Ağcabədi rayonunda baş verən qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Bu dəfə Ağcabədi rayonu suvarma sistemləri idarəsində illərdir ki, tüğyan edən korrupsiya faktlarından bəhs edəcəyik. Belə ki, bu il rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabatında göstərilir ki, guya son yeddi (7) ildə rayon ərazisində 3150 km suvarma kanalı lildən təmizlənib. Elə-belə götürəndə məsafə Ağcabədidən Moskvaya, bəlkə də, daha uzaq ölkələrə qədər olan məsafə qədərdir. Sonra hesabatda göstərilir ki, 2014 cü-ildə rayon ərazisində 738 km arx təmizlənib. Yəni hər iş günü üçün 1, 5 km arx lildən təmizlənib. Gülməli deyilmi? Həm də bu hesabat prezident adminstrasiyasından gələnlərin, yəni demək həmdə birbaşa cənab prezidentin gözünün içinə deyilən ağ yalandır. Bu məsələlərlə əlaqədar apardığımız araşdırmalar zamanı bir sıra kəndlərdə olub deyilən rəqəmlərlə, real görülən işləri müqayisə etdik. Daha bir ciddi fakt budur ki, 2014 cü-ildə Bərdə şəhərində yerləşən neft bazasına 1200 ton yanacağın alınması üçün pul köçürülüb. Bu yanacaq Ağcabədi rayonuna gətirilməyib, nəğd şəklində pulu alınıb. Son yeddi (7) il ərzində 8 min tona qədər yanacaq əvəzinə nağd pul alınıb, mənimsənilib. Bütün bunlardan başqa icra başçısı Şahin Məmmədovun hesabatında göstərilir ki, güya həmin yanacaqla Kür çayının qırağında 4000 (dörd min) hektar ərazi nasoslarla suvarılıb. Araşdırmalarımız zamanı onu da öyrəndik ki, həmin nasoslardan biri 2008-ci ildə, digəri isə 2013 cü-ildə doğranıb metalloma təhvil verilib. Bu əraziyə təzə nasos gətirilib, ancaq hələ quraşdırılmayıb. Yaxşı, belə deyək də, nasos yox, su arxı yox, yanacaq yox, bəs onda başçının hesabatında əksini tapan 4000 (dörd min) hektar ərazi necə və nəylə suvarılıb? Hər ay mal-material alınması üçün nağd vəsaitlər firma və müəssisələrə köçürülərək nağd pula çevrilir. Məsələ bununla bitmir, əlbəttə ki, Şahin Məmmədov icra başçısı kimi rayonda dövr edən korrupsiya şəbəkəsinin rəhbəridir. İndiki halda isə yazıda göstərilən faktlara birbaşa Ağcabədi rayonu suvarma sistemləri idarəsinin rəhbəri Əli Əliyev də məsuldur. Bu şəxsin özünün karyerası da müəmmalıdır. Belə ki, əldə etdiyimiz məlumata görə idarənin rəisi Əliyev Əli Qaryağdı oğlu 1998 ci-ildə doqquz (9) ay həbsdə yatıb. Bu adamın həbsi ilə bağlı əmək kitabçasında qeyd belə saxtakarlıqla silinib, iş təsərrüfat komitəsinə yazdırılmayıb? 28 noyabr 2014 cü-il tarixində idarə rəisi qanuna zidd olaraq qısa qaimə ilə bankdan 95000 manat pul götürüb. Təbii ki, bütün bunları Əli Əliyev tək etmir. Bu mənimsəmələrdə icra başçısı Şahin Məmmədovun da payı var. Ağcabədi rayonundakı bütün qanunsuzluqlara şəxsən icra başçısı Şahin Məmmədov rəvac verir. Şahin Məmmədov haqqında şok olacaq video görüntülərin olduğunu qeyd edən və israrla onları bizə təqdim edəcək şəxslər də var. Yazıda adları keçən şəxslərin də fikirlərini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?