Seçki bəhanəsi ilə hakimiyyətdaxili savaş qisas müstəvisinə keçir; İqtidarın gizli layihəsinin içindəki gizlinlər; rejimin gələcəyi təhlükədə
Hakimiyyət daxilində gedən mərkəzləşdirmə prosesi start mərhələsindədir. Lakin o, artıq ciddi reaksiyalar törədib. Ayrı-ayrı oliqarxlara, hakimiyyətdə təmsil olunan qruplara yaxın olan kiçik məmurlardan - icra hakimiyyəti başçılarından, onların vəzifələrindən götürülməsindən başlayan proses getdikcə dövlət strukturlarında yayılmağa və dərinləşməyə başlayır. Prosesə informasiya-ideoloji dəstəyi isə iqtidar KİV-lərindən bəziləri verir. Olayın, aparılan prosesin gözlə görünməyən təfsilatları barədə jurnalistlərə informasiyalar sızır. Bu sızıntılara görə, siyasi hakimiyyətin, konkret olaraq prezidentin məqsədi iqtidardakı güc mərkəzlərini, paralel strukturlaşmaları aradan qaldırmaq, bir neçə oliqarxın əlində cəmlənmiş böyük miqdarda maddi ehtiyatları almaq, onların nəzarət sferalarını ya daraltmaq, ya da tamamilə bağlamaqdır. Bu qəbildən olan məlumatlara görə, prezidentin idarəetməni daha artıq mərkəzləşdirmək və sadələşdirmək planının icrası Prezident Administrasiyasının və hakimiyyətdaxili qruplardan birinin rəhbəri Ramiz Mehdiyevə tapşırılıb. Cənab Mehdiyev onsuz da hakimiyyət strukturları arasında əsas koordinasiya işinə məsul olan şəxsdir. Hətta onun özünə neqativ münasibət bəsləyən superoliqarxların nəzarətində, məsuliyyətində olan sahələr də formal olaraq “Aparat”a (iqtidar daxilində Prezident Administrasiyası hələ də bu cür adlanır-red.) tabe etdirilmişdi. Lakin bütün bunlar formaldır və elə oliqarx-məmur var ki, nə onun özü, nə də tabeçiliyindəkilər “Aparat”ı saymır.
Superoliqarxiyanın hakimiyyətinə son qoymaq əməliyyatı ölkədəki əsas superoliqarxlara tapşırılıb!
Olayın cəmiyyət adamının gözü ilə görünməyən tərəflərindən biri və ən mühümü də budur ki, yerdə qalanları bir mərkəzə tabe etdirmək prosesində iki mühüm qrup barışıb və birləşib. Bu, akademik R.Mehdiyevin rəhbərliyi altında olan əsas qrupla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qrupudur! Bu cür mühüm və həm də ciddi problemlər yarada biləcək proses - superoliqarxiyanın hakimiyyətinə son qoymaq əməliyyatı ölkədəki əsas superoliqarxlara tapşırılıb! Onlar barışıb-birləşibsə, yerdə qalanların taleyi, əlbəttə ki, məlumdur. Hakimiyyətin, idarəetmənin yerdə qalan “problemləri”ni - kadr təyinatlarına, maliyyə axınlarına nəzarətə, idarəetmə rıçaqlarına maneçilik törədənləri bu məqamdaca xatırladaq:Başqa adamları da bu cür danışmağa başlasalar, o deməkdir ki,
Bəylər Əyyubovu da sıxırlar
İqtidardakı ən güclü qruplaşmalardan birinin patronu. Ölkədəki etnik və regional hörgütlənmənin memarı. Dünyadakı və Türkiyədəki kürd qruplaşmaları ilə bağı olan, üstəlik, hakim ailə ilə qohumluq telləri səbəbindən gücü daha da qabaran qüdrətli bir sima. Prezidentin şəxsi mühafizəsinin rəhbəri, general. Rejimin ən parlaq və odioz fiqurları onun əlini öpürlər. Hər yerdə, hər qəbildən adamları var. Bütün strateji obyektlər onun nəzarətindədir. O cümlədən ölkədəki, demək olar ki, bütün mobil operatorlarının da kuratoru, qeyri-rəsmi patronu, töycü toplayanı odur. Güc strukturlarına iri təyinatlarda rolu və sözü keçib indiyəcən. Onun adamlarını, nəzarətində olan sahələri bir mərkəzdən, xüsusilə də Prezident Administrasiyasından idarə etmək müşkül, bəzi hallarda isə qeyri-mümkündür. Parlamentdə R.Mehdiyevin üstünə hücum çəkən, ona qarşı ciddi iddialar irəli sürən Əhəd Abıyev də cənab Əyyubovun adamıdır. Onun başqa adamları da bu cür danışmağa başlasalar, o deməkdir ki, hörmətli generalı da sıxırlar və onu da tabe etdirmək planı var. General komanda versə, müqavimətə qalxası xeyli adam ortaya çıxacaq. Yəni Əyyubov o cür fiqurlardandır ki, onun əl-ayağını yığmaq, nəzarətindəkiləri geri almaq çətin işdir...
Vasif Talıbovun əl-ayağını da, hətta özünü də Bakıya yığmaq planı var
Naxçıvan Muxtar Respublikasının hüdudsuz səlahiyyətlərə malik rəhbəri. Azərbaycanın strateji və həyati qapısının bəkçisi. Naxçıvanı kimsə ilə bölüşməyi, kimsələrə hesab verməyi sevmir. Onun balaca ölkəsində mərkəzi hakimiyyət işləmir. O dərəcədə ki, Naxçıvandakı gömrük qapılarından və hava limanından o sahənin Bakıdakı rəhbərlərinə bir qəpik də olsun hesab çatmır. Kadr təyinatları barədə də eyni fikri söyləmək olar. Onun dalandarlığına Bakıdan kimsə süpürgəçi də təyin edə bilməz. Lakin o, Naxçıvanda oturub Bakıda söz keçirə bilir. Böyük biznes strukturlarına, şəbəkəyə sahibdir. O da hakim ailəyə qohumdur. Lakin bu hakimiyyətin indisinə də, gələcəyinə də ən böyük problemləri məhz o yaradır. Haliyədə çoxlarının yadından çıxmış və siyasi bəstdə oturmuş akademik Cəlal Əliyevin qrupuna aid olub; indi özü qrup rəhbəridir. Bakıya gələndə bəzi Azərbaycan nazirləri onunla görüşmək üçün növbəyə yazılır. Lakin indi onun da məsələsi gündəmdədir. Cənab Talıbovun əl-ayağını da, hətta özünü də Bakıya yığmaq planı var. Hələlik müqavimət simptomları yoxdur. Lakin küsülü olduğu qohumu B.Əyyubovla münasibətlərinin son vaxtlar düzəlməsi barədə məlumatlar var.
Paşayevlər problemi
İkinci hakim ailənin də öz iddiaları və bu iddialara uyğun qrupu var. Ora əsasən iqtidar komandasına 2003-dən sonra gətirilənlər aiddir. Bir neçə naziri, dövlət sistemində 3-cü vəzifəni daşıyan şəxsi, bir sıra tanınmış ziyalıları, deputatları, hətta bəzi tanınmış müxalifətçiləri özündə birləşdirən qrup bu hakimiyyətin mərkəziyyətini pozan əsas faktordur. YAP qurucularından biri əməkdaşımızla söhbət edərkən ehtiyatsızlıqla bir məlumatı açıqlamışdı. O məlumata görə, bu ilin mart referendumu məhz iqtidar düşərgəsində alternativlik rəyini dağıtmaq üçün keçirilib: “Onlar açıq iddia etməsə də artıq iqtidar əfkarından biriləri gələcək prezidentin Paşayevlərdən olacağını düşünərək yönünü yanılmışdılar. Məsələ o dərəcədə mərkəzdənqaçma faktoruna dönmüşdü ki, bu klanın ən təvazökar üzvü belə iqtidar yetkililərindən daha artıq avtoritetə çevrilməkdə idi. Hesab-kitabını belə o cinahla yapmağa başlayanlar tapılmışdı. Referendum kimi açıq mesaj olmasaydı, sadə bir daxili faktor rejimi 1-2 ilə deformasiyaya uğradacaqdı. Elə o vaxtdan da qərar verildi ki, mərkəzdənqaçma təmayüllərinin hamısı tədricən aradan qaldırılsın...” İndi Paşayevlər qrupu və onlara bağlı məmurlar da sıxışdırılanlar sırasındadır. Onların da müqaviməti ciddi fəsadlar verə bilər.
Ziya Məmmədov və onun dəstəsi
Hazırda bu qrup dağılmaq, bitmək ərəfəsindədir. Məmmədovu hər yerdən sıxışdırırlar. Onun ən yaxın adamını və qudasını respublikanın baş hərbi komissarı vəzifəsindən çıxarmaqla nəqliyyat nazirinin də yaxın gələcəyinin anonsu verilmiş oldu. Tamamilə mümkündür ki, günün birində onu da Ucara icra başçısı göndərsinlər. Lakin bütün bunlara və onun qələminin qırılması barədə iddialara baxmayaraq Z.Məmmədov hələ də ciddi fiqur sayılır; ölkənin əsas maqnatlarından və ən pullu simalarından biridir. Onun meqa-holdinqi (“ZQAN”), bankı (“Bank of Azerbaycan”) və minlərlə insanın çalışdığı başqa təsərrüfatları var. Cənab Məmmədov iqtidarımızda təmsil olunan azsaylı milyarderlərdəndir. Buraxın onun işdən çıxarılması üçün nə qədər zaman tələb oluna biləcəyi sualına cavab axtarmağı; adamın sahib olduğu əmlakı hesablamaq, inventarlaşdırmaq, “milliləşdirmək”, nağd pulları sayıb daşımaq aylarla vaxt, yüzlərlə mütəxəssis tələb edir. Hələ “Ziya” adlı qrupda təmsil olunan başqalarını da bura əkləsək, səhnə daha da qarışar. Ümumiyyətlə, bu zənginlərin vurulması, sıfırlanması prosesi hər zaman hər bir iqtidar üçün çətin olub. Pul incə və həssas işdir. Lakin hazırda Məmmədovu mərkəzləşdirməyə mane ola bilməyəcək hala, desentralizasiya faktoru təşkil edəməyəcək duruma gətiriblər. Burada bir detalı da qeyd edək ki, Z.Məmmədov Qərbi Azərbaycandan, yaxud da Naxçıvandan olmayan azsaylı maqnatlardandır.
Səfər Əbiyev faktoru
İqtidarda “Aparat” sözü eşitməyən başqa elementlər, nazirlər, güc mərkəzləri də var. Məsələn, müdafiə naziri Səfər Əbiyev kimi. Onun Prezident Administrasiyası ilə, konkret olaraq R.Mehdiyevlə münasibətlərinin pis olmasına dair bir az da boyatlaşmış informasiyalarımız var. Onunla məsələ necə həll olunacaq, sual doğurur. Lakin bir qaynaqdan belə məlumat sızdırılıb ki, yaxın aylarda müdafiə naziri postuna mülki şəxs təyin ediləcək (“Aparat”ın potensialından), Əbiyevsə: a) Baş Qərargah rəisi təyin ediləcək; b) Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinə atlanacaq. Bakı meri Hacıbala Abutalıbov, Gömrük Komitəsinin sədri Aydın Əliyev, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev, “AZAL”ın rəhbəri Cahangir Əsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev və bir neçə başqa iri vəzifəlilər də (hər biri ən müxtəlif əsaslarla) işdən çıxarılacaq adamların siyahısındadır. Bundan başqa, lap yaxın günlərdə 8-10 rayonun da icra başçılarının dəyişdiriləcəyi barədə mötəbər bilgilər əldə etmişik; Bakının Binəqədi, Xətai rayonlarının, Sumqayıt və Mingəçevirin, Masallının, Göyçayın, Ucarın, Füzulinin icra başçılarının da vəzifədən azad edilməsinə hazırlıq görülür. Hakimiyyət idarəetmənin mexanizmini dəyişir. İndiyədək ayrı-ayrı məmurların arasında bölünmüş rayonlar geri alınır, bir ələ - Prezident Aparatına tabe etdirilir. Bu cür bilgiləri müşayiət edən təfsilatlarda göstərilir ki, indiyə qədər olan kurasiya sistemi desentralizasiya proseslərini tətikləyib, idarəetməyə problemlər yaradır, vahid siyasi-ideoloji kursun ictimaiyyətə çatdırılmasına imkan vermir, hakimiyyət daxilində düşmən qruplaşmaların yaranmasını stimullaşdırır.
Yerlərdə iqtidarı təmsil edən məmurlar xalqa və onun haqlarına, əmlakına basmaç kimi yanaşır
Əlindəki bütün vasitələrə (TV-lər, digər KİV-lər, rektorlar, məktəb direktorları, başqa rəy liderləri, bütün idarəetmə rıçaqları və s.) yenidən nəzər salan siyasi hakimiyyət yaxın gələcəkdə onu gözləyən ciddi sınaqlara hazırlaşır. Bu səbəbdən də bütün zəif nöqtələrini təsbit edərək guya onların aradan qalxması üçün tədbirlər tökür. Bu hakimiyyətin ən zəif nöqtələrindən biri də xalqla ilişkilərinin qopmasıdır. Yerlərdə iqtidarı təmsil edən məmurların əksəriyyəti xalqa və onun haqlarına, əmlakına basmaç kimi yanaşır. Hər fürsətdə onu (xalqı) əzir, haqqını təpikləyir, malını yeyir, sümürür. Belə vəziyyətin illərlə davam etməsi Azərbaycan xalqının bu iqtidara münasibətini birmənalı olaraq neqativləşdirib. Hakimiyyətin mərhum prezident Heydər Əliyevdən qalma ictimai dayaqları, demək olar ki, sıradan çıxıb. Onu yeniləməyi, dayaqları gücləndirməyi bacarmasalar, bu rejim özlüyündən çökə bilər. Heç siyasi müxalifətin müdaxiləsi olmadan belə. Bu səbəbdən də hakimiyyət xalqa yönəlik yeni ideoloji kurs və informasiya siyasəti hazırlayıb, onun tətbiqinə start vermək ərəfəsindədir. Bu günlərdə R.Mehdiyevin rektorlarla, elm avtoritetləri ilə keçirdiyi görüşdə iştirak edən tanınmışlardan birinin deməsinə görə, yaxın günlərdə cəmiyyətin həyatında ideologiyanın önəmi artırılacaq: “Cənab Mehdiyevin çıxışlarından belə anlaşılır ki, iqtidar ideoloqları ideolojiləşdirilmiş yeni informasiya kursu hazırlayıb. Yaxın gələcəkdə ortaya çıxacaq bu kursun fəlsəfəsi təxminən belədir: iqtisadi keçid dövrü bitib, böyük uğurlar var. Lakin bu müddət ərzində ideoloji sahədə böyük boşluqlar yaranıb. O boşluqlar doldurulmalı, ideologiya cəmiyyət həyatında önəmli bir yer almalıdır. Hətta cəmiyyətə yeni əxlaq kodeksi tətbiq etməyə qədər gedəcəklər. TV-lərlə bağlı irəli sürülən məlum tezislər bu proseslərə hazırlıqdır”. İndiyə qədər xarici faktoru öz xeyrinə arsenalında saxlamağı bacaran iqtidarın artıq bu imkanı da bitib. Bu gün xarici faktor(lar) heç də birmənalı olaraq hakimiyyətin xeyrinə deyil; bəzi hallarda zərərinədir. Qərb rəsmi Bakının çox şeyindən narazıdır və ortaya alternativlər çıxarsa, bu dəfə özünü 2003-2005-dəki kimi aparmayacağı bəri başdan bəllidir. Bu səbəbdən də hakimiyyət xalqla münasibətlərini, daha doğrusu, xalqın ona münasibətini düşünməyə başlayıb... Yerlərdəki dəyişikliklər üst düzeyi, o cümlədən də nazirlər kabineti strukturunu da əhatə edəcək. Hələlik Ziya Məmmədovdan başqa topun ağzında olan vəzifəlilər barədə xəbərlər var. İqtidarın faktiki olaraq gizli bir dəyişim layihəsi var; onu çox dar dairədə yalnız biriləri bilir; bu layihəyə artıq start verilib. Həmin layihə iqtidarı təmizləmək, yeniləmək istiqamətində aparılacaq. Ancaq bizim əldə etdiyimiz bilgilərə görə, layihənin əsas məqsədi hakimiyyəti yaranmış indiki və yaxın perspektivdə gözlənilən təhlükələrdən yayındırmaq, qorumaqdır. Rejimi cəmiyyətə münasibətdə bir qədər insaniləşdirəcəklər; siyasi müxalifətin daha da zəiflədilməsi fonunda aparılacaq bu kursdan əsas gözlənti az da olsa ictimai simpatiya qazanmaqdır.
İqtidardaxili amillər ya bu layihəni yarımçıq qoyacaq, ya da hakimiyyətin ömrünü
Amma və lakin bu layihənin ilkin startından da göründüyü kimi, hakimiyyəti bitirə biləcək əsas faktor nə daxili siyasi amillər olacaq, nə də xarici faktor. Saraydaxili proseslər və iqtidardakı mafiyalaşmış qrupların müqaviməti daha böyük təhdidlər ortaya çıxarır. İndidən görünür ki, iqtidardaxili amillər ya bu layihəni yarımçıq qoyacaq, ya da hakimiyyətin ömrünü...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?