Müharibə aparan ölkənin idarəçilərinin oğul uşağı yüksək vəzifələrdədir, zabit olanları isə barmaqla saymaq olar
Nazir balalarının adını qalmaqallı məsələlərlə birgə qəzet məhkəmələrində də eşidə bilirik, amma nə yazıq ki, bir nazirimizin övladının adını cəbhə bölgəsindən eşidə bilmirik
Azərbaycanda mərkəzi icra hakimiyyətlərinə - nazirlik və komitələrə rəhbərlik edən məmurların övladlarının hansı işlərdə çalışdığı, harada təhsil aldığı haqda modern.az saytı araşdırma aparıb. Başlayaq Azərbaycanın ən güclü dövlət qurumlarından birinə - Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun övladlarından. Fövqəladə hallar nazirinin iki oğlu var və onların heç biri məmur postu tutmur. Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimi tanınırlar. K.Heydərovun oğlanlarının hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar. Nazirin böyük oğlu olan Taleh Heydərov diaspor fəaliyyəti göstərən "Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, "Qəbələ” Futbol Klubunun prezidentidir. Taleh Heydərov bir neçə dəfə gurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Taleh Heydərov hazırda Avropada-İngiltərədə yaşayır. O, "Avropa-Azərbaycan Cəmiyyəti”ni və "Qəbələ” Futbol Klubunu da elə oradan idarə edir. Tale Heydərov həm də «United Enterprises International» şirkətlər qrupunun İdarə Heyətinin sədridir. T.Heydərov uğurlu diaspor fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən "Tərəqqi” medalı ilə də təltif olunub. Nazirin kiçik oğlu Nicat Heydərov həmin "United Enterprises International” şirkətlər qrupunun sədr müavinidir. Taleh və Nicat Heydərovlar bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var. Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Azərbaycanda daha bir nüfuzlu nazirliyi idarə edən məmurun - nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan ZQAN Holding-in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti, inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir. Nazir oğlu həm də "Azərbaycan – Amerika Alyansı"nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur. Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. "Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb. Ona görə də bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işləri Anar Məmmədova həvalə olunub. Ziya Məmmədovun qızı Nigar xanımın hansı işdə çalışdığını öyrənə bilmədik. Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir. Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Nazirin oğlu Arif Rəhimov tələbədir, İqtisad Universitetində təhsil alır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iki övladı var və onların hər ikisi tələbədir. Nazirin oğlu Eldar Abbasov yerli universitetlərdən birində, qızı Ülkər Abbasova isə xaricdə təhsil alır. Məlumatlara görə, nazirin oğlu 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində kurs keçərək leytenant hərbi rütbəsi alaraq Bakı korpusunda xidmət keçib və sonra ehtiyata buraxılıb. Hökumətin əsas fiqurlarından biri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev artıq bir neçə yüksək post dəyişib. Teymur Mehdiyev 2003-cü ildə Gənclər və İdman Nazirliyində turizm idarəsinin rəisi təyin olunub. Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra isə T.Mehdiyev turizm üzrə nazir müavini vəzifəsinə irəli çəkildi. 2011-ci ildə Teymur Mehdiyev Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. Elə həmin ilin iyulunda Teymur Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Baş nazirin birinci müavini Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibidir. Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir. Nazirin bir oğlu Tibb Universitetində tələbədir. O.Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır. İqtisadi inkişaf naziri Şahin Mustafayevin də üç övladı var. Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, Şahin müəllimin övladları təhsil alırlar, yəni işləyəcək yaşda deyillər. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bır qızı və bir oğlu var. Əli müəllimin oğlu Şamxal Həsənli "Kaspi Global” istehsalçı şirkətinin rəhbəridir. Bu yaxınlarda mətbuata məlumat verən Şamxal Həsənli bildirib ki, "Kaspi Global” istehsalçı şirkəti Azərbaycanda iki iri miqyaslı və peşəkar yaradıcı heyətin iştirakı ilə teleserial çəkir. Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub. "Aydın” və "Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq. Baş nazirin müavini, "Dövlətqaçqınkom”un sədri Əli Həsənovun oğlu Emin Həsənov polis sistemində çalışır, zabit kimi məsul vəzifə tutur. Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun üç övladı var: bir qız, iki oğlan. Nazirin qızı tələbədir, hazırda magist təhsili alır. H.Bağırovun oğlanları isə heç bir məsul vəzifə tutmurlar, onların hər ikisinin siravi işlərdə çalışdığı bildirilir. Müdafiə naziri Səfər Əbiyev 2 övladı var. Onlardan biri Roman Əbiyev Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsində çalışır. Bundan əvvəl isə Roman Əbiyev Xəzər rayon Prokurorluğunda müfəttiş kimi çalışıb. Yeri gəlmişkən, Xəzər rayon prokuroru Fəxri Ələsgərov Milli Məclisin sabiq spikeri, mərhum Murtuz Ələsgərovun oğludur. Onun qardaşı Fuad Ələsgərov isə Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiridir. Mədəniyyət və turizim naziri Əbülfəz Qarayevin bir qızı var. Amma onun haqqında heç bir məlumat əldə edə bilmədik. Təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. O, DİN-in Narkotiklə Mübarizə İdarəsində işləyir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsinində çalşır. Nazirin digər qızı Gül Mərdanova haqqında isə heç bir məlumat əldə edə bilmədik. Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çaılışır. İ.Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Nəcməddin Sadıqovun iki oğlu var. Məlumatlara görə, onlar Azərbaycanın müxtəlif ölkələrdəki diplomatik korposlarında çalışırlar. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da məmur oğludur. Onun atası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovdur. Pərviz şahbazov 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiridir. Bu arada etaits.com saytı başqa bir araşdırma aparıb. Son zamanlar Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan - Amerika Alyansının Vaşinqtonda 700 nəfərin iştirakı ilə böyük tədbir keçirməsi mətbuatın gündəmindən düşməməsinə diqqət çəkən sayt bildirir ki, lobbiçilik fəaliyyəti ilə bağlı olan bu tədbirdə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt komitəsinin sədri, respublikaçı Dan Barton, Konqresin aparıcı simalarından senator Seksbi Çemblis, senator Riçard Bur və Nümayəndələr Palatasının spikeri Con Bohner kimi şəxslərin qatılması Bakıda ictimai-siyasi həyatda bir mənalı qarşılanmadı. Bunun üçün də müharibə şəraitində yaşayan ölkəmizdə nazirlərimizin övladlarından hansının ön cəbhədə və ya Müdafiə Nazirliyinin özündə hərbi rütbə daşıyıb-daşımadığı sualı ilə ilk olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytına daxil olduq. Nazirlyin mətbuat xidməti ilə (012) 493-50-26 nömrəsindən əlaqə saxlamaq istəsək də, bizə bununla əlaqədar heç bir yardım edə bilməyəcəklərini bildirdilər. Bizim "Azərbaycanın nazirlərlərindən hansının oğlu hərbi rütbə daşıyır?" sualımızı belə cavablandırdılar: "Heç bir məlumatımız yoxdur”. Daha sonra, Müdafiə Nazirliyinin mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Azərbaycan mətbuatının gündəminə nazirlərimizin övladları adətən ziyafətlərlə, xaricdə oxuduqları təhsil olacaqları, sürdükləri bahalı maşınlarla gəlsələr də indiyədək bir dəfə də olsun cəmiyyətə "nazirlərinin birinin oğlu hərbiçidir, zabit kimi ön cəbhədə xidmət edib” məlumatı daxil olmayıb. Yoxsa, doğrudan da Azərbaycan ordusunda nazirlərin, komitə rəhbərlərinin oğulları xidmət etmək istəmirlər?! Nədən Azərbaycanın nazirləri, nazir övladları düşünür ki, bizə hərbçidən çox onların evlərindən diplomatlar lazımdır. Hər halda vətən bizim hamımızın vətənidir. Vətənə isə xidmət etmək gərəkdir. Londonda lobbi fəaliyyəti ilə məşğul olan Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun fəaliyyətini oxuyuruq. Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu, məşhur biznesmen indi isə ABŞ-da lobbi fəaliyyəti ilə məşğul olan Anar Məmmədovun adının qalmaqallı məsələlərlə birgə qəzet məhkəmələrində də eşidə bilirik. Amma nə yazıq ki, bir nazirimizin övladının adını cəbhə bölgəsindən eşidə bilmirik. Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, yalnız Rabitə Naziri Əli Abbasovun oğlu 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində kurs keçərək leytenant hərbi rütbəsi alaraq Bakı korpusunda xidmət keçib və sonra ehtiyata buraxılmışdır. Olmayan yerdə yaxşı nümumədir! Redaksiyamıza, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun övladlarının da zabit kimi xidmət etməsi məlumatı daxil oldu. Onun övladlarından biri Naxçıvan MR-da (2001), biri isə Neftçalada (1999) zabit kimi xidmətdə olublar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?