Məmmədzadənin son aylar ciddi şəkildə aktivləşməsi təsadüfi deyil
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin yaxınlaşması millət vəkili adına iddialı olan şəxsləri də hərəkətə keçirib. Artıq bir sıra şəxslər müxtəlif dairələrdən deputatlığa namizədliklərini irəli sürəcəklərini bəyan edərək, ortaya iddia qoyublar.
Bu il deputatlığa namizəd olacaq şəxslər arasında bir sıra məmur övladlarının da adı çəkilir. Editor.az-a bu xüsusda bir sıra özəl məlumatlar daxil olub. İddialara görə, bu il millət vəkilliyinə namizədliyini irəli sürəcək məmur övladları sırasında "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə də olacaq. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvü olan B. Məmmədzadənin bu məqsədlə son aylar ciddi şəkildə aktivləşdiyi deyilir. Onun YAP Gənclər Birliyinin xətti ilə bir sıra xarici səfərlərdə olduğu, iqtidara yaxınlığı ilə seçilən mətbu orqanlarda tez-tez təbliğ olunduğu bildirilir.
Məlumatlara görə, gənc fəalın atası "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov oğlunun hakim partiyanın namizədlər siyahısında yer alması üçün YAP rəhbərliyindəki şəxslərə dəfələrlə minnətçi düşüb. Hakimiyyət daxilində həm siyasi, həm də maddi imkanlarına görə diqqətçəkən mövqeyi olan Məhəmməd Məmmədovun oğlunu Yasamal rayonundakı dairələrin birindən namizəd kimi görmək istədiyi iddia olunur.
"Aztelekom" İstehsalat Birliyinin baş direktorunun bu arzusunun nə qədər real olduğu isə YAP-ın yaxın günlərdə ictimaiyyətə açıqlayacağı deputatlığa namizədlər siyahısından sonra ortaya çıxacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?