Hər gün sosial vəziyyəti pisləşən ölkə vətəndaşları, çarəsizlikdən redaksiyamıza üz tutmaqdadır. Elektron poçtumuza müraciət edən Sumqayıt şəhər sakini 14 saylı yataqxana qeydiyyatlı 8 uşaq anası Əliyeva Gülnarə Fazil qızı İH başçısı E.Əzizovun laqeyidliyindən şikayətçidir.
Gülnarə xanım bildirir ki, işsizliyi, evsizliyi sosial vəziyyətinin son dərəcə ağırlığı ilə bağlı Sumqayıt şəhər İH başçısı Eldar Əzizovun dəfələrlə qəbuluna yazılsa da, onu müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qoyublar. Şikayətçi xanım və 8 uşağı 14 saylı yataqxanada qeydiyyatda olsa da, kirayədə yaşayır. İşsizlikdən kirayə haqqını ödəyə bilmir. Yaşadığı ərazidəki ərzaq dükanlarına 500 manata qədər borcu var. O, əsas borcunun çörəyə olduğunu bildirir. Bəli, Gülnarə xanım gündəlik çörəyi nisiyə dəftərinə yazdırır.
Hərbi xidmətdən öncə oğlu Cəlal işləyərək ailəyə çörək pulu gətirərmiş. Hal-hazırda Cəlal N saylı hərbi hissədə ön cəbhədə xidmət edir. Nümunəvi xidmətinə görə komandanlıqdan ailəyə təşəkkür məktubları göndərilib.
Gülnarə xanım qəzetimiz vasitəsi ilə ölkə başçısı İ.Əliyevə müraciət edir:
“Hörmətli prezident, illərdir vəziyyətimlə bağlı Sumqayıt İH başçısı E.Əzizovun qəbuluna yazılıram. Müxtəlif bəhanələrlə məni qəbul etmir. İcra Hakimiyyətində mənə E.Əzizovun vətəndaşların qəbulunu qeyri-müəyyən vaxtda keçirildiyini bildirirlər. Bunun bir adı var, süründürməçilik.
İşlə bağlı hara müraciət edirəmsə, bildirirlər: “biz öz işçilərimizi ixtisar edirik, yerimiz yoxdur”
Hörmətli prezident, nənələrimizin dediyinə görə 1941-1945-ci illərdə əsgər ailələrinə yardımlar edilirmiş. Mən də əsgər anasıyam. Mən də ən azından məmurlar kimi təm-tərahlı olmasa da yaşamaq haqqım var. Siz televiziya efirlərindən bəyan etmisiniz: “xalqın 1№-li xidmətçisi mənəm”. Yerlərdə məmurlar özlərini xidmətçi kimi yox, xalqın ağası kimi aparırlar.
Sumqayıt İH başçısı E.Əzizov Sumqayıta təinatından sonra asvalta yamaq, divara boyaq vurmaqla məşğuldur. Sizin keçdiyiniz yolların kənarında yerləşən binaların üzlüyünü alkaponlaşdırır. Yadınızdadırsa Bakı şəhərində 9 mərtəbəli 60 mənzilli bina əşyaları ilə birlikdə yanaraq kül oldu. Binaların gözəllik naminə alkaponlaşdırılması gələcəyimizin minalaşdırılması deməkdir. Bir gün gələcək bu minalar bomba kimi partlayacaq.
Hörmətli prezident, mənə belə gözəllik lazım deyil. Əgər mən çörəyə möhtac qalmışamsa, kimə lazımdır bu gözəllik? Dərdimiz o qədər böyükdür ki, hamısını yazsam qəzet səhifələri bəs etməz. Normal yaşayış sahəsi və işlə təmin olunmağım üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı E.Əzizova göstəriş verməyinizi xahiş edirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?