Ankara terrorunda sonra bu çətin dilemmadan Ərdoğanı azərbaycanlı həmkarı qurtardı; prezidentin Türkiyənin dar günündə dost jesti geosiyasi situasiyada hər nə qədər riskli olsa da, iki qardaş ölkənin “bir millət, iki dövlət” olduğunu nümayiş etdirdi
Avropadakı böyük tədbirlərdən birində erməni iftira və hücumlarına münasibətdə prezident Əliyev belə demişdi: “Burada Türkiyə rəhbərləri yoxdur, lakin mən varam, Azərbaycan var...”
Ankaradakı terror partlayışından sonra Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan çətin dilemma qarşısında qalmışdı: Azərbaycana səfərə gedim ya getməyim? O, bir tərəfdən indiki ağır vəziyyətdə - terror aksiyasından iki gün sonra Azərbaycana səfərinin ölkəsində doğru anlaşılmayacağını düşünüb.
Digər tərəfdən Ərdoğan onu da düşünüb ki, Azərbaycan prezidenti İlham Əliyevlə ikinci dəfə eyni səbəbdən görüşün təxirə salınması PKK terrorçularına və onların arxasındakı qüvvələrə yanlış siqnal ola bilər.
Ərdoğanın dilemması
Bu çətin dilemmadan Ərdoğanı azərbaycanlı həmkarı qurtardı. İlham Əliyev Ankaraya getməklə Türkiyəni parçalamağa və zəiflətməyə, o cümlədən Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqını hədəf alanlara aydın siqnal göndərdi: Strateji əməkdaşlıq mövzularını terrorçuların 5 ayda 3-cü dəfə hədəf aldığı Ankarada da müzakirə etmək mümkündür.
İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı çətin durumdan qurtararaq Ankaraya səfər etməsi gözlənildiyi kimi qardaş ölkədə yüksək qiymətləndirildi. Bu jest o qədər yerində və vacib idi ki, Ankarada bütün digər məsələlər, o cümlədən prezidentlərin müzakirə etdikləri mövzular və “viza məsələsi nə zaman həll olunacaq” kimi sual da arxa planda qaldı.
Tarixdə bu səfər imzalanan sənədlərlə deyil, İlham Əliyevin ağır zamanda Ankaraya səfəri ilə yadda qalacaq. Siyasətdə açıqlamalar və deyilən hər sözlə yanaşı vücud dilinə də diqqət yetirilir. İlham Əliyev arabadan enən kimi Ərdoğanı bir neçə dəfə qucaqladı, mətbuat konfransının sonunda isə Türkiyə Cümhurbaşqanını bağrına basdı.
Görünür, Ankaradakı son terror aksiyası Əliyevə də möhkəm təsir edib və o bədən dili ilə də Azərbaycanın Türkiyənin yanında olduğunu göstərmək istədi. Mən deyərdim ki, bu səhnə Ərdoğanı da yaxşı mənada təəccübləndirdi. Şübhə etmirəm ki, hazırda Rusiyanın hakim və ekspert dairələri də bu jestlərin mənasını oxumağa çalışırlar.
Misilsiz əxlaq
Odur ki, Azərbaycan prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri hər iki ölkənin mətbuatı və ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib. Heç şübhəsiz, bu səfər ölkəmizə müsbətlərlə yanaşı, azacıq da olsa, mənfilər də gətirə bilər. Belə ki, səfər ilk növbədə, Türkiyə ilə münasibətlərində hələ də gərginlik yaşanan Rusiyada qıcıq yarada bilər.
Bu mənada Azərbaycan prezidentinin qardaş ölkəyə səfəri təkcə terror faciəsində Türkiyənin yanında olmasını göstərmədi, eyni zamanda ölkəmizin Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Ekspertlərə görə, bu, Azərbaycanın təhlükəsizliyinə müəyyən problemlər yarada bilər. Ölkəmizin hətta bu səfərdən
sonra Türkiyəyə düşmən kəsilən İŞİD və PKK kimi terror təşkilatlarının hədəfinə gələ biləcəyindən ehtiyatlananlar da az deyil.
Ancaq ölkə başçısının Ankara səfəri comərd addım kimi dəyərləndirilir. Türkiyə özünün ağır günlərini yaşayır. Artıq son 5 ayda üçüncü terror hadisəsi törədilib. Ölkənin siyasi elitası, əhalisi böyük sarsıntı içərisindədir. Belə bir zamanda prezidentimizin Türkiyə səfəri həm Ankaranın imicini qaldırmaq, həm də Ərdoğanın nüfuzunun yüksəlməsi baxımından böyük əhəmiyyətə malik idi.
Azərbaycan nümayiş etdirdi ki, təkcə xoş günlərin deyil, çətin günlərin də dostudur. İki türkdilli dövlət bir-birilərini müdafiə etdiklərini dünyanın gözü qarşısında bəyan etdilər. Bu, Azərbaycan tərəfdən göstərilən misilsiz bir əxlaq nümunəsi idi. Azərbaycan isbat etdi ki, Türkiyə ilə sözdə deyil, işdə qardaşdır.
Dar günün dövləti
Bu səfər həm də Türkiyə və Azərbaycanı istəməyənlərə verilən mesaj idi. Söhbət burada Rusiyadan gedir. Ölkəmiz çox çətin riskə imza ataraq, Türkiyəyə çətin şəraitdə dəstək verdi. Bu, Rusiya daxilində müsbət ovqat yarada bilməz. Amma bu vəziyyət Azərbaycan rəhbərliyini qətiyyən narahat etmir. Çünki yaxşı bilirik ki, dar günümüzdə yanımızda olacaq yeganə dövlət Türkiyədir.
Azərbaycanın hərəkəti türk dünyasına da yönəlik müsbət mesaj idi. Heç şübhəsiz ki, səfərdə verilən mesaj türkdilli dövlətlərin şüurlarında müsbətlər yaradacaq. Türkiyə açıq şəkildə deyir ki, Qarabağ təkcə Azərbaycanın deyil, eyni zamanda onların məsələsidir.
Bundan sonra Qarabağ məsələsində Türkiyənin dəstəyinin daha da artacağı istisna deyil. Bir sözlə, ölkə başçısının səfəri tarixi bir səfərdir və Azərbaycan-Türkiyə dostluğunu, əməkdaşlığını daha da yüksəklərə qaldıracaq. Bu məsələni istəməyən tərəf yalnız Rusiyadır. Amma Rusiya anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir və strateji maraqlarını özü müəyyən edir.
Terror ölkəmizə ayaq açır?
Ekspertlər hesab edir ki, terror təşkilatları İlham Əliyevin Ankara səfərini başqa cür qiymətləndirəcəklər. Terror təşkilatları deyəcəklər ki, istədiyimizə qismən çatdıq, çünki Ərdoğanın səfərlərinə mane olduq. Məsələnin mənfi tərəfi odur ki, terrorçunun tələbləri yerinə yetirilərsə, daha irəli gedir. Türkiyə terror təşkilatlarından başqa Rusiya kimi də dövlətin hədəfidir.
Azərbaycanın bu məqamda Türkiyənin yanında olması təbii ki, Rusiyada qısqanclıq yaradacaq. Putinin aqressivliyi Azərbaycana da sıçraya bilər. Terror təşkilatlarından daha çox Rusiyanın hədəfinə gələ bilərik. Ehtiyatımızı əldən verməməliyik. Bəlkə də Azərbaycanın növbəti diplomatik gedişləri Rusiya ilə bağlı olacaq. Buna çalışmaq da lazımdır.
Onun hədəfinə gəlmək bizə lazım deyil. Rusiyadan zaman-zaman təhdid, təzyiqlər görmüşük. Onların terror törətmək imkanları daha çoxdur. Çünki terror təşkilatları ilə əlaqələri genişdir. Azərbaycan rəhbərliyi atmalı olduğu addımları daha yaxşı bilir. Ərdoğanın iki dəfə Bakıya səfərinə əngəl yaradılması düşünülmüş addım idi. Düşmənçilik mövqeyi ortada açıq şəkildə görünür.
Ərdoğan Bakıya gəlməsinin üzərində son ana qədər qətiyyətlə dayanırdı. Amma ölkə prezidentinin özünün Türkiyəyə səfəri qardaş ölkəyə, onun rəhbərinə dostluğunun nümayişi oldu. Bu addım kifayət qədər riskli idi.
Dünyaya açıq mesaj verildi.
Azərbaycan, şükürlər olsun ki, terror təhlükəsindən uzaqdadır. Amma istənilən an bu təhlükə bizə də sıçraya bilər. Ölkə başçısı bunları göz önünə gətirərək, müstəqil dövlət olduğumuzu bir daha nümayiş etdirdi. Bu səfər yeni səhifənin açılması deməkdir.
Türkiyədə terror niyə güclənib?
Ümumiyyətlə, Türkiyədə terror hadisələrinin intensivləşməsinin iki başlıca səbəbi var; birincisi daxili səbəbdir. Türkiyə hökumətinin, ordusunun, xüsusi xidmət orqanlarının PKK-ya qarşı çox effektiv mübarizə aparmasının nəticəsi indiki durumu yaradıb.
Küncə sıxılmış terror təşkilatı öz varlığını və güclü olduğunu göstərmək üçün intihar bombaçılarından istifadə edir. İkinci səbəb Suriyayla bağlıdır, bu ölkənin bir hissəsinə PKK-nin bir qolu olan PYD nəzarət edir.
Belə bir irəliləyişin və beynəlxalq dəstəyin olduğu bir vaxtda Türkiyə daxilində ağır itkilərin olması PKK-ni çox ciddi şəkildə qıcıqlandırır və təşkilat ölkənin daxili və xarici mühitinin mürəkkəbləşməsindən istifadə etməyə çalışır.
Ki, hökumət yenidən PKK-ni tərəf müqabili hesab edib onunla danışıqlar masası arxasında otursun. Ancaq indiki halda rəsmi Ankaranın təşəbbüsü əldən verəcəyini düşünmürəm. Yalnız PKK-nin Türkiyə daxilindəki və xaricindəki qüvvələri sıradan çıxarılacağı halda bu istiqamətdə müzakirə gedə bilər.
Təbii ki, terror təşkilatı zəiflədikdən sonra hər bir müharibə sülh danışıqlarıyla başa çatdığını nəzərə aldıqda, bu barədə də düşünmək olar. Türkiyə hökuməti çox qətiyyətli və qərarlıdır, daxildə və Şimali İraqda PKK-ya qarşı mübarizə davam edəcək.
“Olmasın Bakı, olsun Ankara”
Lakin dostluq və qardaşlıq münasibətləri, tarixi əlaqələr, tale bağlılığı riskli də olsa, ən doğru addımı seçməyə vadar edir. Prezident İlham Əliyev növbəti dəfə bir qardaşlıq, bir həmrəylik addımı ataraq, ən çətin situasiyada, ən ağır şərtlər daxilində belə Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi.
Müşahidəçilər hesab edir ki, Azərbaycanın dövlət başçısı “olmasın Bakı, olsun Ankara” mövqeyi ilə əslində bir millətin iki dövlətinin paytaxtları arasında fərq görmədiyini bütün dünyaya nümayiş etdirdi və bir nümunə ortaya qoydu. İlham Əliyevin bu addımı artıq ikinci dəfədir ki, iki qardaş ölkənin rəhbərinin görüşünü əngəlləmək istəyən güclərə tərs sillə, eyni zamanda Türkiyəyə böyük jest kimi qiymətləndirilir.
Ərdoğanın səfərinin təxirə salınması, Bakıda planlaşdırılan tədbirin Ankaraya köçürülməsi və İlham Əliyevin bütün qrafikini dəyişərək Ankaraya getmək qərarı verməsi olduqca mühüm məsələdir. Bu, Azərbaycanın Türkiyəyə hansı səviyyədə önəm verməsinin göstəricisidir... Ərdoğanın Bakıya səfəri öncəsi ikinci qanlı terror törədən Türkiyə düşmənlərinə bir növ cavab xarakteri daşıyan bu jest həm də onları qarşısına almaq deməkdir.
“Mən varam, Azərbaycan var...”
Azərbaycan bir qardaşlıq, bir həmrəylik addımı ataraq, hər hansı şərtlər daxilində Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirir. Ərdoğan Bakıya gələ bilmirsə, onu Azərbaycana gəlməyə qoymurlarsa, İlham Əliyev Türkiyəyə gedər; hər hansı bir vəziyyətdə qardaşları bir-birindən heç kim ayıra bilməz - bu addımın mənası budur!
Xatırladaq ki, Avropadakı böyük tədbirlərdən birində erməni iftira və hücumlarına münasibətdə prezident Əliyev belə demişdi: “Burada Türkiyə rəhbərləri yoxdur, lakin mən varam, Azərbaycan var...”
Qeyd edək ki, martın 13-də Ankaranın Qızılay meydanında canlı intiharçı-terrorist tərəfindən bomba yüklü maşının partladılması ilə həyata keçirilən terror nəticəsində 37 nəfər ölüb, 125 nəfər
yaralanıb. Paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 martda Azərbaycana nəzərdə tutulan səfəri son bir ayda ikinci dəfə təxirə salınıb.
Lakin bunun qarşılığında Azərbaycan prezidenti planlaşdırılan Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış edib və Türkiyəyə səfər edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?