Əli Əlirzayev: “Heydər Əliyev haqqında elə insanlar danışır ki, baxanda adam dəhşətə gəlir”
Bu gün mərhum preziden Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Bu məqsədlə hakimiyyət ölkə boyu yubiley tədbirləri təşkil edir. Ancaq maraqlıdır ki, bu tədbirlərin heç birində Heydər Əliyevin ən pis vaxtlarında onu müdafiə edən və qoruyan şəxslər iştirak etmirlər. Çünki onlar artıq Heydər Əliyevin özünün qurduğu sistemin mahiyyətinə uyğun olaraq ictimai-siyasi həyatdan kənarlaşdırılıb. Heydər Əliyevin 90 illik yubileyi günü suallarımıza vaxtı ilə onu müdafiə edən və məhz buna görə də Mütəllibov və Vəzirovun təzyiqləri ilə üzləşən, hətta bir zamanlar Bakını tərk edərək Naxçıvanda yaşamağa məcbur olan, İqtisad Universitetində prorektor vəzifəsindən qovulan, amma Heydər Əliyevi müdafiə etməkdən imtina etməyən Əli Əlirzayev cavab verib. Xatırladaq ki, Əli Əlirzayev Yeni Azərbaycan Partiyasının qurucularından hesab olunur və hazırda hakimiyyətdə olan bu partiyanın Siyasi Şurasının üzvüdür. - Əli müəllim, böyük əksəriyyətin söydüyü zamanlar sizin dəstəklədiyiniz Heydər Əliyevin 90-illik yubileyini necə qeyd edirsiniz? - Əlbəttə, Heydər Əliyev böyük şəxsiyyət idi və heç kimin edə bilmədiyini edə bilmişdi. Bu gün onun doğum günüdür. Bu əlamətdar gündür. Həm də 90 yaş yaxşı yaşdır və onu qeyd etmək lazımdır. Heydər Əliyev Azərbaycanın lideri və yaradıcısı olub. Tarix durduqca, Heydər Əliyevdə duracaq. Hesab edirəm ki, onun 90 illik yubileyi keçirilməli idi və keçirilir də. Onun həyatı Azərbaycanın həyatı ilə bağlı olub. Nəzərə alın ki, Heydər Əliyev bütövlükdə Azərbaycanın müstəqilliyini təmin edən şəxs idi. - Siz Heydər Əliyevin 90-illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərdə iştirak edirsinizmi? -Xeyr. Məni heç bir tədbirə dəvət etməyiblər. Yalnız işlədiyim universitetdə tədbir keçirilib və məni də ora dəvət ediblər. Mən də, həmin tədbirə gedərək iştirak etmişəm. Bundan savayı heç bir tədbirə getməmişəm. Axı mənim də, az yaşım yoxdur və çağırılmayan yerə getmərəm. Əlbəttə ki, özüm harasa gedə bilərəm və bu ayrı bir şeydir. Amma Yeni Azərbaycan Partiyası iclaslar keçirir, tərbirlər düzənləyir, amma məni ora dəvət eləmirlər. Siz də bilirsiniz ki, mən Heydər Əliyevə yaxın insan olmuşam. İndi mən bu prosesdən kənarda qalanda adama pis təsir edir. Amma çağırmırlar, çağırmasınlar da. Mən bir söz deyə bilmərəm. Hər birinə də sağ ol deyirəm. - Axı siz YAP Siyasi Şurasının üzvüsünüz və məntiqlə keçirilən yubiley tədbirlərində iştirak etməlisiniz... - Siz nə danışırsınız. Bizim qurduğumuz partiya indi məni ümumiyyətlə yaxına buraxmır. - Siz Siyasi Şuranın üzvü olaraq qalırsınızmı? - Əlbəttə, mən Siyasi Şuranın üzvüyəm. Üstəlik partiyanın üzvlük haqqını da verirəm. YAP-ın Səbail rayon təşkilatı məni iki-üç dəfə tədbirlərinə dəvət eləmişdi. Amma indi onlarda dəvət etmirlər. Yəqin onlara təsir ediblər ki, mənimlə əlaqəni dayandırsınlar. Düşünürlər ki, birən Əli Əlirzayev gəlib tədbirdə oturar, gözü nəyəsə sataşar və durub nələrsə deyə bilər. Yəqin buna görə istəmirlər də. Bilirsinzmi, bir var Heydər Əliyev haqqında oxyub danışasan, bir də var ki, Heydər Əliyevlə birlikdə işləyib danışasan. Bunlar fərqli şeylərdir. - İndi Heydər Əliyev haqqında danışanlar, onu tərifləyənlər kimlərdir ki? - Mən onu deyə bilərəm ki, mərhum Heydər Əliyev haqqında danışanların mütləq əksəriyyəti Heydər Əliyevə qarşı çıxırdılar, onun arxasınca danışırılar və heç bu dahi şəxsiyyətin yaxınına gedə bilmirdilər. Amma indi onların hamısı Heydər Əliyevçi olublar və bu haqda danışırlar. Bir adam da demir ki, a bala, axi siz Heydər Əliyevlə bağlı bu cür addımlar atmısınız. Düzdür, danışan bəzi şəxslər Heydər Əliyevin yanında olublar da, onunla işləyiblər də. Mən bunu da inkar etmirəm. Mən illərlə Heydər Əliyevə qulluq eləmişəm, onunla saatlarla söhbətlər etmişəm, onun sevdiyi şəxslərdən biri olmuşam. Amma bu gün məni kənarda saxlayırlar. - Niyə? - Çünki mən obyektiv insanam və obyektiv də danışıram. - Son dəfə YAP-ın qərargahında nə zaman olmusunuz? - Mən ümumiyyətlə qərargahda olmamışam. Bəlkədə 10 ildir ki, ora getmirəm. Səhv etmirəmsə 2005-ci ilin Milli Məclis seçkilərində sənədlərimi ora vermişdim. Amma YAP-ın 20 illik yubileyi ilə əlaqədar olaraq məni də “Buta” da keçirilən ziyafətə dəvət etmişdilər. Məndə getdim. Ora məni dəvət etməmək yəqin ki, çətin idi. Yəqin düşünüblər ki, insaf da yaxşı şeydir. Bir sözlə həmin tədbirdə getdim. Yaxşı da ziyafət təşkil etmişdilər. - Ramiz Mehdiyevlə üz-üzə gəlmədiniz ki? - Tədbirdə prezident çıxış etdi. Ramiz Mehdiyev çıxış etmədi. Mən bir qədər gec getdim və oturdum. Yerimi də ön cərgədə saxlamışdılar. Elə gedib oturdum, köhnə YAP-çılardan da bir-iki nəfər var idi. Çıxışlar qurtarandan sonra konsert oldu. Oturub konsertə də qulaq asdım və sonra da qayıtdım evə. Amma yemək-içməkdə iştirak etdim, konsertə qulaq asdım. Son dəfə bu tədbirdə iştirak etmişəm. - Zeynəb Xanlarovanın Milli Məclisdə verdiyi bəyanatından xəbəriniz varmı? - Bəli, bu haqda mətbuatdan oxumuşam. - Zeynəb xanımın bəyanatını necə qiymətləndirirsiniz? - Zeynəb Xanlarova düz deyir və mən onu alqışlayıram. Onun dediyi kimi Prezident Administrasiyasında adamlar var ki, vaxtı ilə Heydər Əliyevə qarşı çıxıblar. Mən ad çəkmək istəmirəm. Elə məni vuran adam Prezident Adminstrasiyasında oturanlardır. İş ondadır ki, mən onların əksəriyyətinə yaxşılıqlar etmişəm. Onların çoxu Heydər Əliyevin yanına gedə bilmirdilər. Mənə deyirdilər ki, siz Naxçıvana gedib gəlirsiniz, heç olmasa bizdən ona salam deyin, adımızı yanında çəkin, dəstəklədiyimizi bildir. Mən də, deyirdim ki, Heydər Əliyev filankəslər sizə salam deyir, sizi gözləyirlər. O da, soruşurdu ki, məni neyləyirlər, ev, iş istəyirlər? Deyirdim ki, yox sizi dəstəkləyirlər, alqışlayırlar. Rəhmətlik də, deyirdi ki, qoy hələ qalsınlar, lazım olanda çağırarsan. İndi bunlar olublar Heydərçi. Sən demə ölkəni bunlar qurublar, bizimdə bundan xəbərimiz olmayıb. Bunlar ayrı-ayrı partiyadan gəlib oldular yapçı. Bizdə YAP-da ola-ola olduq düşmən. Bu mənada Zeynəb xanım düz deyir. - Bir zamanlar YAP-ın qızıl fondu elan olunan, amma sonradan vurulub güncə atılan “91-lərin” bir-birilə münasibəti varmı? - Əlbəttə var. Biz görüşürük, əlaqə saxlayırıq, arada toylarda iştirak edirik. Mənim bu insanların hər birinə hörmətim var. Əslində 90 illik yubiley tədbirinin özəlliyi ondadır ki, doğurdan da Heydər Əliyevi sevən, onun arxasında duran, səmimi şəkildə yanında yer alan şəxslərdən birini də qabağa qoymurlar. Bunu ölkənin prezidenti bilməlidir. Heç olmasa bilməlidir ki, onun atasının qayğısına qalan insanlar olub. Adam yaxşılığı unutmaz. Heydər Əliyev yaxşılığı heç vaxt unutmurdu, heç olmasa səndə unutma da. - Heydər Əliyevi ən pis vaxtlarında dəstəkləyən, onu səmimi olaraq sevənləri indi kim qabağa çıxmağa qoymur ki? - Prezident Administrasiyasında kimlərsə, habelə hansısa nazirlər qoymur. Hələ Heydər Əliyevin vaxtında nazirlər var deyirdi ki, cənab prezident Əli Əlirzayev bizi işləməyə qoymur, çıxış edib deyir ki, filan qanun keçməməlidir. Heydər Əliyev də, deyib ki, Əli Əlirzayevin çıxışını gətirin görüm nə deyib axı. Çıxışa baxandan sonra deyib ki, düz deyir, siz gedin səhvinizi düzəldin. Amma indi deyirlər ki, onu buralara qoymayın. Çağırarıq sonra hansısa nazirin xoşuna gəlməz. Axı mən çoxunun keçmişini də, indisini də tanıyıram, münasibətim olub. Deyirlər ki, birdən Əli Əlirzayev deyər ki, bəs filankəsin məsələsini Heydər Əliyevin yanında mən qaldırmışam, ona demişəm ki, filankəs sizi dəstəkləyir.Əslində mən bunu deyə bilərəm, çünki buna haqqım var. Mən heç bir şeysiz Heydər Əliyevin arxasında duran şəxs olmuşam. Adicə professor idim. Bakıdan qovulan professor idim. Vəzirovun və Mütəllibovun çıxışlarına münasibətimi bildirirdim, Heydər Əliyevi müdafiə edirdim. Heydər Əliyev haqqında məqalələri ilk dəfə mən yazmışam. Sonra getdim Naxçıvana. İndi təsəvvür edin ki, toylar edəndə məni çağırmırlar ki, birdən kiminsə gözünə dəyərəm və bu da ona xoş gəlməz. - Sirus Təbrizli ilə münasibətiniz varmı? - Sirus Təbrizli ilə daima münasibətin yaxşı olub. Arada yas mərasmlərində görüşürəm. Amma xüsusi görüşməyim və ya müzakirələr aparmağımız yoxdur. Naxçıvanda olanda münasibətlərimiz müsbət idi. Naxçıvana Heydər Əliyevin yanına gələndən sonra Naxçıvan Dövlət Universitetinə gəlib mənimlə çay içirdi. - Sirus Təbrizli deyir ki, vaxtı ilə Heydər Əliyevə sui-qəsd hazırlayanlar indi deputatdır, amma onu müdafiə edənlər kənara atılıb... - Düz deyir də. Mən bu haqda çoxdan demişəm. Amma birdə görürsünüz ki, dediklərim səhv anlaşılır. Deyirlər ki, bu adamlar vaxtı ilə vəzifədə olublar, amma vəzifədən gedəndən sonra narazı-narazı danışırlar.Amma nəzərə alın ki, biz elə o zamanda danışırdıq. Elə vəzifədən uzaqlaşmağımızın səbəbi də danışmağımız olub da. Biz indiki iqtidara, indiki hökumətə və nazirlərə neyləmişik ki? Heç bir şey eləməmişik axı.Biz o vaxt danışırdıq və buna görə də, bizi uzaqlaşdırdılar. Yaxşı uzaqlaşdırmısınız da. Bunu anladıq. Heç olmasa qoyun faktı, tarixi deyək. Axı indi olmasa da, 5-10 ildən sonra yazacaqlar ki, bu adamlar Heydər Əliyevə yaxın olublar, bu hökumətin qurulmasında iştirak ediblər. Bu hökuməti ona görə qurmamışıq ki, kimlərsə pul verib vəzifə alsın və bizi də saymasın. Bütün bunlar düşündürücü məsələlərdir. Bu insanlar xidmətləri olub. Sirus Təbrizli mitinqləri aparanda, danışanda bu adamlar axı yox idi. Ötən dəfə Milli Məclisdə çıxış edərkən Mehriban Əliyevada bildirdi ki, elə bu zalda Heydər Əliyevə qarşı haqsızlıq ediblər. Qardaş, həmin adamlar indi vəzifədədirlər, hansı televiziya kanalını açırsınız orada danışırlar. Amma kanallar bizi qonaq çağırmırlar. Hətta indi tapşırıq veriblər ki, Əli Əlirzayevi ümumiyyətlə kanallara dəvət etməyin. Heydər Əliyev haqqında elə insanlar danışır ki, adam baxanda dəhşətə gəlir. Ölkə prezidenti əlaltından bu məsələlərə diqqət eləsin ki, kim nə ilə məşğuldur, hansı yolla vəzifəyə gedib. - Siz YAP-ı yaradanda, hakimiyyətə gələndə Heydər Əliyevi müdafiə edəndə 10 ildən sonra pis vəziyyətə qalacağınızı düşünürdünüzmü? - Mən ziyalı insanam, hər şeyi də gözəl başa düşürəm. Bilirəm ki, sistem dəyişir, zaman ötür, komanda bir-birini əvəz edir. Amma Lenində, Stalində hakimiyətdə olduğu zaman bəzi məqamlara xüsusi diqqət edib. İndiki hakimiyyət Heydər Əliyev iqtidarının davamıdır. Heydər Əliyevi müdafiə edənlər, onunla birgə işləyənlər, ona qulluq edənlər yaşayırlar və onlar canlı irsdirlər. Əgər biri cinayət edibsə həbs et, cəzalandır. Amma tutulmayan şəxsədə şərait yarat ki, heç olmasa mənəviyyatı çiçəklənsin, yeri gələndə vaxtı ilə xidməti olduğunu qeyd elə. Amma birdə görürsən ki, şəxs Heydər Əliyev haqqında danışır, amma onun üzünü görməyib. Baxmayaraq ki, bir başqası çıxıb danışa, Heydər Əliyevlə danışıqlarını, onun məsələlərə münasibətini canlı şəkildə qeyd edə bilər. Amma bunlar deyir ki, onu qoymaq olmaz. Bu düzgün iş deyil, əgər sən irsdən danışırsansa, bu irsi davam etdirən insanlara daima hörmət etməlisən. Məsələ bu qədər sadədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?