İlham Əliyev çexiyalı deputatlara Çexiya XİN rəhbərindən şikayət edib
Aprelin 17-də Azərbaycan prezidenti İlham Əliyev Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə prezident İlham Əliyev iki ölkə arasında Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini söyləyərək, Çexiyada bu əməkdaşlığa mane olan addımların atıldığını da təəssüflə qeyd edib. Əliyev bu addımlar sırasında Çexiya XİN rəhbəri Karel Şvarsenberqin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar verməsini qeyd edib. Əliyev bu cür bəyanatların qəbuledilməz olduğunu bildirib. O, Çexiya rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bu hallara münasibət bildirəcəyinə ümid etdiyini bildirib. Öz növbəsində, Hamaçek Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımını qətiyyətlə pisləyən qətnamə qəbul etdiyini vurğulayıb. Qeyd edək ki, ötən ay Şvarsenberq Azərbaycan hakimiyyətini insan hüquqlarının pozulmasına görə açıq-aşkar tənqidə məruz qoyub. Bu yaxınlarda isə, Ermənistan KİV-lərinin məlumatına görə, Yerevanda səfərdə olan Şvarsenberq Xocalı hadisələrini soyqırım hesab etmədiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?