeni təyin olunan 25 yaşlı müavini Aygün Əliyeva yeni vəzifə təyinatına qısa münasibət bildirib.
İcra başçısının yeni müavini A.Əliyeva publika.az-a açıqlamasında deyib: “Mənim heç bir açıqlama verməyə ixtiyarım yoxdur. Bu gün ərzində isə Binəqədi rayon İcra Hakimiyyətinin internet səhifəsinə bütün məlumatlar yerləşdiriləcək və “Binəqədi” qəzetində dərc olunacaq. Bu barədə kimə nə maraqlıdırsa, buradan tanış ola bilər. İndi mən bu barədə daha heç bir söz demək istəmirəm”.
A.Əliyeva onun hər hansı vəzifəli şəxsin qızı olması barədə dolaşan söhbətlərə isə bu cür cavab verib: “Mən məmur qızı deyiləm”.
*** 11:07
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.
Xaləddin İsgəndərov özünə yeni müavin təyin edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.
Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. 2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır.(modern.az)
Sorğu
Yeni dizaynımız necədir?