“Milli Məclis, vətənpərvər insanlar” qərbi top atəşinə tutdu
Dünən Milli Məclisin sessiyası keçirilib. Spiker Oqtay Əsədov bildirib ki, parlamentə deputat Mehriban Əliyeva tərəfindən Amnistiya Aktı haqqında qanun layihəsi daxil olub. Spiker əlavə edib ki, bu layihəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb və Milli Məclisin plenar iclasına təklif edilib. Oqtay Əsədov daha sonra təklif edib ki, layihə Milli Məclisin mayın 7-də keçirilən iclasında baxılsın. Deputatlar buna etiraz etməyiblər və qərara alınıb ki, mayın 7-də parlament Amnistiya Aktı haqqında qanun layihəsini müzakirəyə çıxarsın.
Spiker Oqtay Əsədov: “Ermənilərə həsəd aparıram”
Oqtay Əsədov daha sonra əlavə edib ki, bəzi ölkələrin deputatları mütəmadi olaraq Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfər edir, orada qurulan qondarma rejimin nümayəndələri ilə müzakirələr aparırlar. Spiker özlərini Avropa Parlamentinin deputatı hesab edən şəxslərin Dağlıq Qarabağa səfər etməsini bu sıradan olan növbəti addım adlandırıb: “Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Qarabağa səfər edən şəxslər qara siyahıya salınır. Mən əvvəl buna bir qədər ehtiyatla yanaşdım. Amma indi görürəm ki, bizim XİN doğru edib. Avropa Parlamentinin Kipr və Fransadan olan deputatlarının Qarabağa səfəri birmənalı qarşılana bilməz. Dağlıq Qarabağ Kiprdən və Fransadan olan deputatlar gedib. Onlar işğal zonasında yaradılan separatçı rejimlə müzakirələr aparıblar. Kiprli deputat bildirib ki, biz sizin sadiq nökərinizik. Biz əminik ki, öz müqəddəratını təyin etmə hüququ vacibdir. Ancaq nədənsə bu deputat sərhədlərin tanınmasına və beynəlxalq hüquqla təminat altında olan digər məsələlərə diqqət etməyib. Bu həmin deputatdır ki, 25 il əvvəl Qarabağda gedib, həkim olaraq ermənilərə xidmət edib. Amma deməyib ki, bəs Azərbaycanda ölən 10 minlərlə insan öldürülüb, qətlə yetirilib”. Spiker daha sonra əlavə edib ki, Fransa parlamentinin deputatı Bayedə birbaşa Qarabağa səfər edib. Deputat dostluq qripu yaradıb. Və bu səfəri zamanı söyləyib Bu qrupu yaratmaqla Qarabağı tanıtmaq məqsədi qoymuşuq. Bu separatçı rejimi dəstəkləmək deməkdir. Hesab edirəm ki, Milli Məclis, vətənpərvər insanlar buna münasibətini bildirməlidir. Spiker daha sonra əlavə edib ki, bütün insanlar bu məsələdə birlikdə olmalıdır: “Hansı müxalifət saytı, insanlar bu milli maraqlar haqda, Qarabağa dair təşəbbüslər irəli sürüblər? Ancaq daxili məsələlərə aid danışırlar, dövlətçiliyə qarşı çıxırlar. Bu mənada ermənilərə həsəd aparıram. Artıq vaxtı çatıb. Mən öz adımdan Avropa Parlamentinin rəhbəri Martin Şultsa məktub hazırlayıram. Hesab edirəm ki, bunu hər kəs imkanı daxilində etiraz etməlidir. Ancaq burda ikra “diplomatiyası” haqda danışırlar. Niyə erməni konyakı içib beyni dumanlanan siyasətdən bəhs etmirlər. Mən xahiş edirəm ki, bu məsələlərdə aktiv olaq. Azərbaycan gəncləri də aktivlik nümayiş etdirməlidir”. Deputat Fərəc Quliyev isə təklif etdi ki, bu dövlətlərlə bağlı münasibətlərə yenidən baxılsın, lazım gəlsə müəyyən addımlar atılsın: “Eləcədə bu ölkələrin iştirak etdiyi layihələr diqqətə alınsın”. Deputat Əli Məsimlidə spiker Oqtay Əsədovun mövqeyini dəstəkləyib: “Azərbaycandakı siyasi partiyalara, xüsusilə gənclər təşkilatlarına müraciət edirəm ki, bu istiqamətdə aktiv olsunlar. Bu ümumi işdir. Hər kəs belə hallarda fərdi şəkildə Avropa Parlamentinə, həmin deputatlara, onların təmsil olunduğu ölkələrə etiraz məktubu yazmalıdır”
Bu xanımın ürəyi yanırsa öz adasında minlərlə türkün haqqını tanısın
Vitse-spiker Valeh Əsgərov isə dedi ki, Avropa Parlamenti ilə Milli Məclis arasında yaradılan qrupun sədridir: " Biz əlaqələrimizi inkişaf etdirmək istəyirik. Kiprdən olan xanım Eleni ya bisavadlıqdan, ya da fırıldaqçılıqdan millətlərin öz müqəddəratının suverenlikdən üstün olmadığını qeyd edir. Bu xanımın ürəyi yanırsa öz adasında minlərlə türkün haqqını tanısın. Gedib Kiprdə olan türklərlə görüşsün. Bir neçə il əvvəl Kofe Annan planına uyğun olaraq yunan və türk kipirində birləşmək üçün referendum keçirildi. Adanın türk əhalisi Annan planını dəstəkləyərək referendumda birliyə hə dedi. Yunan tərəfi isə referenduma yox cavabı verdi. Amma bundan 4 gün sonra Kiprin yunan hissəsini Avropa Birliyinə qəbul etdilər. Bu ikili standart deyildimi? Türkiyəni illərlə bu quruma qəbul etmirlər. Əvəzində Türkiyədən qat-qat geridə qalan ölkələri ora üzv edirlər. Bu islamafobiya deyilmi?”.
Nuru Paşaya heykəl qoyun
BQP sədri Fazil Qəzənfəroğlu qarşıdan 28 May və Xalq Cümçhuriyyətinin 95 illiyinin gəldiyini xatırladıb. Bildirib ki, Amnistiya Aktı çox yaxşı haldı və biz bunu dəstəkləyirik: “Bildiyiniz kimi biz 3 deputat prezidentə müraciət edərək Nuru Paşaya heykəl qoyulmasını təklif etmişik. Biz ümid edirik ki, bu məsələdə öz həllini tapacaq”. Deputat daha sonra əlavə edib ki, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə ermənistan rəhbərlik edəcək: “Biz bu məsələ haqqında da düşünməliyik”. Hadı Rəcəbli isə 20 ildir ki, parlamentin Azərbaycan-Yunanistan dostluq qrupunun sədri olduğunu xatırlatdı. Bildirdi ki, vaxtı ilə Murtuz Ələsgərov qrup yaratmışdı və o bu qrupun tərkibində Kiprə gedib: “Təsəvvür edin ki, iki il səfirli məni qəbul etmədi. Hesab edirəm ki, biz bu məsələyə kəskin münasibət bildirməliyik”.
Bahar Muradova: “Ölkə içində bəzi qüvvələr Azərbaycana qarşı çıxış edirlər”
Vitse-spiker Bahar Muradova isə deyib ki, artıq Dağlıq Qarabağın dünya miqyasında tanınmasına dair siyasət aparılır: “ABŞ-ın kiçik ştatları bu haqda qərar qəbul edib. Dağlıq Qarabağa səfər edən deputatlar bundan ilhamlanıb. Onlar söyləyiblər ki, Qarabağın müstəqilliyi tanınmalıdır və s. Bu deputatlar kimdir, onların Qarabağa səfəri erməni yaralarını sağaltmağa xidmət edirmi, bu məqsəd dünyanın müəyyən etdiyi sərhədləri pozmağamı xidmət etməlidir? Bizə yönəlik aparılan fəaliyyətə adekvat cavab verməliyik. Bizə qarşı hansı tondan və ifadədən istifadə olunursa o tonda da cavab verməliyik. Mən işğal edilən ərazinin deputatıyam. Burada onlarla belə deputat var və onların malı-mülkü tarmar edilən, evləri və torpaqları işğal olunan seçicilər var. Seçicilər tələb edirlər ki, pozulan hüquqları təmin edilsin”. Daha sonra vitse spikeri müxalifəti ittiham edib. Deyib ki, ölkə içində bəzi qüvvələr Azərbaycana qarşı çıxış edirlər: “Biz bunu “Eurovision” zamanı da gördük. Bu proses hələ davam edəcək. Çünki bu il prezident seçkiləri ilidir, üstəlik Azərbaycanda Yay Olimpiya Oyunları keçiriləcək. Mən bu insanlara demirəm ki, bizə qoşulub belə hallara etiraz edin. Heç olmasa əlinizi Azərbaycana qarşı işləməkdə saxlayın”. Deputat Qənirə Paşayeva isə diqqəti ADNA-da baş verən terror hadisəsinin 4 ilinin tamam olmasına yönəltdi: “Biz terror aktını pisləyirik. Heç bir ölkədə terrorun olmasına haqq qazandırmaq olmaz. Mən 4 il əvvəl ADNA-da baş verən bu terror aktı zamanı dünyasını dəyişənlərə allahdan rəhmət diləyirəm”. Daha sonra deputat spikerin anti Avropa mövqeyini dəstəklədiyini deyərək, dünyada yaşayan bütün azərbaycanlıları bu prosesdə aktiv olmağa çağırdı.
Dövlət orqanları Qarabağ qazisi Tuti Cumayevə yardım etsin
Qənirə Paşayevə nəhayət sonda Azərbaycan torpaqları uğrunda vuruşub qazi olan və hazırda ciddi müalicəyə ehtiyacı olub dövlət qayğısından kənarda qalan Qarabağ qazilərindən də danışdı. Konkret olaraq bildirdi ki, artıq ölkəmizdə sosial şəbəkələrdə Tutu Cumayev adlı Qarabağ qazisinin müalicəsi üçün kampaniya başlayıb: “Mən Səhiyyə Nazirliyindən və digər dövlət qurumlarına üz tutub deyirəm ki, bu Qarabağ qazisinə yardım etsinlər”. Deputat Musa Qasımlı isə təklif etdi ki, DağlıqQarabağa gedən deputatların üzv olduğu ölkələrin parlamentlərinə müraciət edilsin: “XİN bu deputatların mənsub olduğu dövlətlərin Bakıdakı səfirlərini nazirliyə dəvət edərək narazılığı ifadə etməlidir. Həmdə bu beş deputatı Azərbaycana dəvət etmək lazımdır. Eyni zamanda təklif edirəm ki, bu deputatların ölkələrinin mediasını Azərbaycana dəvət edək. Fikrimcə, bu daha effektiv olardı”. Milli Məclisin komitə sədri Əli Hüseynli isə deyib ki, beynəlxalq təşkilatlarda daima çalışırlar, iş aparırlar: “Vəziyyəti analiz edək. Azərbaycan parlament nümayəndə heyətlərinin çoxlu işi olub və bu konkret olaraq qərarlarda da öz əksini tapıb. Konkret olaraq bu qurumların qərarlarının icra mexanizmi yoxdur. Yalnız Avropa Məhkəməsinin belə bir imkanı var. Bizim məcburi qaçqınlar Avropa Məhkəməsində iddia qaldırıblar. Biz çalışırıq ki, bu haqda qərarlar qəbul edilsin”. Əli Hüseynlidə müxalifəti ittiham edib: “Müxaliftin radikal qanadı bu işdə heç bir xeyr verə bilməz. Dağlıq Qarabağ probleminin yaradıcısı elə onlardır”. Daha sonra Siyavuş Novruzov, İqbal Ağazadə və Bəxtiyar Əliyevə spiker söz vermədi. Dedi ki, artıq iş kompüterlərdə, məktublarda, çıxışlarda olmalıdır. Və Qarabağa Azərbaycanın razılığı olmadan səfər edən şəxslərə və onların ölkələrinə çoxlu sayda etirazlar, şikayətlər, narazılıqlar edilməlidir. Milli Məclisdə adətən oturub çıxışlara qulaq asmaqla işini bitmiş hesab edən deputat İmamverdi Mustafayev isə təklif etdi ki, parlament nahara çıxmadan məsələləri müzakirə edib başa çatdırsın...
Sorğu
Yeni dizaynımız necədir?