PA rəhbəri “İranın ünvanına diplomatik etikaya sığmayan, sitayişə bənzər mədhiyyə” söyləyib
Dünya Azərbaycanlıları Konqresi rəsmi Bakının İranla bağlı biri-birini inkar edən bəyantlar səsləndirməsini pisləyən bəyanat yayıb. Bəyanatda rəsmi Bakı təmsilçilərinin Vaşinqtonda İranı pislədiyi, İranda isə təriflədiyi qeyd edilir. İrana səfərində PA-nın rəhbəri Ramiz Mehdiyevin İranı tərifləməsi bəyanatda kəskin tənqid edilir. İrana təriflər söylənməsi sənəddə “bu ölkənin ünvanına diplomatik etikaya sığmayan, sitayişə bənzər mədhiyyə” adlandırılır. Belə mövqeyin istər Azərbaycan əhalisini, istər medianı, istərsə də ölkənin diaspor qurumlarını narahat etdiyi xatırladılır. İrana təriflər söylənməsi rəsmi Tehranın milli zülmündən dünyaya səpələnən Güney Azərbaycan türklərinin taleyindən xəbərsizlik və milli taleyə biganəlik sayılır. Sənəddə rəsmi Tehranın Güney Azərbaycan türklərinə ana dilində təhsil almağa imkan verməməsi, Urmiya gölünü bilərəkdən qurutması, “erməni soyqırımı”nı dəstəkləməsi, Ermənistana yardım etməsi xatırladılır. Bu təriflərin Azərbaycanın elan etdiyi və uzun illər apardığı siyasətə daban-dabana zidd olduğu vurğulanır. Sənəddə rəsmi Bakıya İranla münasibətdə 35 milyon Güney Azərbaycan türkünün taleyinin nəzərə alınmasının zəruri olduğu xüsusi vurğulanır. “Bunu nəzərə almayan istənilən bəyanat və açıqlama DAK tərəfindən milli və dövlətçilik maraqlarına zidd sayılır və qəbul edilmir”, - deyə kəskin mövqe ifadə olunur.R.Mehdiyevin İranda səsləndirdiyi anti-Qərb bəyanatlarının respublika üçün yeni problemlər yaratmağa xidmət etdiyi deyilir.
Sorğu
Yeni dizaynımız necədir?