“Gündəm xəbər” qəzeti olaraq, fəaliyyətimizi bu gün də ictimai həyatımızı əhatə edən problemlərin həllinə yönəltməklə bərabər, ünvanlanan hər bir müraciəti, sosial-iqtisadi problemlərin varlığını və.s daim diqqət mərkəzində saxlayırıq. Buna səbəb, bir mətbu orqan olaraq qanunla tənzimlənən vəzifə borcumuzu layiqincə yerinə yetirməkdir. Elə bu kimi səbəblər üzündəndir ki, bu gün də redaksiyamızın ünvanına çoxsaylı oxucu məktubları ünvanlanır, yerlərdə vəzifə sahiblərinin süründürməçilik əməllərindən bəhs edən problemlərin varlığı və.s çatdırılır.
Bu dəfə redaksiyamızın ünvanına müraciətini ünvanlayan şəxs Əliyev Rəhim Yusif oğlu olmuşdur. O, yazdığı müraciətində bildirir ki, “mən 11 iyul 1983-cü ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşam. 2000-ci ildə qəsəbədə yerləşən orta məktəbdə təhsilimi başa vurub, 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşam. 2005-ci ildə ali hərbi təhsilimi başa vurub, leytenant rütbəsində xidməti borcumu silahlı qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirmişəm. Çox keçmədən rəhbərliyin müvafiq əmri ilə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə, bir müddət xidmət etdikdən sonra isə, Göygöl rayonunun Murovdağ ərazisindəki hərbi hissəyə göndərildim. İki il ön cəbhədə xidmət etdikdən sonra, məni yenidən silahlı qüvvələrin Təlim-Tədris Mərkəzinə üçaylıq bölük komandiri kursuna göndərdilər. Kursu bitirdikdən sonra isə, Qazax rayonundakı hərbi hissənin ön xətt taburlarından birinə bölük komandiri təyin olundum. Ön cəbhədə xidməti borcumu yerinə yetirdiyim vaxt, rəhbərliyin yeni bir əmri ilə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdən birinə göndərildim”.
Naxçıvanda xidməti borcunu yerinə yetirən zaman o, nizamnamə tələblərini hansısa formada pozur, yəni tabeçiliyində olanlarla qeyri-humanist rəftar edir. Elə bu səbəblər üzündən də, Rəhim Əliyev CM-nin 331.3, 331.2 və 341.1-ci
maddələri ilə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə və 300 manat (müstəqil ödəmə) pul cəriməsi cəzasına layiq görülür.
Bu gün 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rəhim Əliyev, ünvanladığı müraciətində onu da bildirir ki, “mən xidmət etdiyim illər ərzində nümunəvi zabit olmuşam. Nizamnamə tələbindən kənar addım atmağıma gəlincə isə, onu bildirmək istəyirəm ki, həmin vaxt əsəbi olduğumdan hirsimi cilovlaya bilməmişəm. Etdiyim hərəkətdən bu gün olduqca peşmanam və həbsimlə bağlı valideyinlərimin mənəvi sarsıntı keçirmələri də, mənə olduqca təsir edir. Daha acınacaqlı hal odur ki, cəza çəkdiyim müddət ərzində peşimançalalıq hisslərimi bölüşməyə nə etibarlı dost, nə də bir sirdaş tapa bilməmişəm. Bu gün üz-üzə qaldığım olayların, yalnız səhvim ucbatından əmələ gəldiyini başa düşürəm. Odur ki, səhvimi həm də səmimi etiraf etməyi özümə borc bilirəm”.
Qəzetimiz vasitəsi ilə müraciətini ölkə rəhbəri cənab İlham Əliyevə çatdırmaq istəyən məhbus hərbçi yazır ki, “mənim səmimi etirafımı və olduqca peşimançalıq hissi keçirdiyimi, peşəkar hərbçi olduğumu, Vətən, xalq yolunda yenə də xidmət etmək əzmində olduğumu, itirilmiş torpaqlarımızın yağı düşməndən geri qaytarılması uğrunda aparılacaq mübarizədə şəhid olmağa belə hazır olduğumu, eyni zamanda gənc olmağımı nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının Sizə verdiyi müstəsna səlahiyyətlərdən, yəni 109-cu maddənin 22-ci bəndini əsas tutaraq, məni əfv etməyinizi Sizdən xahiş edirəm. Və əhv olunacağım təqdirdə istərdim ki, peşəkar hərbçi olaraq hərbi xidmətimi davam etdirim. Belə olan təqdirdə heç bir nizamnamə tələbini pozmayacağımı, Vətənimizə layiqincə xidmət etməyi əsas amalım hesab edəcəyəm. Bu mənim ən böyük arzum, başlıca amalımdır.
Cənab Prezident! Mən ötən il keçirilən prezident seçkilərində, məhz Sizə səs verdim. Bu gün də atdığım addımla qürur hissi keçirdiyimi bildirirəm. Çünki, Siz televiziya çıxışlarınızda çox zaman Azərbaycan gəncliyindən, onların qayğılarından, problemlərinin həllindən bəhs edirsiniz. Və hər bir gənci düz yola, sağlam cəmiyyətin iştirakçısı olmağa dəvət edirsiniz”.
Qeyd olunan müraciət, 16 saylı cəzaçəkmə müəssisəsində məhbəs həyatı yaşayan gənc bir hərbçinin müraciətidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?