İcra başçısının gədəbəyliləri dilənçi adlandırması yöndə məntiqə sığmayan açıqlaması, şan-şöhrətli adi ilə sayılıb-seçilən gədəbəylilərə heç cür şamil oluna bilməz
Son günlər bir neçə icra başçısının daşıdığı vəzifəsi ilə vidalaşması, bəzilərinin isə təkrar icra başçısı vəzifəsinə təyin olunmaları, yenidən gündəmi zəbt etdi və əsas müzakirə mövzularından birinə də çevrildi. Çünki, bəzi şəhər və rayonlarda icra başçısı vəzifəsini daşıyan şəxslərin yarıtmaz idarəçiliyi, yerlərdə sosial problemlərin tüğyan etməsi, sadə sakinlər ilə harınlamış məmurlar arasında həddi-hüdudu bilinməyən narazlıq hissinin pik nöqtəyə çatması və.s kimi problemlərin varlığı, tam əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, istefa dalğası daha çox icra başçısını əhatə edəcək. Bu sırada adı daha çox hallanan icra başçılarından biri də, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun adı idi.
Gədəbəydə icra başçısı sahibkarlara qənim kəsilib
Əvvəla onu qeyd edək ki, Ramiz Yediyarov təqribən dörd il bundan əvvəl icra başçısı vəzifəsinə təyin olunub. Ötən illər ərzində onun həyata keçirdiyi idarəçiliyin mahiyyətinə nəzər saldıqda o da məlum olur ki, o, əvvəlki rəhbərlərdən fərqli bir idarəçilik həyata keçirməklə, Gədəbəyin tarixində bəlkə də “qara ləkə” buraxan yeganə icra başçısı olacaq. Çünki o, vəzifəsinin icrasına başladıqdan az sonra, bütün gücünü yerli sahibkarlara qənim kəsilməyə yönəltdi ki, bu gün də onun atdığı addımların ağrı-acısı hiss olunmaqdadır. Yəni, rayonun müxtəlif ərazilərində 43 nəfər sahibkara məxsus obyektlərin darmadağın edilməsinə dair ortada heç bir məhkəmə qərarı olmadığı halda, həmin obyektlərin viran edilməsi, açıq-aydın şəkildə Ramiz Yediyarovun hansı əqidəyə, hansı idarəçilik üsulu ilə idarəetməni həyata keçirdiyini göstərdi. Hələ bu azmış kimi onun vaxtilə gədəbəyliləri dilənçi adlandırması da, heç cür məntiqə sığmayan yanaşmasıdır. Çünki Gədəbəy rayonu hələ sovet dönəmində də, bəlkə yeganə rayon olub ki, onun ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb. Odur ki, Ramiz Yediyarovun bu cür məntiqə sığmayan açıqlaması, nə onun daşıdığı vəzifəsinə, nə də ki, şan-şöhrətli adi ilə sayılıb-seçilən gədəbəylilərə şamil oluna bilməz. Yəni, yaxın tariximizdə gədəbəylilərin hansı əqidəyə, hansı iradəyə sahib olduqlarını Ramiz Yediyarov bilməsə də, yəqin ki, geniş ictimaiyyət bilir.
Rayonun mərkəzi əraziləri axşam saatlarında niyə zülmətə qərq olur?
Hələ ötən saylarımızın birində onu da vurğulamışdıq ki, Ramiz Yediyarovun icra başçısı təyinatından sonra, rayonun hansısa ərazisində bir metr olsun belə asfalt örtüyü vurulmayıb, bir ədəd olsun belə elektrik dirəyi basdırılmayıb. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun kənar əraziləri qalsın bir yana, hətta mərkəzi yolları da bərbad haldadır. Şəhərin mərkəzi küçələri isə, axşam saatlarında zülmətə qərq olur. Amma, ötən illər ərzində sadalanan problemlərin həlli məqsədilə büdcədən külli miqdarda vəsaitlər ayrılsa da, heç bir halda hansısa bir iş görülməyib. Ayrılan vəsaitlərin taleyinə gəlincə isə, onu deyə bilərik ki, həmin vəsaitlər Ramiz Yediyarovla rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov tərəfindən “həzmi-rabedən” də keçirilib. Bütün bunlardan əlavə, ötən illər ərzində bəzi dövlət qurumlarının yerləşdiyi inzibati binalar guya təmir olunub, dam örtükləri dəyişdirilib və.s adı altında da, büdcə oğurluqlarına qol qoyulub.
“Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, Ramiz Yediyarovun icra başçısı təyinatından əvvəl, əslən Gədəbəydən olan iş adamları rayonda bir ədəd avtovağzal, üç ədəd şadlıq sarayı, xəstəxana binası, məscid, üç məktəb binası və digər əhəmiyyət kəsb edən tikinti işləri apardıqları halda, bəs bu gün nələr baş verir? Baş verən o olur ki, ötən illər ərzində heç bir sahibkar bir ədəd olsun belə tikinti işi aparmayıb. Buna səbəb o olub ki, icra başçısının tətbiq etdiyi zülmün, rəzalətin, minbir haqsızlığın ucbatından sahibkarlar ya rayonu tərk ediblər, ya da ki, elə bir fantastik həddə “yükləniblər” ki, onlar atacaqları addımlardan çəkinməyə məcbur olublar. Belə bir halın varlığı da, Gədəbəydə icra başçısı tərəfindən yerli sahibkarlara “yaradılan şərait” olur.
Vergi faizləri niyə gizlədilir?
Bu gün Gədəbəydə yaşanan və daha çox müzakirə olunan problemlərdən biri də, rayonda aparılan tikinti işlərində vergi faizlərinin gizlədilməsidir. Mövcud qanunvericiliyin tələbinə görə 150 min manatdan yuxarı maya dəyərində olan tikinti işlərində 18%-lik vergi rüsumu tutulmalı olduğu halda, Gədəbəydə isə, əksinə addımlar atılır. Yəni, 150 min manatdan da yuxarı məbləğdə aparılan tikinti işləri, rəsmi sənədlərdə 150 min manatdan aşağı məbləğdə sənədləşdirilir və belə bir addımların qarşılığında da, 2%-lə vergi rüsumu tutulur. Bu da o deməkdir ki, 16 %-lik vergi rüsumları rayon icra hakimiyyətinin başçısı və onun rəzalətə və zülmə söykənən idarəçiliyinə birbaşa dəstək verən Namiq Məmmədov tərəfindən mənimsənilir. Belə bir addımlar daha çox rayonun səhiyyə, mədəniyyət, təhsil, şəhər icra nümayəndəliyi və digər müəssisələrinə aid tikinti işlərində atılır ki, bu da külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi demək olur.
Əmək məcəlləsinin “C” maddəsi ilə işdən çıxarılan şəxs, bu gün hansı qanunsuzluqlar imza atır?
Təəccüb doğuran hal odur ki, bu gün Gədəbəydə qol qoyulan çoxsaylı qanunsuzluqların başında, vaxtilə rayonun su-kanal idarəsinə rəhbərlik etmiş və işdə qol qoyduğu ciddi qanun pozuntularına görə əmək məcəlləsinin “C” maddəsi ilə daşıdığı vəzifəsindən çıxarılan, bu gün isə Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov durur. Bu haqda da “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, o, hal-hazırda həm şəhər icra nümayəndəsi vəzifəsini daşıyır, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı da unutmur. Belə ki, Şahbaz Bayramov ayrı-ayrı şəxslərin adına bir neçə müəssisə açsa da, həmin müəssisələrə aid pul vəsaitlərini o, bankdan öz imzası ilə götürür. Əgər bu yöndə dəqiq araşdırmalar aparılarsa, o halda o da bəlli olar ki, “Kapital Bank”ın Gədəbəy şöbəsindən götürülən bütün sənədlərdə, yalnız onun imzası olur. Belə bir addımların atılması da, olduqca ciddi qanun pozuntusu olur. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə icra strukturunda vəzifə daşıyan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunur, amma Şahbaz Bayramov qanunvericiliyin belə bir tələbinə heç bir halda məhəl qoymur ki, qoymur. Onun qol qoyduğu qanunsuzluqlar təkcə bunlarla yekunlaşmır. Belə ki, Gədəbəydə aparıcı sahələrdən birinə rəhbərlik edən Şahbaz Bayramov, daşıdığı vəzifəsindən sui-istifadə etdiyindən, o, rayonun su-kanal idarəsinin həyətində özünə yaşayış evi də tikdirib. Amma, onu da nəzərdən qaçırmaq olmaz ki, onun inşa etdirdiyi yaşayış evi, yerli əhalini içməli su ilə təmin edən su anbarına bitişik ərazidə yerləşir və axıdılan kanalizasiya suları yəqin ki, həmin anbara da tökülür. Bu da yerli sakinlər üçün olduqca təhlükə mənbəyinə çevrilir.
Şahbaz Bayramov hansı əsasla dağıntı işlərinə rəhbərlik edib?
Digər tərəfdən onu da vurğulamaq yerinə düşər ki, Şahbaz Bayramov bu günədək rayonda darmadağın edilən obyektlərin cəlladı adı ilə də məşhurlaşıb. Dağıntı işləri aparılarkən ortada heç bir məhkəmə qərarı, icra başçısının imzaladığı sərəncam, hər hansı rəsmi sənəd olmayıb. Amma, 43 nəfər sahibkara məxsus obyektlər viran edilərkən, aparılan dağıntı işlərinə məhz Şahbaz Bayramovun özü rəhbərlik edib. Belə olan halda ona sual etmək lazım gəlir ki, sən belə bir işlərə hansı əsasla rəhbərlik etmisən? Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Oqtay Qara oğluna məxsus 38,5kvm-lik obyekt də viran edilərkən, Şahbaz Bayramovda onun şəxsi mülkiyyətində olan obyektin söküntüsünə dair hər hansı əsaslandırıcı sənəd olmayıb. Belə olan halda Oqtay Qara oğlunun ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları ilə bərabər, mağazasının içərisindəki avadanlıqları da tam yararsız hala salınır ki, bu da onun xeyli miqdarda ziyana düşməsi ilə nəticələnir. Digər sahibkar Vaqif Səfərov da, 2013-cü ildən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının zorakı idarəçiliyindən zinhara gələn sahibkarlardandır. Belə ki, Vaqif Səfərovun valideyinləri 2-ci Dünya müharibəsi iştirakçı olsa da və onun özü rayonun 20 Yanvar küçəsində 30 il ərzində 26 sotluq torpaq sahəsinin istər təmizliyinə diqqət yetirməklə, istərsə də ərazinin erroziyaya uğramasının qarşısını almaqla və 1998-ci ildə həmin torpaq sahəsinə aid icra başçısının sərəncamını, bələdiyyənin müvafiq qərarını alsa da, 2013-cü ildə həmin ərazi minbir bəhanə ilə onun əlindən alınır. Səbəb də onu göstərirlər ki, həmin ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik naqilləri keçir. Çox keçmir ki, Vaqif Səfərovun 26 sotluq torpaq sahəsində 80 min manat pulun hesabına inşa etdirdiyi üçotaqlı obyekt də darmadağın edilir. Elə ki, o, üzləşdiyi haqsızlıqla bağlı aidiyyəti qurumlara davamlı şikayətlərini ünvanlayır, o halda icra başçısının verdiyi tapşırıqdan sonra, Səfərovlar ailəsinə qarşı analoqu olmayan təzyiqlər də artmağa başlayır. Məsələn, onun iki dəfə dünyaya əkiz övlad gətirən gəlini, çalışdığı məktəbdən laborant vəzifəsindən uzaqlaşdırılır. Hələ bu azmış kimi onun kürəkəni də, daşıdığı vəzifəsindən özünün xəbəri olmadan çıxarılır. Çox keçmir ki, Vaqif Səfərovun qarşısında belə bir şərt də qoyurlar ki, “sən şikayətlərinə son qoymalısan, əks halda növbəti təzyiqlərlə üz-üzə qalacaqsan” deyə tapşırıq verilsə də, bu gün də o, iradından dönmür və üzləşdiyi problemin həlli ilə bağlı davamlı mübarizəsini aparmaqda davam edir.
Yüksək gərginlikli elektrik naqillərində “azalan gərginlik”
Təəccüb doğuran hal odur ki, 2013-cü ildə 26 sotluq torpaq sahəsi Vaqif Səfərovdan “ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik naqilləri keçir” bəhanəsi ilə alındıqdan sonra, həmin yerdə olduqca yöndəmsiz, qəzalı vəziyyətdə yeni bazar inşa edilir və verilən məlumatlara görə, həmin bazarda idarəçilik icra başçısı ilə Namiq Məmmədovun ixtiyarına da keçir. O halda meydana belə bir sual çıxır ki, görəsən ərazinin üst hissəsindən keçən elektrik naqillərindəki gərginlik, yeni bazar inşa olunduqdan sonra azaldımı? Yoxsa, ərazinin ələ keçirilməsində gərginlik məsələsi bir bəhanə idi?
Sahibkarlar etiraz aksiyası haqda düşünürlər
Uzun illərdir ki, üzləşdikləri problemlərin həllinə hələ də nail ola bilməyən və Prezident Administrasiyası ilə Gədəbəy rayonun arasında qalan sahibkarlar, artıq etiraz aksiyası keçirmək
haqda düşünürlər. Yerli sahibkarlardan olan Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “43 nəfər sahibkara məxsus obyektlər ortada heç bir məhkəmə qərarı, icra başçısının imzaladığı sərəncam, hər hansı rəsmi sənəd olmadığı halda darmadağın edildi. Faciəli hal odur ki, belə bir qanunsuzluğa qol qoyanlar sahibkarlara məxsus obyektləri darmadağın etdikdən sonra, nə onlara verilməli olan kompensasiyanı ödədilər, nə də ki, yeni obyektlə təminatlarını təmin etdilər. Hələ ki, adiyyəti qurumlara ünvanladığımız şikayətlərin heç bir nəticəsi olmadığından, artıq Gədəbəy rayon İcra Hakimiyyəti binasının önündə etiraz aksiyası keçirmək haqda qərara da gəlmişik”.
Köhnə materiallardan qazanc əldə edən vəzifə sahibləri
“Gündəm Xəbər” məlumatlandıran mənbə onu da vurğulayır ki, 43 nəfər sahibkara məxsus obyektlərin viran edilməsinə birbaşa rəhbərlik edən Şahbaz Bayramov, hələ bir müddət bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovla və rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovla əl-ələ verərək, söküntü işlərindən də yararlanırlar. Belə ki, onlar sahibkarlara məxsus obyektlər darmadağın edildikdən sonra, aparılan söküntü işləri zamanı əldə olunan köhnə materiallardan, rayonun M.Quliyev küçəsində fontan da tikdirməyə qərar verirlər. Belə bir addımları ilə onlar, təqribən 3-5 min əhalisi olan və yerli sakinlərin əsrlər boyu istifadə etdikləri dədə-baba yolunu bağlayırlar. Təəccüb doğuran hal odur ki, inşaası vaxtilə davam etdirilən fontanın tikintisi, hələ də tam başa çatdırılmayıb. Yəqin ki, çoxsaylı gədəbəylilərin haqlı narazılıqlarını nəzərə almayan vəzifə sahibləri, qeyd olunan fontanın tikintisi ilə bağlı, nə vaxtsa büdcə oğurluqlarına da imza atıblar. Çünki, həmin fontanın yarmçıq qalmış tikinti işlərinin inşaası zamanı, köhnə materiallardan istifadə olunub. Bu da onu söyləməyə əsas verir ki, “guya yeni materiallar alınıb” və.s adlar adı altında, maliyyə mənimsəmələri də həyata keçirilib.
İcra başçısının çayxana ilə bağlı qərarı, hər kəsi təəccüb içində qoyub
Vaxtilə icra hakimiyyətinə məxsus inzibati binanın həyətində fəaliyyət göstərən çayxananın taleyi də, bu gün daha çox müzakirə olunan problemlərdəndir. Yaşanan olay haqda məlumatı verən mənbə bildirir ki, hələ bir müddət bundan əvvəl həmin çayxana icra başçısının verdiyi tapşırıq əsasında bağlandı ki, bu gün də həmin çayxanadan icra başçısının sürücüsü xüsusi otaq kimi istifadə edir. Hal-hazırda icra başçısının verdiyi belə bir tapşırıq, hər kəsi təəccüb içində qoymaqdadır. Çünki, digər şəhər və rayon icra hakimiyyəti binalarında kafe, yaxud da çayxanalar fəaliyyət göstərir ki, bu da icra hakimiyyəti strukturlarında çalışanlarla bərabər, həmin quruma üz tutan sakinlərə də xüsusi rahatlıq verir. Belə olan halda, Ramiz Yediyarovun bu yöndə vermiş olduğu tapşırığa necə haqq qazandırmaq olar? Məlumatlı mənbə onu da vurğulayır ki, icra hakimiyyətinə məxsus inzibati binanın həyətində, yəni “Kamxoz”un balansında olan iki mərtəbəli bina var ki, həmin binada icra başçısı ilə birlikdə, onun sürücüsü də yaşayır. Mənbə onu da vurğulayır ki, hər iki şəxs illər uzunudur ki, istifadə etdikləri kommunal xərcləri də ödəmirlər. Yaxınlıqda yerləşən “Qonaq evi”ndən istifadə olunmaya görə də, kommunal xərc ödənilmir.
Arxiv sənədləri və pərdə arxası maraqlar
Gədəbəydə qol qoyulan ən ciddi qanunsuzluqlardan biri də, müəssisələrə, təşkilatlara və digər qurumlara aid yoxlama sənədlərinin, onlara məxsus arxivlərdə saxlanılmaması olur. Əslində həmin sənədlər beş il müddətinə qeyd olunan qurumların arxivlərində saxlanmalı olduğu halda, yoxlama sənədlərinin yoxlanması başa çatdıqdan sonra, dərhal mərkəzi arxivə təhvil verirlər. Belə bir addımın atılmasının əsas səbəbi o olur ki, mənimsənilmiş vəsaitləri ört-basdır etmək mümkün olsun. Bütün bunlar da, birbaşa Namiq Məmmədovun sifarişi əsasında baş tutur.
Murğuzovun müstəsna səlahiyyəti
Rayonun maliyyə idarəsində xəzinədar vəzifəsini daşıyan Qabil Murğuzovun müstəsna səlahiyyətə malik olmasının kökündə, onun Namiq Məmmədovun sınanılmış kadrı olması durur. Onun oğlu Yusif Murğuzov isə, hal-hazırda “kamxoz”a rəhbərlik edir ki, belə bir bağlılıq da büdcə oğurluqlarına geniş imkanlar açır. Məsələn, “kamxoz”un ştat cədvəlində olan ümumi işçilərdən təqribən 12-15 nəfəri daim ayaqüstə olur. Qalan işçilərin isə, “ölü canlar” siyahısına aid olmaları, hər ay Murğuzovlara və Məmmədova külli miqdarda vəsaitləri də mənimsəməyə imkan verir. Gədəbəyin maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun, hələ bir neçə il bundan əvvəl əmisi oğlu Ramiz Məmmədovu, rayonun təhsil şöbəsindən mədəniyyət şöbəsinə transfer etdirməsinin də müəyyən özəllikləri var. Belə ki, o, əsas söz sahibi və yetərincə təsir imkanı olan vəzifə sahibi olduğundan, bu gün əmisi oğlu ilə ələlə verərək, mədəniyyət şöbəsinə ayrılan vəsaitləri də mənimsəməkdə davam edir. Yəni, hər kəsə bəllidir ki, guya müxtəlif tədbirlər keçirilir, yubileylər qeyd olunur və.s adı altında hər cür israfçılığa, büdcə mənimsəmələrinə də qol qoyulur.
Ulu Öndərin adını daşıyan bulağa hörmətsizlik
Şəhərin Heydər Əliyev prospektində xalqımızın ulu öndəri mərhum prezidentimiz Heydər Əliyevin adını daşıyan bulağın bərbad halda olmasi da, artıq icra hakimiyyəti başçısının və digər vəzifə sahiblərinin xəyanətkar mövqeyini ortaya çıxarmış olur. Belə ki, həmin bulaq rayonun mərkəzi ərazisində yerləşdiyindən və hər gün adı çəkilən bulağın ümumi mənzərəsinin necəliyini Ramiz Yediyarovla bərabər, səlahiyyət sahibi olan digər şəxslər görsələr də, bulağın qaydaya salınması üçün hər hansı addım atılmır ki, atılmır. Yəni, ulu öndərin adını daşıyan bulağa qarşı belə bir münasibətin varlığı, bir daha onu söyləməyə əsas verir ki, Gədəbəydə icra başçısı mərhum prezidentimizə qarşı sayğısızlıq göstərir. Yəni, həmin bulağın ümumi görkəminə diqqət yetirdikdə o da məlum olur ki, yazdıqlarımız həqiqəti ifadə edən açıqlamalardır.
Təqribən 3-4 il bundan əvvəl çəkilmiş yola, artıq “əlvida” deyilir
Ümumi uzunluğu təqribən 23-24 km olan və rayonun Şınıx zonası ilə Saratovka kəndini birləşirən yola, artıq “əlvida” deyilmək üzrədir. Belə ki, bu yöndə “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, asfalt yolun çəklişi zamanı ilk növbədə yolun özü qaydaya salınmalı və həmin yola astar və üzlük asfalt da döşənməlidir. Eyni zamanda çəkiləcək yolun eni təqribən 8-16 metr, asfalt örtüyünün qalınlığı isə 12-14 sm olmalı olduğu halda, görəsən həmin yolun çəklişi zamanı lazımi normativlərə əməl olunubmu? Ümumi müşahidələrimiz və yolun bugünkü vəziyyəti onu söyləməyə əsas verir ki, rayon üçün olduqca
strateji əhəmiyyət kəsb edən həmin yola, artıq “əlvida” deyilmək üzrədir. Buna səbəb, yolun çəklişi zamanı bənzəri olmayan maxinasiyalara qol qoyulması olub.
Yəni, Şınıx zonası ilə Saratovka kəndini birləşirən yola diqqət yetirdikdə o da məlum olur ki, həmin yolun eni təqribən 4-5 metr, vurulmuş asfalt örtüyünün qalınlığı isə 6-7 sm olar. Belə bir halın varlığı da, çəkilmiş yolun qısa zaman kəsiyində sıradan çıxmasına səbəb olur. Bu da onu söyləməyə əsas verir ki, yol çəklişi həyata keçirilən zaman külli miqdarda mənimsəmələrə yol verilib.
P.S. Hörmətli oxucular! Növbəti sayımızda sahibkar Oqtay Qara oğlunun və digər sahibkarların sensasion açıqlamalarını diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?