Şöbə müdiri nazirlə nəyin mübahisəsini edib və niyə işdən çıxıb?
Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bu günlərdə işdən çıxarılıb. Onun yerinə hələlik təyinat olmayıb. Bu barədə günorta saatlarında məlumat yayılıb. Nəqliyyat Nazirliyindən xəbəri təsdiqləyiblər, lakin bildiriblər ki, S.Məmmədov səhhəti ilə əlaqədar, öz ərizəsi ilə işdən çıxıb. Məlumatda o da bildirilir ki, S.Məmmədov Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılması işinə rəhbərlik edib. Onun rəhbərliyi altında Koreya şirkətləri ilə aparılan Bakı buxtası üzərindən körpü tikmək müzakirələri isə uğursuz nəticələnib. Digər bir məlumatda isə deyilir ki, Sədrəddin Məmmədov ərizə yazmamışdan əvvəl nazir Ziya Məmmədovla bərk mübahisə edib. Səbəb hansısa layihəyə görə onun şöbə müdiri kimi müəyyən sənədləri imzalamaqdan imtina etməsi olub. Ziya Məmmədovun təkidlərinə baxmayaraq o, sənədləri imzalamayıb. Üstəlik xəbərdarlıq edib ki, layihənin gerçək mahiyyəti barədə ölkə rəhbərliyini məlumatlandıracaq. Bundan sonra Ziya Məmmədov şöbə müdirinə onunla işləyə bilməyəcyini deyib, Sədrəddin Məmmədov da ərizəsini yazaraq işdən gedib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?