Eks-spiker “şimal ayısı” ilə “çevriliş tanqosu” oynamağa hazırlaşır
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər bu partiyanın lideri, eks-spiker Rəsul Quliyevlə bağlı sensasiyalı sayıla biləcək anons verib. Partiya sədri deyib ki, yaxın günlərdə Rəsul Quliyevin bölgə ölkələrinə səfəri planlaşdırılır. Sülhəddin Əkbər açıqlamasında səfərin hansı ölkələrə və hansı tarixdə olacağı barədə açıqlama verməyib: “Bu istiqamətdə danışıqlar və hazırlıq işləri görülür. Səfərlə bağlı cəmiyyətə ətraflı məlumat verəcəyik”. S.Əkbər deyib ki, məqsəd Rəsul Quliyevin prezident seçkilərinə qatılmasına nail olmaqdır və bu istiqamətdə ciddi iş gedir: “Hazırda onun ölkəyə dönərək prezident seçkilərində iştirakının təmin edilməsi üçün də ciddi iş gedir. Bu iş həm ABŞ, BMT, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq qurumlarla aparılır, həm biz ölkə daxilində siyasi fəaliyyətimizi davam edirik”. Maraqlıdır, Rəsul Quliyevin səfər edəcəyi «bölgə ölkələri» hansılardır? Söhbət Türkiyə, Rusiya, İran, Gürcüstan və ya başqa bir ölkədən gedir? Rəsul Quliyevin Türkiyəyə girişinin bu ölkənin xüsusi xidmət orqanı tərəfindən qadağan olunduğu sirr deyil. Bu qadağanın götürüldüyü barədə də hər hansı rəsmi, qeyri-rəsmi məlumata rast gəlinməyib. Deməli Rəsul Quliyevin Türkiyəyə səfəri gündəmdə ola bilməz. Onun İran, Gürcüstan, Ukrayna və digər bölgə ölkələrinə səfər edəcəyi də ağılabatan deyil - nədən ki, Azərbaycanda gözlənilən prezident seçkisinin taleyinə bu ölkələrə səfərin ciddi təsiri olacağı istisnadır. Belə olduqda, Sülhəddin Əkbərin anonsunu verdiyi səfərin Rusiyaya olacağı ən inandırıcı versiya kimi görünür. Aydındır ki, oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinin nəticələri böyük ölçüdə məhz Rusiyanın - Rəsmi Kremlin qərarından asılı olaraq müəyyənləşəcək. Azərbaycan və Rusiya hakimiyyətləri arasında münasibətlər, İlham Əliyev hakimiyyəti vaxtında ən böhranlı dövrünü yaşayır. Rusiya hakimiyyətinin 1992-93-cü illərdən sonra ilk dəfə Azərbaycan müxalifəti ilə işləmək, ona dəstək vermək niyyəti olduğu haqda çox ciddi şübhələr var. Rəsmi Bakının müqavimətinə baxmayaraq Rusiyada yaranan «Milyarderlər ittifaqı» fəaliyyətini davam etdirdi, bu ittifaqın üzvü Rüstəm İbrahimbəyov isə müxalifətin lokomotivi rolunu oynamaqda israrlıdır. Uzun illərdir Qərbin ikili oyunlarından bezən müxalifət liderləri isə, belə görünür ki, Rusiyadan gələn mesajları müsbət cavablandırmağa meyilli kimidirlər. Başqa sözlə, iddialı namizədlər ilk növbədə məhz Rusiya ilə müzakirələrə can atırlar ki, onun stavkasına nail olsunlar. Hazırda bu istiqamətdə Azərbaycan müxalifəti daxilində ciddi rəqabət gedir. Rəsul Quliyev isə hamıdan əvvəl - 2009-cu ildən etibarən Rusiyanın stavkasına nail olmaq üçün çalışmalara başlayıb. Son bir ildə isə onun Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, Vladimir Putinin dostu İlham Rəhimovun vasitəsilə Moskvadan dəstək axtardığına dair məlumatlar var. Əgər Sülhəddin Əkbərin anonsu özünü doğrultsa, Rəsul Quliyev Rusiyaya səfər edə bilsə İlham Rəhimovun vasitəçiliyinin uğurlu alındığı haqda iddialar inandırıcılıq qazanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?