Qarabağ əlili: mümkün deyilsə, məni bu ölkədən departasiya edin!
“Qarabağ əlilləri və şəhid ailələrinə ev və avtomobillər pulsuz verilmir”!
Bu sözləri Sumqayıt şəhəri Nizami küçəsi 19C, məh 6-da qeydiyyatda olan 2-ci qrup Qarabağ əlili Muradxanov İmran Sahib oğlu bildirir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Mənzillər Uçotu və Qeydiyyatı şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzil probleminin həlli və işlə təmin olunması haqqında heç bir tədbir görülməyib.
İllərdir 2-ci qrup Qarabağ əlili çarəsizlikdən bütün instansiyalara üz tutsa da, onun acınacaqlı vəziyyəti ilə maraqlanan olmayıb.
İmran Muradxanovun qəzetimiz vasitəsi ilə ölkə başçısı İ.Əliyevə müraciətini dərc edirik:
“Hörmətli Prezident, 43 yaşım var, subayam, evsizəm. 2-ci qrup əlilliyə görə 160 manat təqaüd alıram. Təqaüdümün 100 manatını ev kirayəsi ödəyirəm. Heç də bu ölkədə hər şey Sizin dediyiniz kimi gözəl deyil. Acınacaqlı durumdayam. Tanrı tərəfindən insana verilən ömrün böyük hissəsini artıq başa vurmuşam.
1992-ci il oktyabr ayında Ağdərə uğrunda gedən döyüşlərdə çənə və boyun nahiyəmdən güllə yarası alaraq, 8 ay Bakı şəhərində Hərbi Hospitalda müalicə almışam. Sol çənə və dişlərimdən məhrum olmuşam. Yemək yeyəndə əziyyət çəkirəm. Ona görə də duru xörəklər yeməliyəm. Həmin yeməkləri isə hazırlayanım yoxdur. Uzun illərdir valideyn himayəsində yaşayırdım. Evli qardaş və bacılarım olduğundan evimizin darısqallığı səbəbindən ev kirayələmək məcburiyyətində qaldım.
Hörmətli Prezident, 2007-ci ildən Sumqayıtda 2-ci qrup Qarabağ əlili kimi ev növbəsinə qeydiyyata alınmışam. Məndən sonra ev növbəsinə qeydiyyata alınanlar ev alıblar.
Ev və maşın alanlar arasında elələri var ki, Azərbaycan coğrafiyasında Qarabağın harada yerləşdiyini bilmir. Məlumunuz edim ki, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Fizuli Ələkbərov Qarabağ əlilləri üçün ayrılan ev və maşınları təmənnasız vermirdi. Bütün şikayətçiləri nazirlik ətrafında dolaşan dəllalar qəbul edirdi. Müxtəsər, açıq bazar idi. Pulun varsa, maşın və mənzil ala bilərdin. Şükürlər olsun ki, Sizin sayənizdə ƏƏSMN Fizuli Ələkbərovdan xilas oldu. Buna baxmayaraq hər şey dəyişməz olaraq qalır.
Pasport qeydiyyatında olduğum Sumqayıt şəhəri Nizami küçəsi 19C, məh 6-da Sumqayıt 4-cü Polis Bölməsi yerləşir. Qeyd edim ki, məni o ünvana qeydiyyata alıblar.
Hörmətli Prezident!
Qarabağ və şəhid ailələri üçün 2013-cü ildə evlər paylanarkən müşahidə etdim ki, məndən sonra ev növbəsinə duranlara mənzil verilir.
Mən etirazımı bildirdim. Buna əhəmiyyət verən olmadı. Avtomobil növbəsinə yazılmaq istəyərkən mənə bildirdilər ki, əlin-ayağın sağ-salamatdır. Səni avtomobil növbəsinə qeydiyyata götürə bilmərik. İndi mən neyləməliyəm ki, yağı düşmən ayağımdan yox, gicgahıma yaxın çənə və boyun nahiyəmdən vurdu. Necə olur ki, Qarabağı tanımayıb əlinə silah almayanlar ev və avtomobil alır? Bu ayrı-seçkilik deyil, bəs nədir?
Mənzil və avtomobillə təmin olunmağım haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Əgər bu mümkün deyilsə, mənim bu ölkədən departasiya olunmağımda aidiyyatı qurumlara göstəriş verin”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?