Sabiq nazirin fəaliyyətinin ən yüksək səviyyədə tənqid edilməsi onunla bağlı proseslərin yönünün dəyişəcəyi barədə müzakirələrə səbəb olub
Sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədən çıxarılması əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Xüsusilə yeni nazirin kollektivə təqdimatı zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi sabiq nazirlə bağlı proseslərin yönünün dəyişəcəyi barədə müzakirələrə səbəb olub. Bu onun üçün artıq həyəcan siqnalı hesab oluna bilər. Səhhətinə görə işdən alındığı deyilən F.Məmmədovun fəaliyyətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, özünün isə hətta həbs oluna biləcəyini proqnozlaşdıranlar da var.
Bu proqnozların özünü doğrultma ehtimalı nə qədərdir? F.Məmmədovun özü üçün də gözlənilməz olan (Prezident sərəncamı açıqlanmazdan bir neçə saat öncə o, nazirlikdə geniş kollegiya iclası keçirmişdi - red.) qərarın ardınca onun həbsi gələ bilərmi?
Politoloq Qabil Hüseynli “Yeni Müsavat” a açıqlamasında dedi ki, R.Mehdiyevin F.Məmmədovu tənqid etməsi vergi orqanlarında işin yaxşılaşdırılması məqsədi daşıyıb: “Heç kimə sirr deyil ki, vergi sistemində nöqsanlar vardı. Xüsusilə xırda və orta sahibkarlar təbəqəsinə qarşı təzyiqlər olunurdu, onların sıxışdırılması açıq-aydın gözə çarpırdı. Prezidentin bu sahibkar təbəqəsinə qayğısı da göz önündədir. Yoxlamaların dayandırılması da birbaşa dövlət başçısının bu münasibətinin göstəricisidir. Düşünürəm ki, Fazil Məmmədov bu sahibkarlara qarşı müəyyən nöqsanlara yol verdiyinə görə Ramiz Mehdiyev həm təkliflərini verib, həm də yeni nazirə bir növ hansı sahələrə daha ciddi diqqət yetirməsinin gərəkdiyini başa salıb.”
Q.Hüseynlinin fikrincə, F.Məmmədovun qəfildən, əvvəlcədən məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov kimi səlahiyyətləri əlindən alınmadan çıxarılması ona qarşı planlı fəaliyyətlərin olmadığını göstərir: “Bu isə o deməkdir ki, Fazil Məmmədovla yollar daha mülayim ayrılır. Eyni zamanda qeyd etmək lazımdır ki, Fazil Məmmədov hakimiyyətə daim sədaqətlə qulluq edib. Həmişə öz mənafeyi ilə dövlətin mənafeyini uyğunlaşdırmağı bacarıb, çərçivələri aşmayıb”.
İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Mikayıl Cabbarovun vergilər sahəsində məlumatlı olmaması barədə deyilənlərlə razılaşmır: “Yeni nazir ixtisasca həm də iqtisadçıdır, ilk iş yerləri də sırf iqtisadi blok olub. Bu baxımdan, onun məlumatsız olduğunu düşünmürəm”.
V.Bayramov deyir ki, vergilər strateji sahədir: “Qeyri-neft sektorunun, sahibkarlığın inkişafında vergi siyasəti həlledici faktorlardan biridir. Vergi siyasəti liberal olacaqsa, qeyri-neft sektoru, sahibkarlıq inkişaf edəcək. Bu siyasət sərt olacaqsa, əksinə, hər iki sahədə inkişafa mənfi təsir göstərəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?