Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qanunsuzluğa söykənən əməlləri ilə bağlı, “Gündəm Xəbər”in redaksiyasına ilginc məlumatlar daxil olub. Daxil olan məlumatlara görə, icra başçısı Heydər Parkını bu gün əslində qazanc mənbəyinə çevirib və rayon sakinlərinin müraciətlərinə, şikayətlərinə isə heç bir halda məhəl qoymadan addımlarını atmaqda davam edir.
Daxil olan məlumatlarda bildirilir ki, icra başçısı Heydər Parkı ilə bağlı ixtiyar sahibliyini oğluna verib. O, da ulu öndərin adını daşıyan parkda öz "qanunlarını” tətbiq etməkdədir. Tətbiq olunan "qanunlar” isə, sırf qazanc məqsədinə hesablanıb. Belə ki, Heydər Parkına giriş pullu edilməkdən əlavə, parkda salınmış oyun meydançasına uşaqların daxil olması üçün də, valideyinlərdən 50 qəpik tələb olunur. Həmçinin parka istirahətə gələn sakinlər avtomobillərini saxlamaq üçün isə, əlavə 50 qəpik də ödəməyə məcbur edilirlər.
İcra başçısının oğluna göstərdiyi belə bir "canıyananlıq”, onun üçün açdığı yeni "iş yeri”, hal-hazırda bərdəlilərin tam narazılığına səbəb olub.
Bərdədən redaksiyamıza daxil olan başqa bir məlumatda o da bildirilir ki, Vidadi İsayevin şəxsi göstərişi ilə, rayonun mərkəzində (İcra Hakimiyyəti binasının önündə) yerləşən park da, icra başçısı tərəfindən əsl biznes mərkəzinə çevrilib. Sakinlər şikayət edərək onu da bildirirlər ki, parkın giişində fəaliyyət göstərən “Park kafe” də icra başçısının oğluna məxsusdur. Büdcədən ayrılan vəsaitlər hesabına inşa olunan “Park kafe”ni, hal-hazırda Şirvan şəhərindən gələn bir şəxs idarə edir. “Gündəm Xəbər”ə məlumat verən sakinlər onu da vurğulayırlar ki, büdcə pulları hesabına inşa olunmuş parkda hər şeyin ödənişli olması, tam əksəriyyətin ciddi narazılığına səbəb olur. Sakinlər onu da iddia edirlər ki, parkın inşası zamanı icra başçısı yerli sahibkarlardan pul yığıb və onlara bildirib ki, “mən buralı deyiləm, bu abadlığı, bu quruculuğu məhz, sizin üçün edirəm” deyərək, minnət də qoymağı unutmayıb. Belə bir yöndə məlumatları redaksiyamıza çatdıran bərdəlilər, ölkə rəhbəri cənab İlham Əliyevin sonuncu dəfəki çıxışında, əhaliyə müraciət edərək ictimai nəzarətin gücləndirilməsi üçün göstərilən təşəbbüsləri, atılan addımları alqışladığını bildirirlər. Sakinlər onu deyirlər ki, məhz, rayonda büdcə pullları hesabına inşa olunmuş parkdan istifadəyə görə, kimlərinsə qazanc əldə etmək istəklərinə qarşı ictimai nəzarəti gücləndirib, süni problemləri aradan qaldırmağa çalışacaqlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?