Ziya Məmmədov sakinlərin arzularını ürəklərində qoydu
Prezidentin unudulmuş tapşırığının icraasının zamanı çatıb
Hələ sövet dönəmində ikən Bakıda məşhur olan və bir neçə il bundan əvvəl söküntüsü həyata keçirilən “Şüşəli bazar”ın yerində, bu gün yeni ticarət mərkəzi tikilib. Mərkəz Yasamal rayonu ərazisində H.Cavid prospektində yerləşir. 2005-ci ildən fəaliyyəti dayandırıldıqdan sonra, bazarda çalışan ticarətçilər paytaxtın digər ünvanlarına üz tutdular. 2010-ildə bazar tamamilə hasara alındı və təqribən bir il sonra, yəni 2012-ci ilin aprelində tamamilə dağıdıldı. Diqqəti cəlb edən bir məqamı xatırlamağa dəyər: Hələ sözügedən ərazi bir neçə il bundan əvvəl ölkə rəhbərinin də diqqətini cəlb etdiyindən, cənab Prezident iki prospektin- Hüseyn Cavid və Mətbuat prospektləri arasında yerləşən yolun genişləndirilməsini və ərazidə istirahət parkı salınması tapşırığını vermişdi. Çox təəssüflər olsun ki, tapşırığı dinləyən və “ləbbey” döyən vəzifə sahibləri, çox keçmədi ki, şəxsi biznes maraqlarını prezidentin vermiş olduğu tapşırığından üstün tutaraq, ölkə başçısının verdiyi tapşırığı qulaqardına vurdular. İlk əvvəllər ərazidə inşa olunan ticarət mərkəzinin kimə məxsus olduğu gizli saxlandı. Amma çox keçmədi ki, ticarət mərkəzi layihəsinin “ARQON” MMC-nə məxsus olduğu bəlli oldu. Axı, Məmmədovlar ailəsinə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin, “ZQAN” Holdinqin inzibati binasının, “Delfin” otelinin, “Kəhrəba” restoranının və “Bağhlan Group” FZCO-nun ofisinin layihəsi, yaşayış və ictimai binaların tikintisi və layihələndirməsi və.s ilə məşğul olan “ARGON”MMC-yə məxsusdu. Elə “Şüşəli bazar”ın yeni sahibinin də, əslində NN-nin şefi Ziya Məmmədova yaxın şəxslərdən birinə məxsus olduğunu müəyyən etmək çətin olmadı.
Obyektin bugünkü sahibləri, bazarın müəyyən hissəsini kafe kimi istifadə etməyi də unutmadılar. Ticarət mərkəzinin baş hissələrində yerləşən və “Nar kafe” adlanan, əslində restoran səviyyəli obyektlərin “zaqazçikləri” də, varlı balaları, Elton Məmmədovun oğlunun dost-tanışlarıdır. Onların saxladıqları bahalı maşınlar nəinki yerli sakinləri, eləcə də ətraf ərazidə fəaliyyət göstərən səfirliklərin əməkdaşlarını, xarici ölkə vətəndaşlarını, obyektə bitişik uşaq bağçasının körpələrini, yaxınlıqda yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərlərini, hətta ətraf ərazidə yaşayan qonşuları da narahat etməkdədir.
Qonşuluqda yaşayan bina sakinləri bildirirlər ki, sutka ərzində ticarət mərkəzinin hava təmizləyici qurğularının səs-küyündən, gecə yarıya qədər kafeyə gəlib-gedən bahalı maşınların siqnal səsindən və.s gecəmiz, gündüzümüz yoxdur. Uşaq bağçasına gəlib-gedənlərin nələr çəkdiyini də, danışmaqla qurtaran deyil. Axşamçağı saat 6-dan sonra isə, sakinlər tıxacdan evlərinə belə gedə bilmirlər.
Baş verən olaylar barədə danışan mənbə bildirir ki, “Şüşəli bazar” vaxtilə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin rəisi olmuş Arif Qaraşova məxsus idi. O, vaxtilə bazarı adına özəlləşdirsə də, daşıdığı vəzifədən uzaqlaşdırılması, sanki sonrakı prosesləri tamamilə başqa macəraya yönəldi. Yəni, həmin bazarın XDGİ-nin sabiq rəisi olmuş Aydın Bəşirovla, Nəqliyyat naziri Ziya Məmmədovun ələ keçirmələri barədə söz-söhbətlər də dolaşmağa başladı. Və çox keçmədi ki, əraziyə sahiblik hüququnun tamamilə Ziya Məmmədovun ixtiyarına keçməsini də söylədilər.
Əslində bazarla bağlı açıqlamanı yazmaqda məqsədimiz, həm təəssüfdoğuran, həm də ki, təhlükə əmələ gətirə bilən ab-havanın varlığını ictimailəşdirməkdir. Əgər əvvəllər oliqarxlar
maraqlarını sadə vətəndaşların haqqı-hüququ, rifahı naminə qurban verirdilərsə, indi isə birbaşa milli maraqlarımıza zərbə vurmağa yönəldirlər. Mal-mülk, pul-sərvət hərislərinin mövqe uğrunda mübarizələri artıq o qədər qızışıb ki, belə bir addımların hətta ölkəmizin beynəlxalq imicinə zərbə vurması danılmaz həqiqətə də çevrilib.
Bir məqama da toxunaq ki, nə qədər arzuolunmaz və xoşagəlməz hal olsa da, zaman-zaman xatırlanacaq ki, Bakıda 1-ci Avropa Oyunları qəza ilə başladı.Məlum olduğu kimi, 2015-ci ilin 11 iyununda saat 8.30-da 1-ci Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-nə məxsus avtobus hərəkət zolağından çıxaraq, piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paserə bədən xəsarətləri yetirdi. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmaqla, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlandı.
Yol nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov, elə həmin gün şübhəli şəxs qismində saxlandı və onu ittiham etməklə məhkəmə tərəfindən barəsində həbs qətiimkan tədbiri də seçildi. Prossesual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən “Bakubus” MMC-in vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır. Onu da xatırladaq ki, adı çəkilən müəssisə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğluna məxsusdur. Bu fakt öz-özlüyündə bir daha təsdiq edir ki, Azərbaycanda nazirlər idarə etdikləri sahələrə yaxın olan sahibkalıq subyektlərini də, öz qohumları və yaxın ətrafları arasında “pay-püşk” edirlər. Qəzanın arzuolunmaz görüntülərinin dərhal yayımlanması, həm də görüntüləri qeydə alan mənbənin hansısa yoldan ötən adamın mobil telefonu ilə deyil, məhz nəqliyyatın intellektual idarəetmə sistemi ilə qeydə alınması və onun KİV ötürülməsi, Bakı şəhərinin sərnişindaşınma sistemində konfliktin mövcudluğundan xəbər verirdi.
Amma, düşünürük ki, uğurla başa çatan 1-ci Avropa Oyunlarından sonrakı düzənə, ölkə rəhbərliyi yenidən diqqət yetirəcək. Bir halda ki, lazım gəldiyi təqdirdə oliqarxlara məxsus villalar sökülür, lazımi addımlar atılır, deməli möhtərəm Prezidentimizin vermiş olduğu, amma bugünədək unudulmuş tapşırıqlarından birinin də yerinə yetiriləcəyi gün uzaqda deyil.
P.S. Biz çəkiliş aparan zaman, yəni gündüz saatlarında ərazidə bir az seyrəlik olsa da, saat 9-dan sonra tıxac əlindən tərpənmək mümkün olmurdu. Kafeyə gələnlər maşınlarını necə gəldi saxlayırdılar. Ticarət mərkəzinə ərzaq gətirən maşınlar isə, Mətbuat prospektinə çıxan yolu bağlamışdılar. Maşınlardan kafeyə qəlyan da daşıyırdılar. Adının çəkilməsini istəməyən bina sakinləri bildirdilər ki, gecələr kafedə güclü qumar da oynanılır.
Belə olan halda Daxili İşlər Naziri cənab Ramil Usubova belə bir sualla müraciət edirik
. -Cənab nazir! Necə olur ki, avtomobilimizi küçədə saxlayıb dərman almaq məqsədilə aptekə gedİb qayıdan zaman, şanlı polis əməkdaşlarımızın bir dəqiqəyə avtomobilimizi cərimə meydançasına aparmalarının şahidi oluruq. Amma avtomobillərini saatlarla səkilərdə, piyadaların gedib-gəldiyi yolun ortasında saxlayan “Nar kafe”nin müştərilərinə, yəni harınlamış məmur balalarına güldən ağır söz deyən olmur. Məgər, Azərbaycan qanunları kasıb balaları üçündürmü? Acınacaqlı hal odur ki, kafenin hər iki qapısı birbaşa magistral yola açıldığından, kafedən çıxan sərxoş müştərilər bəzən öz yolu ilə hərəkət edən avtomobillərin altına düşürlər, bu da ki, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Cənab Ziya Məmmədovu hardasa başa
düşmək olar! Çünki, ərkəsöyn qardaşoğlunun öhdəsindən gələ bilmədiyi üçün, yəqin ki, ona heçnə deyə bilmir. Belə bir özbaşınalıqları görə bilməyən aidiyyəti qurumların rəhbərlərinə isə bir məsləhətimiz var. Doğrudan da siz belə bir biabırçılıqları görə bilmirsinizsə, o halda mütləq göz həkiminə müraciət edin. Bəlkə həkimlər gözlərinizi aça bildi.
İnanırıq ki, vaxtilə “Şüşəli bazar” adlanan ərazinin ətrafında yaşayan sakinlər bir gün o şad xəbəri eşidəcəklər ki, cənab Prezidentin bir neçə il bundan əvvəl vermiş olduğu, amma bugünədək icra olunmayan tapşırığının icrasına başlamaq üçün, Bakı şəhərinin meri Hacıbala Abutalıbov özündə cəsarət tapıb, Mətbuat prospekti ilə Hüseyn Cavid prospekti arasında yerləşən “DARDANEL” boğazını musiqi sədaları altında sökdürür. Təki həqiqət olsun!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?