Vahid namizəd yenə də müxalifətin tək şansı kimi görünür, hakimiyyətsə namizədini dəyişə bilər
2003-cü ilin çəkişməli və böyük gərginliklə yadda qalan prezident seçkilərindən sonra 2008-ci ildə Azərbaycanda müstəqillik dövrünün ən formal seçkiləri baş tutdu. İlham Əliyev seçkilərə faktiki olaraq rəqibsiz getdi, əsas müxalifət liderlərinin namizəd olmadığı seçkiyə isə seçici maraq göstərmədi. Bir neçə «konstruktiv» müxalifətçinin İlham Əliyevə alternativliyi də formallıqdan uzağa getmədi və seçki prosesinə xalqın və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək iqtidarında olmadı. Nəticədə böyük iddialarla irəliyə çıxmış alternativlər 2 faizlik rəsmi nəticədən sonra İlham Əliyevi «parlaq qələbə» münasibəti ilə təbrik etmək üçün sıraya düzüldülər. Xarici və yerli bitərəf müşahidəçilərin qənaətinə görə, 2008-ci ilin prezident seçkilərinə səsvermə hüququ olan vətəndaşların cəmi 20-25 faizi qatılmışdı ki, bunlar də əsasən iqtidara səs verən insanlar idi. Bu baxımdan, bəzi neytral müşahidəçilər belə 2008-ci il seçkilərində İlham Əliyevin 82 faiz səs topladığı barədə rəsmi nəticələri reallıq kimi qəbul edirlər. Yəni, seçkiyə seçicilərin 20-25 faizi gəldi və onlar da İlham Əliyevə səs verdilər. Amma təbii ki, bu heç də 2008-ci ildə prezident seçkilərinin demokratik olduğu anlamını daşımır. Danılmaz faktdır ki, əsas rəqiblərin namizəd olmadığı həmin seçkilərə səsvermə hüququ olan vətəndaşların 80 faizə yaxını qatılmamışdı. Başqa sözlə, Azərbaycan xalqının boykot etdiyi seçkilərdə iqtidar öz istədiyinə rahatlıqla nail oldu.
Müxalifət olsun, amma hakimiyyətə can atmasın...
Əslində, Azərbaycan iqtidarının, istədiyi də budur ki, hakimiyyət uğrunda real mübarizə aparan müxalifət tamamilə sıradan çıxsın, bütün seçkilər əvvəlcədən Prezident Administrasiyasında cızılmış ssenari əsasında keçirilsin və rəqib kimi göstərilən siyasi qüvvələr də bu ssenaridə sadəcə rol alsınlar. Beləliklə də müəyyən qədər demokratiya görüntüsü yaratmaqla uzun illər hakimiyyətdə qalsınlar. Yəni, ölkədə müxalifət olsun, amma hakimiyyət uğrunda mübarizə aparan, real təhlükə yaradan müxalifət yox, hakimiyyətə «kənardan» dəstək verən, mübarizələri söz oyunundan uzağa getməyən «rəqiblər» olsun. Məhz belə bir təcrübə ilk dəfə 2008-ci ildə sınaqdan keçirildi.
2013-də hansı ssenari təkrarlanacaq?
Amma artıq indii heç bir şübhə doğurmur ki, 2013-cü ildə prezident seçkiləri iqtidar üçün heç də belə asan keçməyəcək. Hazırki siyasi durum 2008-ci ilin prezident seçkiləri ərəfəsindəki vəziyyətdən kəskin fərqlənməklə daha çox 2003-cü ili xatırladır. Oxucularımız xatırlayar ki, 2000-ci ilin sonlarından, parlament seçkilərindən dərhal sonra Azərbaycanda görünməmiş siyasi fəallıq başlamış, siyasi partiyalar təklikdə və birləşərək güclü mitinqlər təşkil etmişdilər. Bütün bu aksiyaların hədəfi isə qarşıdan gələn prezident seçkiləri idi. Hələlik müxalifət o vaxtkı izdihamlı mitinqləri təkrarlamağa nail olmasa da, xeyli fəallaşıb və belə görünür ki, prezident seçkilərində hakimiyyətin planlarını pozmaq niyyətindədir. Bizim müşahidələrimizə görə, 2013-cü ilin prezident seçkilərində hadisələr əsasən 4 istiqamət üzrə cərəyan edə bilər: - Hakimiyyət daxili və xarici təzyiqlər qarşısında duruş gətirməyərək öz namizədini dəyişər və nisbətən normal seçkilərə gedər; - İlham Əliyev təzyiqləri dəf edərək təkrar namizəd olar və real müxalifəti ümumiyyətlə seçkiyə buraxmaz, 2008-ci il ssenarisi təkrarlanar; - Müxalifət seçkiyə dağınıq halda gedər, qüvvələr parçalanar və hakimiyyət bu dəfə də istədiyinə nail olar; - Müxalifət seçkiyə vahid namizəd və vahid komanda şəklində gedib seçkiyə güclü daxili və xarici diqqəti təmin etməklə, saxtalaşdırma olacağı halda fəal xalq etirazları və beynəlxalq dəstək üçün zəmin əldə olunmasına nail olar və sairə.
Hakimiyyət geri çəkilə bilər
Başlayaq birinci ehtimaldan. Fikrimizcə, xüsusən də xarici təzyiqlər güclənərsə İlham Əliyevin geri çəkilməsi, seçkilərdə iştirakdan imtina edərək hakimiyyətin başqa bir namizədlə çıxış etməsinə razılıq verməsi mümkündür. Çoxsaylı mənbələrin məlumatına görə, Qərb bu şərti İlham Əliyevin qarşısında çox sərt şəkildə qoyub. Tələb belədir ki, İlham Əliyev Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etsin, qarşıdan gələn seçkilərdə namizəd olmasın və normal seçkilər nəticəsində postu başqasına təhvil versin. Bu şəxs təbii ki, iqtidar düşərgəsindən də ola bilər, amma ötürülmə normal, beynəlxalq aləmin qəbul etdiyi seçkilər nəticəsində baş verməlidir. Məlumatlara görə, bu variantın real olduğunu hakimiyyətin bəzi çevrələri də qəbul edib. Bu çevrələr əsasən hakimiyyətdəki «Paşayevlər» klanına yaxın və digər anti-«Naxçıvan» qruplaşmalarıdır. Onların hesablamalarına görə, hakimiyyəti tam ələ keçirmək və daha da möhkəmlənmək üçün ərəb üsyanlarından sonra əlverişli siyasi-psixoloji şərait yaranıb. 2013-cü ildə hakimiyyətin başqa bir namizəd irəli sürməsi zərurəti yaranarsa Rusiya variantına gedilməli və hakimiyyət yeni klanın nümayəndəsinə verilməlidir. Belə bir varianta gedilməsinin qarşısında ən böyük maneə isə təbii ki, Ramiz Mehdiyev və onun klanıdır. Hakimiyyətin ən yaxın çevrədən olsa da belə, başqa bir şəxsin əlinə keçməsi bu klanın siyasi intiharına bərabər olar. İlham Əliyevin geri çəkilməsini nəzərdə tutan bu variantın reallaşması şansı 50-50-yə hesab olunur. Bəzi analitiklərin fikrincə, İlham Əliyevin bu ay ABŞ-a gözlənilən səfərində bu məsələ xüsusi müzakirə mövzusu ola bilər.
Hakimiyyət sonadək dirənəcək
Lakin hakimiyyətin daha çox ikinci varianta - təzyiqləri dəf edərək formal seçkilər nəticəsində İlham Əliyevin üçüncü müddətə prezidentliyini təmin etmək istiqamətində kurs götürdüyü açıq sezilir. Real müxalifətin sıradan çıxarılması üçün repressiya maşını yenidən tam gücü ilə işə salınıb, xaricdən gələn demokratiya çağırışları qulaqardına vurulur. Çox böyük ehtimalla, hakimiyyət Qərblə kəskin qarşıdurma bahasına olsa da, bir addım da geri çəkilməmək, 2013-cü ildə də ənənəvi bir seçki ilə təhlükəni özündən uzaqlaşdırmaq siyasətini aparacaq. Hakimiyyətdəkilər çox yaxşı anlayırlar ki, xaricdən gələn tələb və hətta təhlükələrə daxildən dəstək olmasa, siyasi müxalifət narazı kütləni meydanlara çıxara bilməsə bu maneəni də aşa biləcəklər. Qarşılarına da bu hədəfi qoyublar ki, heç bir halda ölkə daxilində narazılığın toparlanmasına və hakimiyyətə qarşı yönəlməsinə imkan verməsinlər. Bütün ölkə boyu repressiya maşınının işə düşməsinin, aparıcı müxalifət partiyalarının maliyyələşmədən kənarda saxlanmasının, mitinq üçün tamamilə yararsız meydan təklif olunmasının əsas səbəbi budur. Amma bu «yayın dartılması» siyasətinin hakimiyyət üçün risqli tərəfləri də daha çoxdur. Ölkədə narazılıq güclüdür və bunu İlham Əliyev və ətrafındakılar da bilməmiş deyil. Təsadüfi deyil ki, prezidentə yaxın mənbələrin məlumatına görə, o, daim güclü qorxu içində olduğunu heç cür gizlədə bilmir. Digər tərəfdən, daxildə demokratik təsisatlara hücumlar artdıqca paralel olaraq xarici təzyiqlər də güclənə bilər. Bizdə çox zaman xarici təzyiqin çox da əhəmiyyətli rol oynamadığını sübut etmək üçün Belarus təcrübəsi misal gətirilir. Deyilir ki, əgər Qərbin əlində avtoritar hakimiyyətlərə qarşı real rıçaqlar olsaydı Lukaşenkonu çoxdan devirərdilər. Bu mövqedə müəyyən həqiqət var. Amma unutmaq olmaz ki, Belarusda nə qədər sərt bir rejim olsa da, bu ölkənin hakimiyyəti bizimki qədər miqyaslı korrupsiyaya qurşanmayıb və bu günə qədər Lukaşenkonun, ətrafındakıların hansısa xarici banklarda milyardlarla dollarının olduğu, bahalı daşınmaz əmlaklar aldığı barədə iddialara rast gəlinməyib. Lukaşenko Qərbin əlinə belə təzyiq vasitələri verməyib. Amma Azərbaycanı idarə edənlərin xaricdə nələri olduğunu xüsusi olaraq sadalamağa ehtiyac yoxdur. Bu baxımdan, şübhəsiz ki, Qərbin əlində Azərbaycan hakimiyyətinə qarşı çox ciddi təzyiq vasitələri var və onlar, Dubay mülklərindən başlayan proses də göstərdi ki, istənilən vaxt işə düşə bilər.
Müxalifət birləşməlidir!
Fikrimizcə, 2013-cü il prezident seçkiləri üçün müxalifətə ən böyük təhlükələrdən biri elə onun özündən qaynaqlanır. Söhbət müxalifətin birləşə bilməmək ehtimalından gedir. Bu aksiomadır: Birləşə bilməmiş müxalifətin hakimiyyət üçün heç bir təhlükəsi yoxdur! Nəhayət, müxalifət liderləri özlərində cəsarət taparaq seçkilərə azı bir il qalmış vahid komanda şəklinə düşməli, ən geci 6 ay qalmış isə vahid namizədi müəyyən edərək xalqa və beynəlxalq ictimaiyyətə təqdim etməlidirlər. Bu uğurun başlıca formuludur. Əlbəttə, söhbət yenə də gəlib onun üzərinə çıxacaq ki, müxalifətin vahid namizədi kim olsun. Liderlərin iddialarını uzlaşdırmaq çox çətin iş olsa da, mümkündür, yetər ki, illərdir məğlubiyyətlə üzləşən partiya sədrləri məsuliyyətlərini sonadək dərk edə bilsinlər. Həm də artıq nəzərə almaq lazımdır; Hakimiyyət şəxsi mülkü kimi baxdığı Azərbaycanı əldən verməmək üçün öz rəqibini hətta fiziki cəhətdən də məhv etməyə hazırdır. Müxalifətin vahid namizədi olmağa can atan liderlər bunu nəzərə almalı və kim bu məsuliyyətin altına girməyə hazırdırsa, o da vahid namizəd olmalıdır.
Vahid namizəd kim ola bilər?
Ümumiyyətlə götürdükdə isə, müxalifət vahid namizədini müəyyən edərkən bir neçə faktoru nəzərə almalıdır. Əvvəla və ilk növbədə bu şəxsə xalqın ən müxtəlif təbəqələrinin simpatiyası olmalıdır. İkincisi, hakimiyyətin heç olmasa bir güclü qruplaşmasının son anda olsa da, onun tərəfinə keçmək şansı nəzərə alınmalı; Üçüncüsü, Qərbin də etimad göstərdiyi, dəstək verə, güvənə biləcəyi namizəd olmalıdır. Lap hətta bu şərtlər nəzərə alınmasa belə, əsas müxalifət qüvvələrinin - AXCP-Müsavat, həmçinin ACP, AMİP, KXCP, ADP-nin vahid komanda halına düşməsi və vahid namizəd müəyyən etməsi hakimiyyətə qarşı çox ciddi cəbhənin yaranmasına səbəb ola bilər. Daha dəqiqi, heç şübhəsiz belə bir cəbhə yaranar. Amma nə işdisə, neçə illərdir az qala hamı xorla «vahid namizəd» deyə-deyə qalıb, bircə müxalifət liderləri bu məsələni «əhəmiyyətli» hesab etmirlər. Guya əsas olan «demokratik seçki şəraitinin» yaranmasıdır, vahid namizədin olub-olmaması bundan sonra əhəmiyyət daşımayacaq. Axı buna kimin şübhəsi var ki, demokratik seçki şəraiti yaranandan sonra vahid namizədə ehtiyac qalmayacaq? Məsələ də elə «demokratik seçki şəraitinin» yaranmasına nail olmaq, daha doğrusu hakimiyyəti buna məcbur etmək üçün qüvvələri birləşdirməkdədir. Belə davam etsə təklikdə heç kimi Azərbaycanı demokratikləşdirə bilməyəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?