Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri, KQB generalı Vaqif Hüseynov da Rusiya Azərbaycanlıları Təşkilatlarının İttifaqı, başqa sözlə, “Milyarderlər İttifaqı”na üzv olub. V. Hüseynov İttifaqın və “Azerros”un ofisində olub, bu qurumların rəhbərləri ilə görüşlər keçirib. Hüseynov görüşə tək gəlməyib. Onunla birgə Hüseynovun rəhbərlik etdiyi Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktor müavini Oleq Kuznetsov və “Rosbalt” informasiya agentliyinin baş redaktoru Nikolay Ulyanov da olub. Məlumat üçün deyək ki, Vaqif Hüseynov vaxtı ilə Azərbaycanda Kremlin bir nömrəli adamı olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Hüseynov yoxa çıxıb. Az sonra bəlli olub ki, Hüseynov Moskvada dəstəkçilərinin yanındadır və burada onun üçün hər bir şərait yaradılıb. Sonradan Hüseynov Moskvada institut yaradaraq burada fəaliyyət göstərdi. Bəzi mənbələr hətta iddia edirdi ki, bu ölkədə Azərbaycanla bağlı səsləndirilən separatçı çağırışlar məhz Hüseynovun nəzarətində olan institut vasitəsilə həyata keçirilir. Vaqif Hüseynovun “Milyarderlər ittifaqı” adlı qurumda görsənməsi Azərbaycan xalqına və dövlətçiliyinə yaxşı şeylər vəd eləmir. Əgər onlar doğrudan da, Azərbaycanda demokratiyaya töhvə vermək istəyirlərsə, qoy ilk növbədə Rusiyada demokratiyaya töhvə versinlər. Bundan sonra Azərbaycana töhvə vermək haqqında düşünsünlər. Adama deyərlər ki, özünə əriştə kəsə bilmirsən, amma gəlib mənə umac ovmaq istəyirsən. Bu gün Rusiyada insan hüquq və azadlıqları ən pis durumdadır. Putin öz bildiyini edir, korrupsiya astronomik həddədir. İndi bunlar durub deyirlər ki, biz Azərbaycanda demokratiyanı müdafiə edirik və s. Demək burada söhbət demokratiyadan getmir. Ayrı-ayrı adamların Moskvada bu prosesə qoşulması isə şəxsi iradələri ilə baş vermir. Düşünürəm ki, bu göstərişlə edilən hərəkətdir. Vaqif Hüseynov Azərbaycanda dövlət müstəqilliyinin əleyhinə olan şəxslərdən olub, müstəqillik tərəfdarlarına qan uddurub və sonra cəzadan qurtulmaq üçün Moskvaya qaçıb. İndi köhnə əlaqələrinə görə Vaqif Hüseynov “Milyarderlər İttifaqına” daxil olub. Bu adamlar və təşkilat Azərbaycan üçün yaxşı heç nə vəd edə bilməz. EL Hərəkatı ilə “Milyarderlər ittifaqı” arasında dolayı əlaqə də diqqəti çəkir. Dolayı əlaqə var. Məsələn, Rüstəm İbrahimbəyov həm Ziyalılar Forumunun üzvüdür, həm də “Milyarderlər İttifaqının”. Eldar Namazov isə həm EL Hərəkatının rəhbəridir, həm də Ziyalılar Forumunun üzvüdür. Birbaşa olmasa da, dolayı əlaqə var. Amma bu əlaqənin nə dərəcədə güclü olduğunu demək üçün gözləmək lazım gəlir.
Sorğu
Yeni dizaynımız necədir?