İmişlidə şəkər zavodu, sanki cəngəllik qanunları ilə idarə olunur
“Kəllə Qənd” fabrikasında fəhlələr gün ərzində 12 saat işləsələr də, cəmi onlara 8 saatın əmək haqqının verildiyi bildirilir
Ölkə iqtisadiyyatının önəmli sahələrindən birini təşkil edən İmişli Şəkər zavodunda baş verənlər, yaşanan ab-hava və.s, bu gün də əksəriyyəti düşündürməkdədir. Əldə etdiyimiz məlumatlara görə bu zavod hələ bir neçə il bundan əvvəl fəaliyyətə başladığından, onun nəzdində fəaliyyət göstərən fabrikalardan biri də “Kəllə Qənd” fabrikasıdır. Düzdür, apardığımız araşdırmalardan, müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, ölkə əhalisinin şəkərə olan tələbatının ödənilməsində xüsusi rola malik olan zavodda, hal-hazırda xeyli sayda soydaşlarımız çalışırlar ki, bu da kifayət qədər işsiz əhalinin işlə təminatının ödənilməsini həyata keçirən səbəblərdəndir.
Vaxtilə “Kəllə Qənd” fabrikasında çalışan və tətbiq olunan idarəçiliyin istibdadına duruş gətirə bilməyən Əliyev Məcid Nuruş oğlu, bir neçə gün bundan əvvəl redaksiyamıza üz tutub fabrikada yaşananlar barədə danışdıqca, sanki dəhşətə gəldik. O, bildirdi ki, “2012-ci ilin noyabr ayında məni “Kəllə Qənd” fabrikasında növbə mühəndisi vəzifəsinə işə götürdülər və 2013-cü ilə qədər müqaviləsiz işləsəm də, 2013-cü ildə məcbur olub mənimlə müqavilə bağladılar. Və ştat üzrə verilən vəzifəni daşımağıma baxmayaraq, əslində mənə operator işini həvalə etdilər. Gün ərzində toz-torpağın içərisində 12 saat işləyib, zəhmətimin müqabilində cəmi 380-400 manat əmək haqqı alırdım. Yəni günün 12 saatını işləsəm də, mənə və digər işçilərə yalnız 8 saatın əmək haqqını verirdilər. Dəhşətli hal o olurdu ki, tabeçiliyimdə 12-15 nəfər işçi olmasına baxmayaraq, rəhbərlik hər kəsə nahar fasiləsi üçün cəmi yarım saatlıq vaxt verirdilər”.
“Kəllə Qənd” fabrikasında yaşanan durumun əksəriyyətə bəlli olmayan məqamlarından danışan Məcid Əliyev onu da bildirir ki, “işlədiyim fabrikaya 4-cü sinifə qədər təhsil alan, ümumiyyətlə ali təhsili olmayan və 27 yaş həddinə çatmış Sərvət Tanrıverdi adlı şəxs rəhbərlik edir. O, rəhbərlik etdiyi sahədə idarəçiliyin elə bir formasını tətbiq edir ki, bəlkə də həmin idarəçiliyin hansısa “Banan” ölkəsində başqa bir bənzəri yoxdur. Məsələn, fəhlələrin tam əksəriyyəti günəmuzd, müqaviləsiz işləməklə bərabər, gün ərzində sanki 12 saatlıq fiziki istismara da məruz qalırlar. İstehsal prosesində təhlükəsizlik qaydalarına lazımınca əməl olunmadığından, hətta elə hallar olub ki, fəhlələrdən bəziləri aldıqları xəsarətlər nəticəsində dünyasını dəyişmişlər, bəziləri isə müəyyən bədən xəsarətləri alaraq çikəst də olmuşlar. Amma, belə bir olayların müqabilində fəhlələrin tibbi sığortası olmadığından, onlar lazımi tibbi müalicə də ala bilməyiblər.
İmişli Şəkər Zavodunun baş direktoru vəzifəsini daşıyan Fərhad Tuqal isə, rəhbərlik etdiyi sahəni sanki şəxsi mülkiyyəti hesab etməkdən belə çəkinmir. Məsələn, hansısa fəhlə üzləşdiyi problemin həlli ilə bağlı ona müraciət etmək istədikdə, Fərhad bəy bir kimsəni dinləmək belə istəmir. Elə bu səbəbdən də, onun ədalətsizliyi çoxsaylı fəhlələrin qəzəblənməsinə və müəyyən problemlərin də əmələ gəlməsinə səbəb olur. Məcid Əliyevin bildirdiyinə görə, “məhz, onun belə bir addımlarının nəticəsi olaraq, hələ bir müddət bundan əvvəl yüz nəfərdən çox fəhlə ixtisara salınaraq işdən azad edildilər”.
“Kəllə Qənd” fabrikasında növbə rəisi vəzifəsini daşıyan Ceyhun adlı şəxsin qol qoyğu əməllərdən bəhs edən Məcid Əliyev onu da vurğulayır ki, “o, işin sonunda fəhlələri məcbur edir ki, qənd parçalarını bunkerlərdən boşaltsınlar. Amma, bu zaman gigiyenik qaydalara əməlolunma, sanki bilərəkdən unudulur. Yəni, həyət-bacada gəzən fəhlələr ayaqlarındakı üst geyim formalarını soyunmadan bunkerin içərisinə daxil olub, bunkerlərdəki qənd parçalarını ayaqları ilə boşaltmağa başlayırlar. Belə bir halların varlığı, bunkerlərdə antisanitariyaya
səbəb olan amillər, yəqin ki, insan həyatı üçün saysız-hesabsız problemlərin əmələ gəlməsini zəruri edən səbəblərdir.
Belə bir olaylardan sonra, böyük bir istehsal gücünə malik olan İmişli Şəkər Zavodunda və onun tabeçiliyindəki fabrikalarda yaşanan ab-havaya hansı qiyməti vermək, rəhbərliyin tətbiq etdiyi idarəçiliyiə qarşı hansı yanaşmanı ortaya qoymaq məsələsinə, yəqin ki, hər kəs aydınlıq gətirə bilər. Odur ki, bütün bunlar haqda növbəti saylarımızda.
Sorğu
Yeni dizaynımız necədir?