“Mən sözümü dedim, sözümün də ağasıyam. Mən məmur deyiləm, millətimin vəkiliyəm”
Milli Məclisin son iclasında xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı müzakirələrdə çıxışı böyük rezonansa səbəb olub. Deputat konkret ad çəkməsə də Prezident Administrasiyası rəhbərliyində təmsil olunan şəxsləri ittiham edib: “Heydər Əliyevdən vaxtilə üz döndərənlər indi Prezident Aparatındadır. Bu adamlar səmimi deyillər. Adamın bir sifəti olar. Sirus Təbrizli mənə deyirdi ki, biz YAP-ı yaradanda o adamların yanına gedirdik. Amma Heydər Əliyevin adı gələndə üz döndərirdilər. Lakin bu gün həmin insanlar vəzifədədirlər. Adamın düşməni olar və bunu bilər. Düşmənlə üz-üzə durmaq lazımdır. Amma belələri yanımızdadır. “91-lər” mənim evimdə təşkilatlanıb”.Zeynəb Xanlarova onu da deyib ki, bu gün baş verən neqativ hadisələrə görə, həmin şəxslər günahkardırlar: “Hər şeyi müxalifətin üstünə atırlar. Amma əslində, özləridir günahkar”. Bəs görəsən, bu çıxışından sonra xalq artisti özünə qarşı təzyiq gözləyirmi? “Bizim Yol”un bununla bağlı sorğusunu cavablandıran Zeynəb Xanlarova bildirib ki, o, həqiqəti danışdığı üçün heç nədən çəkinmir: “Mən niyə qorxmalıyam ki? Yalan danışmadım. Olanları, yaxın tarixi xatırlatdım. Mən sözümü dedim. Sözümün də ağasıyam. Mən məmur deyiləm. Millətimin vəkiliyəm”. “Prezident Administrasiyasında kimləri nəzərdə tuturdunuz” sualına Zeynəb Xanlarova bildirib ki, konkret ad çəkməsə də söz ünvanına çatıb: “Ad çəkməyə nə ehtiyac var. Söz ünvanına çatdı. Yaxşı bilirlər ki, söhbət kimdən gedir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?