Rus prezidenti Azərbaycan rəhbərinin “Wikileaks”də çap olunan fikirlərindən qəzəblənib; Moskvanın iqtidardan nə istədiyi və nə edəcəyi bəlli oldu: “Moskva seçkilərə hazırlaşır” Rusiyada fəaliyyət göstərən azərbaycanlı oliqarxların və digər tanınmış şəxslərin bir araya gələrək Rusiya Azərbaycan Təşkilatları İttifaqını yaratması ölkədə geniş müzakirə obyektinə çevrilib. Daha sonra təşkilat fəaliyyətini müəyyən müddətə qədər dondurduğunu bəyan etsə də, bu mövzu ətrafında söhbətlər səngimir.
Diaspora yoxsa siyasi təşkilat?
Qurumun yaradılması və fəaliyyəti ilə bağlı müxtəlif versiyalar yayılmaqdadır. Son versiya budur ki, Moskva Azərbaycanda hakimiyyət dəyişikliyi üçün zəmin hazırlayır. Gürcüstan prezidenti Mixail Sakaaşvilinin də Bakıya son 2 səfərində bu tezisə toxunması, Azərbaycan hakimiyyətinə açıq şəkildə xəbərdarlıq etməsi bu planları düşünməyə əsas verir. Ekspertlərin fikrincə, hakimiyyət bir tərəfdən başa düşdü ki, Kremlin bu işdə rolu var. Bununla bağlı adının çəkilməsini istəməyən məlumatlı bir ekspert “Gündəm xəbər”ə eksklüziv xəbərlər verdi. O Moskva ilə Bakının münasibətlərindəki son durumu təhlil etdi: “Bu yaxınlarda Moskvadan qayıtmışam. Orda da mənə bu sualları verirdilər ki, Azərbaycanda bu yeni təşkilata münasibət necədir. Hiss olunurdu ki, onlar üçün bu, vacib rol oynayan bir hadisə idi. Bilirsiniz ki, bizim hakimiyyətin Rusiyada belə bir təşkilatı var. Əlbəttə ki, o təşkilat heç bir rol oynamırdı. Rusiyada yaşayan azərbaycanlıların taleyi ilə maraqlanmırdı. Amma siyasi baxımdan o təşkilat var idi və öz rolunu oynayırdı. Ona görə Azərbaycan hakimiyyətinin belə reaksiyası bununla bağlı idi. Onlar hesab edir ki, bu, Moskva tərəfindən qurulmuş bir təşkilatdır. Təşkilatın da əsas məqsədi rəsmi Bakıya təzyiq etməkdir. Gürcüstandakı son hadisələrdən, İvanişvili məsələsindən sonra bu faktor bizim hakimiyyət üçün qorxulu oldu”. “Wikileaks”-in nəticəsi
Ekspert daha ciddi faktlara toxundu: “Deməzdim ki, Rusiya dostdur. Unutmayaq ki, İlham Əliyevin Medvedevlə münasibətləri pis deyildi. Ancaq Putinlə Əliyevin münasibətləri yaxşı deyil, bu hiss olunurdu. “Wikileaks”də çap olunan materialı yada salın. İlham Əliyev ora açıq şəkildə bildirmişdi ki, Medvedev onun xoşuna gəlir. Putin isə keçmiş dövrün adamıdır. Əlbəttə ki, Moskvada belə şeyləri unutmayıblar. Məhz ona görə Putinin prezidentliyə qayıtdığı məlum olanda Qəbələ RLS-nin icarə haqqını 40 dəfə qaldırdı. Bununla da faktiki olaraq Moskvaya mesaj göndərdi ki, Azərbaycanda radiolokasiya stansiyasının olmasını istəmir. Faktiki qeyri-rəsmi formada ruslara dedilər ki, çıxın gedin. Mən Moskvada olanda orda açıq şəkildə dedilər ki, Rusiya bunu unutmayacaq. Konkret olaraq indi Rusiya Armavirdə yeni radiolokasiya stansiyası qurur. O stansiya Qəbələ RLS-i əvəz edəcək. Ancaq ruslar açıq şəkildə bildirirlər ki, biz Azərbaycanın Qəbələ RLS-lə bağlı özünü belə aparmasını unutmayacağıq. Siyasətdə dost söhbəti olmur. Var maraq və münasibətlər. Maraq müvəqqəti xarakter daşıyır. Vaxtilə belə idi, indi isə açıq şəkildə hiss olunur ki, İlham Əliyev arasında deməzdim soyuq müharibədir, ancaq münasibətlər o qədər də yaxşı deyil”. Ekspert deyir ki, bu bir siqnaldır: “Rusiya müharibəni axıra qədər aparmaq istəmir. Faktiki olaraq təzyiq kimi istifadə olunur. Sonra alver başlanır. Yəni mən bunu etməyəcəm, əvəzində sən nəsə edəcəksən. Məsələn, Avrasiya Birliyinə qoşulacaqsan. Yaxud Qəbələ RLS ilə bağlı münasibəti dəyişirsən. Yəni burda oyun başlamalı idi”.
Moskvanın seçki hazırlığı
Politoloqlar hesab edirlər ki, Rusiya həm də bütün Qafqazı itirmək ərəfəsində olduğu üçün belə qəzəblidir: “Gürcüstan tam əldən çıxıb, yeni hökumət də NATO və Avropa İttifaqına daxil olacağını bəyan edib. Ermənistan da Rusiyadan ayrılıb Qərbə yönəlməklə bağlı ciddi hərəkətlərə başlayıb. Şimali Qafqazda da vəziyyət gərgindir. Görünür, Rusiya Azərbaycanı zəif zəncir hesab edir”. Politoloqların fikrincə, Moskva Azərbaycandakı 2013 seçkilərinə hazırlıq görür: “Rusiya Azərbaycanın seçki ərəfəsində olmasından istifadə edib öz nümayəndəsini bura salmaq istəyir. Moskvadakı oliqarxlar Putinin qarşısında dilsiz-ağızsızdır. Kim Putinin sözündən çıxsa, həmin an Xodorkovskinin yanına gedəcək. Belə olan təqdirdə azərbaycanlı oliqarxlar sözsüz ki, Putinin tapşırıqlarını icra edəcəklər. Biz buna hazır olmalıyıq. Əvvəldən elə tədbir görməliyik ki, onlar burda əl-qol aça bilməsinlər. Bu işlərin arxasında Rusiyanın dayandığına şübhə yoxdur. Hər kəsə məlumdur ki, “AzerRos” Rusiya təşkilatıdır. Rusiyada bütün prosesləri kəşfiyyat idarə edir. Moskva Bakıya Qəbələ RLS-ə, Azərbaycanın Qərblə güclü əlaqələrinə, Amerika ilə əsgəri əməkdaşlığına görə qəzəblidir. Buna görə də Rusiya Azərbaycanda 2013 seçkisində nəsə oyun oynamaq istəyəcək”.
Şimal təxribatı - Xudat
Siyasi şərhçilər onu da bildirirlər ki, buna tək Rusiya yox, başqa böyük dövlətlər, Amerika və Türkiyə də hazırlaşır: “Bu gün Amerika və Türkiyənin planları birdir. Məqsəd Azərbaycanı Rusiyayönümlü dövlətə çevirməyə imkan verməmək. 2013-cü il seçkilərinə hələ vaxt var və siyasi situasiyalarda xeyli korrektələr olacaq. Rusiya çalışacaq ki, bu ərəfədə stabilliyi pozsun. Fakt budur ki, Azərbaycan-Ermənistan müharibəsi sönməyib. Yaxud da Moskva Azərbaycanın indiki hakimiyyətini ələ almağa çalışacaq ki, bu da mümkünsüzdür. Bu, Azərbaycan rəhbərliyinin oliqarxların fəaliyyətinə reaksiyasından da göründü”. Belə vəziyyətdə son günlər isə ölkənin şimal bölgəsində cərəyan edən müəmmalı və təxribat xarakterli proseslərə də diqqət çəkmək vacibdir. Bəzilərinin fkrincə, Moskva Xudatda olan kiçik hadisədən sui-istifadə edərək bölgəni qarışdırmağa cəhd göstərib. Hakimiyyət bu dəfə çevik və ağıllı tərpənib. İsmayıllı və Quba təcrübəsinə əsaslanaraq dərhal general Elçin Quliyevi hadisə yerinə ezam olunub, əhali sakitləşdirilib. Nəzərə alsaq ki, Xudat İsmayıllı və Qubadan da fərqlidir. Bu bölgədə ləzgilər yaşayır və ümumiyyətlə Xudat siyasi baxımdan aktiv və həssas regiondur. Burada insanları ən incə bir detala görə meydana çıxara bilərlər. O baxımdan hakimiyyət duyuq düşərək operativ addım atdı. Ən azından burada kimsə çıxıb provokasiya məqsədi ilə ləzgiləri təhqir edə bilər. Bununla da rayonda camaat ayağa qalxacaq və onları durdurmaq çətin olacaq.
Avrasiya İttifaqına qoşulma perspektivi
Başqa bir tərəfdən, Putinin hakimiyyətə ikinci qayıdışından sonra Rusiya yaxın ətrafa təzyiqlərini gücləndirir, əsas niyyəti də Avrasiya İttifaqını yaratmaqdır. Niyyət o qədər də xoşməramlı deyil. Çünki məqsəd keçmiş sovet respublikalarını bir daha Rusiyanın təsiri altında saxlamaqdır. Rusiya ən müxtəlif vasitələrdən istifadə edərək çalışır ki, MDB ölkələri üzərində öz təsirini saxlasın. Putinin hakimiyyətə gəlişindən öncə Ukraynada Rusiyameylli hakimiyyət formalaşdı, İvanişvili də Kremlin projesidir. Ekspertlər hesab edir ki, Qərbin çətin situasiyada Azərbaycanı Rusiyanın qəzəbindən qoruyacağını inandırıcı deyil: “Qərb Gürcüstanı hansı vəziyyətdə qoydu? Qərb dəstək verən idisə, Amerikanın “şinel”indən çıxan Saakaşvilini müdafiə edəydi. 2008-ci ilin avqustunda heç nə edə bilmədi, Gürcüstandakı son seçkilərdə Rusiya Qərb dünyasını bir video və İvanişvili ilə uddu”. Analitiklər deyirlər ki, Rusiyanın təzyiqinə davam gətirmək və bu ölkə ilə normal qonşuluq münasibətlərinə nail olmaq üçün rəsmi Bakının konkret siyasəti olmalıdır. Ancaq hazırda Bakının belə bir siyasi kursu yoxdur: “Hələlik rəsmi Bakı Avrasiya İttifaqı ilə bağlı konkret mövqeyini yuxarı səviyyədə açıqlamadığı üçün güman ki, Moskvanın Bakıya təzyiqləri davam edəcək. İlham Əliyev dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla iqtisadi inteqrasiyada iştirakı mümkün deyil. Avrasiya İttifaqı isə Avropa Birliyinə bənzər üzv dövlətlər arasında iqtisadi və siyasi inteqrasiyanı nəzərdə tutulduğundan Azərbaycan Ermənistanla bir məkanda olacaq. Demək bu elə İlham Əliyevin açıqladığı prinsipə ziddir. Buna baxmayaraq, Moskvaya birmənalı “yox” da ona görə demirlər ki, Rusiya ilə özlərinin adlandırdığı “strateji tərəfdaşlıq” zərər görməsin. Ancaq rəsmi Bakı bu “yoxu” diplomatik dillə demədiyindən Azərbaycanın təhlükəsizliyini daha mürəkkəb vəziyyətə sürükləyir. Çünki, Putin və onun ətrafı durmadan Azərbaycana təzyiqi artırırlar”.
Sorğu
Yeni dizaynımız necədir?