Hakimiyyət hadisələri qəsdən qızışdırır; ABŞ və Avropa İran faktoru ilə təhdid edilir
Azərbaycanda islam ilahiyyatçısı Taleh Bağırzadənin həbsi tamamilə bir aprel zarafatı kimi qəbul edilə bilərdi, təkcə ona görə yox ki, bu xəbər aprelin 1-də açıqlanmışdı, həm də ona görə ki, islamçıların Bakıda dünyəvi gənclərin son etiraz aksiyalarına heç bir aidiyyatı yox idi. Bağırzadənin həbsindən təcrübəli yerli müşahidəçilər və xarici diplomatların ilkin təəccübü, güman etmək olar ki, daim qiyam edən Nardaran əhalisinin gözlənilən reaksiyasından sonra tez dağıldı. Nardaranlılar polisin heç bir maneəsi olmadan kənd meydanında mitinqə çıxaraq mətləbə dəxli olmadan «Amerikaya ölüm!», «İsrailə ölüm!», «Allahu Əkbər!» şuarları səsləndirdilər. Hakimiyyət artıq neçənci dəfədir ki, Əliyev rejimi üçün İran çalarlı islam təhlükəsi olduğunu nümayiş etdirir, Avropa və ABŞ-da bir sıra xadimlər onu Azərbaycanda dünyəvi dövlətin yeganə sadiq müdafiəçisi, hətta islamın Avropa məkanına nüfuz etməsi yolunda dəfedilməz maneə kimi təqdim etməyə cəhd göstərirlər. Nardaranlıların nə etdiklərini dərk edib-etmədiyini yalnız Allah bilir. Amma bu, faktdır ki, hakimiyyət onlardan dünyəvi müxalifətə təzyiq etdiyi zaman islam şirması qismində istifadə edir. Belə hallar, adətən, seçkilər zamanı daxili-siyasi mübarizə artanda və ya sosial-siyasi məzmunlu etiraz aksiyaları zamanı baş verir. Qərbin Azərbaycanda demokratiyanın taleyi ilə bağlı diqqətinin artdığı vaxtlar hakimiyyət islam təhlükəsi mövzusundan istifadə edir. Cəmi bir neçə belə fakt sadalamaq olar. Məsələn, 2002-ci ildəki avqust referendumu ərəfəsində, 2005-ci və 2010-cu il parlament seçkiləri və nəhayət, indi, ilk Avropayönlü gənclərin etirazları ilə boyanan prezident seçkiləri ilində belə oldu. Hakimiyyətin hər zaman zəhlətökənliklə İran təhlükəsi ilə bağladığı Nardaran mövzusu martda Vaşinqtonda rəsmi Bakının emissarları Asim Mollazadə və Səməd Seyidov tərəfindən yenidən səsləndirildi. Hər iki xadim Amerika elitasını qərbyönlü prezident Əliyevi İran-Rusiya ekspansiyasından xilas etməyə çağırdı. Bakıda qərbyönlü gənclərin həbsi və Amerika demokratiyasının xaricdəki dayağı Mill Demokratiya İnstitutununa qarşı planlı piar hücumu onlara bu çağırışı etməkdə mane olmadı. Prezident Administrasiyasının analitikləri və xüsusi xidmət orqanlarının oynadığı növbəti “Nardaran kartı”nda ciddi nöqsanlar var və onlar guya İran dini fanatizmi adlandırdıqları təhdidlə amansız mübarizəyə qarşılıq olaraq Qərbin rejimə olan təzyiqini bir qədər yumşaltmağa imkan vermir. Kənardan aydın görünür ki, bu məsələnin kuratorları bir sıra məqamları nəzərə almır: 1.Qərb analitikləri ç oxdan anlayıb ki, nardaranlılar dini yox, güclü patriarxal icmadır, orda, məsələn, ağsaqqalların nüfuzu, mollalarınkından güclüdür. Patriarxal icmanın həyatının dini tərəfi sovet dövründə kommunistlər tərəfindən zorakı korroziyaya məruz qalan milli ənənələrin müdafiəsi uğrunda mübarizədə ideya əsası kimi güclənib. 2. Sovet ənənələrinin hüquqi varisi olan hakimiyyətin davranışı ildən-ilə bütün Azərbaycanı nardaranlaşdırır. Ölkənin cəmiyyəti indi islam və xristianlıqdakı ümumbəşəri dəyərləri yalan və zorakılığa əsaslanan eybəcər dövlət idarəçiliyindən qorumağa çalışır. 3. Dini ənənələrin möhkəm olduğu ABŞ-ı islam təhlükəsi ilə, xüsusən Azərbaycan islamı ilə qorxutmaq olmaz. Çünki dünyəvi və dini olanın demokratik dövlətdə yanaşı mövcudluğu doktrinası SSRİ dağılandan və birqütblülük yaranandan sonra dünya çağırışlarına adekvat reaksiya verən müsəlman dünyasında hər yerdə yayılır. «İslam təhdidi ilə mübarizənin» həvalə edildiyi ABŞ bu ilin oktyabrında Azərbaycanda ədalətli prezident seçkilərinin keçirilməsi məsələsində öz mövqeyini yumşaltmadı. Bundan başqa, o, həm də ATƏT-in Azərbaycandakı statusu məsələsində rejimə öz prinsipial mövqeyini nümayiş etdirir. Hələ 2011-ci ilin martında Turan-ın analitikləri qeyd edirdi ki, «ərəb inqilablarının gedişində” dünya gördü ki, islam təhdidi ABŞ-a təsir etmir. Demə, ABŞ “Müsəlman qardaşlar” kimi qruplarda təhlükə görmür. Əksinə, cəmiyyətdə dayaqları olduğu üçün onları keçid dövründə sabitliyin qarantı kimi görür. Gözlənildiyi kimi, Vaşinqton Yaxın Şərq siyasətinin vektorunu dəyişir. Təsadüfi deyil ki, 2009-cu ilin aprelində Obama Türkiyə səfəri zamanı müsəlmanlarla münasibətləri yenidən yükləməyə çağırdı. ABŞ-ın mövqeyinin dəyişməsinə cəmiyyətin kəskin sosial təbəqələşməsi ilə bağlı müsəlman dünyası ölkələrində olan kəskin narazılıq da təsir etdi. O da vacibdir ki, bu narazılığın partlaması dünya maliyyə böhranı ilə üst-üstə düşdü. Ərəb ölkələrində gedən proseslərin Vaşinqtonun nəzarətindən çıxması təhlükəsi yarandı. Ona görə ABŞ inqilabi proseslərə əngəl olmaq yox, onları “istiqamətləndirmək” qərarına gəldi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?