Bir qədər öncə president İlham Əliyevin sərt tənqidindən sonra Vergilər naziri Fazil Məmmədovun klanı təşviş içindədir. Preidentin Nazirlər Kabinetinin iclasında Vergilər Nazirliyini sərt tənqid etməsi, sahibkarlara “haqq qoyulması” və “krışalıq” edilməsi ilə bağlı söylədikləri Fazil Məmmədov klanını ciddi təlaşlandırıb. F.Məmmədov ona vergilərin yığılması ilə bağlı verilən səlahiyyətlərdən sui-istifadə edərək hakimiyyətdəki ciddi fiqurların da mənafeyinə toxunub ki,
“qırmızı xətti” keçməsi onu ciddi hədəfə çıxarıb. İddialara görə, özünü tezliklə baş nazir kreslosunda görmək arzusunda olan F.Məmmədov vergi yoxlamalarından özünün biznes imperiyasını və iqtisadi qüdrəti gücləndirmək məqsədi güdüb ki, bu da iqtidar dairələrində ciddi narazılıq yaradıb.
F.Məmmədovun klanını narahat edən ən ciddi məqamlardan biri isə prezidentin sahibkarlara şəxsən ona müraciət etmələrini deməsi və “bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir” sözləridir.
Xəbərlərə görə, F. Məmmədovun icra başçısı təyin etdirdiyi kadrlar, ümumiyyətlə, özlərini itiriblər. Vergilər
Nazirliyində işləyərkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov F.Məmədovun birbaşa dəstəyi ilə Şəmkirə icra başçısı təyin edildikdən sonra bu rayondan Prezident Administrasiyasına göndərilən şikayətlərin sayı artıb. A.Məmmədov rayonda xüsusilə sahibkarlara göz açmağa imkan vermir. Onun özbaşınalıqları haqda son vaxtlar KİV-lərdə xeyli şikayət xarakterli materiallar dərc edilib. İddialara görə, özünü “Polad Ələmdar” kimi aparan icra başçısı prezidentin çıxışından sonra yumşalıb, son günlər camaat arasına çıxıb, onların dərd-səri ilə maraqlanıb.
Rayondan verilən xəbərlərə görə, xüsusilə F.Məmmədovun “dobrosu” ilə sahibkarları incidən icra başçısına “sizin də
”xodunuzu” alan tapıldı”, deyiblər. Bir neçə sahibkar daha qanunsuz vergi yoxlamalarına imkan verməyəcəkləri və icra başçısına “haqq” göndərməyəcəkləri barədə razılığa da gəliblər. Rayonda tezliklə F.Məmmədovun və onun adamlarının vəzifədən çıxarılacağı barədə də xəbərlər yayılıb.
Prezidentin çıxışından sonra təlaşda olan daha bir icra başçısı isə F.Məmmədovun qaynı Xaləddin İsgəndərovdur. Binəqədidəki yanan binanın tüstüsü “bacasından çıxmamış” prezidentin sərt tənqidi ona daha bir ağır zərbə olub. Yaxın adamlarını (onların əksəriyyəti yaxın qohumları və pul yığanlarıdır) yanına
toplayan X. İsgəndərov nazirin vəziyyətinin “xarab” olduğunu deyib. X. İsgəndərov sahibkarlardan və digər obyektlərdən pul yığımının “müvəqqəti dayandırılmasına” göstəriş verib. Həmçinin birbaşa onun göstərişi ilə tikilən qanunsuz tikintilərin dayandırılmasını istəyib. O yaxın ətrafına deyib ki, “Fazili işdən çıxarsalar, bəlkə də məni tutdular…”
Redaksiyamıza bu xəbəri verən mənbə iddia edib ki, mayın 19-da yanan bina ilə bağlı istintaqa çağırılıb bir neçə dəfə dindirilən X.İsgəndərovun əleyhinə ifadə var. Məhz onun ərazisində baş verən məşum hadisə Avropa Oyunları ərəfəsində hakimiyyətin və bütövlükdə ölkənin
imicinə ciddi zərbə oldu. Ona qarşı ifadə verənlərdən biri yanğın işi ilə bağlı hazırda həbsdədir. “O, hətta Xaləddin İsgəndərovun başqa qanunsuz əməlləri barədə də istintaqa danışacağı ilə hədələyib” deyə, mənbəmiz bildirib.
Yaranmış vəziyyət Xaləddin İsgəndərovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq xəyallarını da suya düşürmüş oldu.
Xəbərlər belə deməyə əsas verir ki, F.Məmmədovla və onun yaxın ətrafı ilə bağlı proses gedir və onların təlaşı üçün səbəb ciddidir.
Vergilər naziri Fazil Məmmədovun tam nəzarətində olan Şəmkir rayonunda gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı sensasion məlumatlar da yayılmaqdadır. Bundan bir müddət əvvəl də vergilər nazirinin Şəmkirə böyük pullar yatırması və orada böyük işlər görməsi, hətta aparılan işlərin miqyasına görə bu rayonun “İkinci Qəbələ” adlandırılması barədə xəbərlər yayılmışdı. İndi isə bu barədə yeni məlumatlar və faktlar əldə etmişik.
Bu barədə əldə etdiyimiz məlumatlarda bildirilir ki, vergilər nazirinin Şəmkirdə gördüyü işlərə təxminən 700 milyon manata yaxın vəsait qoyması demək olar
ki, bu rayonun yenidən qurulmasına səbəb olub. Rayonun inkişafı və abadlaşdırılması baxımından bu müsbət məqam kimi qeyd olunsa da, yerli əhali bu işlərin görülməsi nəticəsində Şəmkirə məxsus bir sıra ənənəvi ştrixlərin, Alman məhəlləsinin, almanlardan qalma qədim konyak zavodunun silinməsindən narahat və narazıdı. Onların sözlərinə görə, hazırda Şəmkir böyük tikinti meydançasını xatırladır və bəlkə də gələcək nəsillər bunun faydasını görəcək. Amma F.Məmmədovun indi Şəmkirdə gördürdüyü işlər rayonun bir çox sakinlərinə işgəncə yaşadır, onlarla iş adamının, yüzlərlə sadə vətəndaşın haqqı tapdanır. Torpağı əlindən alınır, obyektləri, evləri sökülür. Bu qədər böyük pulların və
işlərin qabağında onlara qəpik-quruş ödənilir, etirazları dinlənilmir.
Nazirin Şəmkirdə apardığı işlərlə bağlı narazı sakinlərdən aldığımız məlumatlarla yanaşı, bu işləri yaxından bilən, onun sxemi haqda kifayət qədər bilgili olan qaynaqlardan da xəbərlər əldə etmişik. Həmin xəbərlərdə bütün məsələlər xırda detallarına qədər öz əksini tapır və demək olar ki, vaxtaşırı qaynaqlarımızdan yeni məlumatlar gəlir.
Bu xəbərlərdə bildirilir ki, Fazil Məmmədovun “Şəmkir imperiyası” layihəsinə böyük paralar cəlb olunduğundan dairəyə kənar adamlar buraxılmır. Bu işlərlə nazirin ən yaxın adamları məşğuldurlar. Hətta F.Məmmədovun Bakıda yüksək vəzifə tutan adamları da günlərini əsasən Şəmkirdə keçirilər. Ümumilikdə isə işlərə nazirin bacısının həyat yoldaşı olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məsafədən nəzarət edir. O isə rayondakı işləri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər üzrə icra nümayəndəliyinin rəhbəri Həsənov Çingiz Həsən oğluna tapşırıb.
Ç.Həsənov ona göstərilən etimaddan istifadə edərək böyük paralar qazanmaqla yanaşı, həm də demək olar ki, bütün qohum-əqrəbasını vəzifələrə yerləşdirib, yaxud hansısa formada başında olduğu layihəyə cəlb edib.
Məsələn məlumatda bildirilir ki, Ç.Həsənov qardaşı Elxan Həsənovu “Ata Holdinq”in Şəmkirdəki Quşçuluq Təsərrüfatının başına gətirib, bir bacısı oğlunu “ATA Bank”ın Şəmkir filialının, digərini isə rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin etdirib. İkinci həm də F.Məmmədovun layihəsində tikinti-
quraşdırma işlərinə nəzarət edir. Onun Əflatun adlı yaxın adamı isə Kommunal Təsərrüfat Birliyinin rəisidi.
F.Məmmədovun həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdə çalışanların əksəriyyəti isə nazirin və Ç.Həsənovun həmkəndliləri - Dəllər Cəyir sakinləridir.
Məlumatda qeyd edilirdi ki, nazirin layihəsinə əsas nəzarəti həyata keçirməklə onsuz da böyük pullar qazanan Ç.Həsənov görülən işlərdə istifadə olunan tikinti materiallarını da öz şirkətindən alır. Bu
məqsədlə Ç.Həsənov “Sizin ev” adlı şirkət qurub. Həmin şirkətə nəzarəti Ç.Həsənovun adamı olan Dəllər Beton-Zavod Tikinti Materialları Kombinatının Vaqif adlı rəhbəri həyata keçirir.
Bununla da Ç.Həsənov iki tərəfli qazanır. Həm gördüyü işlərə görə, F.Məmmədovdan pul alır, həm də öz şirkətinin məhsullarını satdırır.
Amma Ç.Həsənovun vergilər nazirinin Şəmkir layihəsilə bağlı gördüyü işlərdə ən sensasion məqam bunlar deyil. Ən sensasion hadisə odu ki, F.Məmmədovun Şəmkirdə inşa etdirdiyi Heydər Əliyev Mərkəzinin yerləşdiyi 10,5 hektar ərazi
Ç.Məmmədovun adına özəlləşdirilib: “Ölkənin heç bir yerində belə biabırçılıq baş verməyib. Faktiki olaraq Şəmkirdə Bayraq meydanına çatmamış, YAP-ın rayon təşkilatının binasının arxasında yerləşən Heydər Əliyev Mərkəzi Çingiz Həsənovun adına sənədləşdirilən özəl ərazidə yerləşir. Sabah həmin adam deyə bilər ki, mən öz ərazimdən başqa məqsədlər üçün istifadə edirəm. Bu böyük biabırçılıqdı. Nəfsi Çingiz Həsənovu hətta belə bir təhlükəli addımı atmağa vadar edib”.
Aldığımız məlumatlarda F.Məmmədova məxsus, bir neçəsini də Ç.Həsənovun yönətdiyi beş şirkətin Şəmkirdə 700 milyon manatı nələrə xərclədiyi əks olunur. Mənbəyi bilinməyən bu pulun 40 milyon manatının rayondakı “Excelisior” otelinə xərcləndiyi, rayonda beşinci küçə kimi tanınan İsrafil Məmmədov küçəsində “Oksford” məktəbi, Dəllər Cəyirdə illik təhsil haqqı 5000 manat olan xüsusi “Oksford” məktəbi, illik ödəniş qiyməti 3500 manat olan “Oksford” bağçası tikdirildiyi bildirilir.
Bundan başqa demək olar ki, Şəmkir şəhərində hektarlarla torpaq sahələri alınıb. İndi görülən işlərdən sonra həmin
torpaqların bir sotu 20-30 min manata satılır. Rayon yeri üçün bu qiymət fantastik sayılsa da, F.Məmmədov Şəmkirə böyük paralar yatırmaq hesabına oranın böyük bir mərkəzə çevrilməsinə nail ola bilib.
Vergilər nazirinin Şəmkirdə gördüyü böyük işlərdən biri də almanlardan qalma, Şəmkir hələ Anilfeld adlanan dövrdə - 1872-ci ildə tikilən tarixi Konyak Zavodunu ələ keçirməsidi. Şəmkirdə həm də tarixi bir məkan sayılan bu zavodun tamamilə dağıdılaraq, ələ keçirilməsi rayon sakinlərinin narazılığına səbəb olub.
Bu barədə əldə etdiyimiz məlumatda bildirilir ki, 2 hektar 31 sot ərazisi olan Konyak Zavodu rayonun keçmiş polis rəisi Şamil Qurbanovun (Eldar Həsənovun qudasıdır) oğlu Rövşən Qurbanovun adınadı. Həmin ərazinin bir sotu 5500 manatdan F.Məmmədova məxsus və Ç.Həsənovun nəzarət etdiyi firmalardan birinin adına özəlləşdirilir. Xəbərdə qeyd edilir ki, bunun üçün 8 ay əvvəl 130 və 200 min manat olmaqla iki dəfəyə R.Qurbanova 330 min manat verilib. Hazırda Konyak Zavodunun özəlləşdirilməsi prosesi davam edir.
R.Qurbanovun vergilər nazirinin adamlarından 330 min manatı alarkən
Türkiyədə 200 min dollar borcu var imiş və həmin pulun bir hissəsilə borcunu ödəyib.
Bundan başqa, F.Məmmədov Şəmkir bələdiyyəsinin, şəhər icra nümayəndəliyinin, Kadastr İdarəsi və Mədəniyyət Şöbəsinin yerləşdiyi rayon İcraiyyə Komitəsindən qalma binanı da ələ keçirərək, orada “Azərbaycan” Universitetinin filialını yaratdığı bildirilir. Bu yaxınlarda da tələbə üsyanına səhnə olan həmin universitetin gizli sahibinin F.Məmmədov olduğu iddia edilir.
Hazırda Şəmkirdə “Azərbaycan” Universitetinin filialı üçün yeni böyük bina tikilir.
F.Məmmədov həmçinin öz kəndi olan Dəllər Cəyirliyə küll-miqdarda para yatıraraq demək olar ki, oranı şəhərə çevirib.
Məlumatda o da bildirilir ki, F.Məmmədovun “Şəmkir İmperiyası” layihəsi çərçivəsində tikinti quruculuq işlərinə Ç.Həsənov rəhbərlik etsə də, onun bütün maliyyə məsələlərinə nəzarəti Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov həyata keçirir. A.Məmmədova isə maliyyə hesabatını Gədəbəydən olan Vaqif adlı vəkil verir.
Həmin şəxsin F.Məmmədovun böyük qardaşı ilə quda olduğu bildirilir.
F.Məmmədov və onun adamlarının Şəmkirdə həmçinin xeyli istirahət mərkəzləri, restoranları və digər obyektləri var. Nazirin “Şəmkir imperiyası” ilə bağlı əlimizə yetişən məlumatların bir qismini təqdim etsək də, onların bir hissəsi ilə bağlı bir daha dəqiqləşdirmələr aparmaq lazım gəldiyindən, onlarla əlaqədar əlavə məlumatlar almağa çalışırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?