PA rəhbəri süni şəkildə “hələ də ayaqdayam” obrazı yaradır
Keçən ilin sonlarına yaxın Prezident Administrasiyasında struktur islahatları həyata keçirildi və Parəhbərinə yeni müavin postları təsis edildi. Onu da bildirək ki, hələ də həmin postlarla bağlı daxili əsasnaməyə dəyişiklik edilməyib. Bu barədə məlumatı bizə hökumət içindəki qaynaqlar ötürüb. Mənbə bildirir ki, bu yolla müavinlərini səlahiyətsiz durumda buraxdığını zənn edən PA şefi Ramiz Mehdiyev əslində həm də kənara özünün hələ də güclü mövqedə olduğunu nümayiş etdirmək fikrindən çıxış edir: «Təbii ki, bu gün Ramiz Mehdiyevin öz çevrəsinə «hələ də ayaqdayam» mesajını ötürməsi çox vacib bir şərtdir. Çünki onun son aylarda çox ciddi zərbələr aldığı faktdır. Onun ən yaxın adamı kimi tanınan PA-nın şöbə müdiri Əli Həsənov isə mətbuata açıqlamasında «hələ bilmirəm, bir ay sonra mən harda olacam» kimi açıqlamalar verərək Mehdiyev tərəfdarlarını əməlli-başlı pəjmürdə edib». Mənbəmizin sözlərinə görə, Ramiz Mehdiyevin 4 müavinindən üçü onun əzəli və əbədi rəqibləri kimi tanınırlar: «Bu gün Əli Əsədov böyük imkanlar əldə etmək yolunda çox ciddi addımlar atır. Bayıl qəsəbəsində özünə ciddi biznes şəbəkəsi yaradan Əli Əsədovun həm də iqtisadi gücə çevrilmə yolunda iri addımlar atması təbii ki, Ramiz Mehdiyev üçün heç də arzuolunan mənzərə deyil. Eyni zamanda Məhərrəm Əliyev kimi bir fiqurun PA-da kifayət qədər ciddi mövqedə dayanması da PA şefinin maraqlarını baltalamaqdadır. Zeynal Nağdəliyevə gəlincə isə bu adama qarşı aşkar surətdə həyata keçirilən qara piar kampaniyası Ramiz Mehdiyevin hansı dərəcədə ehtiyatlanmasının təzahürü kimi qəbul olunmalıdır». Məlumatlı qaynaq iddia edir ki, hələ də müavinlərini bir araya toplamayan, az qala onlarla kəlmə belə kəsməyən Ramiz Mehdiyev bu yolla onların «köməkçi» olduqları qənaətini formalaşdırmağa çalışır: «Xatırlayırsınızsa, Mehdiyevə yaxın mətbuatda «yeni müavinlər kimdir ki, onlar Ramiz Mehdiyevin köməkçiləridir» şəklində bir ifadə yer almışdı. Bütün bunlar boşundan deyildi və əslində Ramiz Mehdiyevin əndişəsinin nəticəsi idi. İndi isə PA şefi mövqelərini möhkəmləndirmə yolunda atdığı addımlar zamanı yeni müavinlərini də unutmayıb. Hətta onların başını ara-sıra dəftərxana işləri ilə də qatır. Yəni onlara yerlərini göstərməyə çalışır». Vəziyyətin təbii ki, bu şəkildə getməyəcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, Ramiz Mehdiyevin yola salınması may ayına planlaşdırılır: «Bu plan dəyişməyib. Ona görə də Mehdiyevin sırf olaraq öz çevrəsinə və «obıvatel»lərə hesablanmış gedişləri o qədər də ciddi əhəmiyyət daşımır». Azər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?