İnam Kərimov və Elşad İsgəndərovun ardınca gənc Mikayıl Cabbarovun vəzifəyə gətirilməsi hakimiyyətin mühafizəkar kəsimində ciddi həyəcan yaradıb; “ixtiyarlar” hesab edir ki, nəhəng təhsil sektoru gənclərə verilirsə, başqa nazirliklər də eyni aqibəti yaşayacaq
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Dini Qumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun ardınca təhsil naziri postuna da xaricdə təhsil almış gənc Mikayıl Cabbarovun gətirilməsi uzun illər hakimiyyətdə olan “köhnə qvardiya”da ciddi gərginlik yaradıb. “Qocalar” belə hesab edir ki, hakimiyyət bu templə gəncləşdirilsə, çox yaxın gələcəkdə əksəriyyət postları ilə vidalaşmalı olacaq. Prosesə müqavimət göstərməyin mənasız olduğunu qəbul etsələr də, “köhnə qvardiya” əlini əlinin üstünə qoyub gözləmir. Onların müəyyən ssenari üzərində işlədiklərinə dair “Yeni Müsavat”a özəl məlumat daxil olub. Lakin bu ssenarinin içərisi barədə dəqiq bilgi yoxdur. Ümumi bilgi ondan ibarətdir ki, “qocalar” ölkədə elə bir situasiyanın yaranmasını istəyirlər ki, prezidentin onlara kəskin ehtiyacı yaransın; iqtidarın təhlükəsizliyi amili hər cür islahat və dəyişiklik zərurətindən üstün olsun. Proseslərin etimalogiyasını anlatmağa çalışan mənbənin müxbirimizə deməsinə görə, İ.Kərimov və E.İsgəndərovun təyinatı hakimiyyət dəhlizlərində narazılıqla qarşılansa da, “köhnə qvardiya” məsələyə nisbətən təmkinli yanaşırdı. ASAN xidmət yeni yaradılırdı və bu səbəbdən də bu posta iddialılar çox az idi. Həm də qurumun nüfuzlu struktura çevrilib-çevrilməyəcəyi mübahisəli idi. Eyni zamanda Dini Qumlarla İş üzrə Dövlət Komitəsi də nüfuzlu dövlət qurumlarından sayılmırdı. Ancaq sosial sektorun ən nəhəng seqmenti olan təhsil sisteminin idarəetməsinin 37 yaşlı gəncə etibar edilməsi hakimiyyət dəhlizlərində şok effekti yaradıb. Burada zəruri bir arayışa ehtiyac var. Təhsil sistemi kəmiyyət baxımından ölkənin ən böyük sahəsidir. Buraya 5000-ə yaxın orta məktəb, 47 peşə liseyi, 51 peşə məktəbi, 58 kollec, 54 ali məktəb daxildir. Təhsil sistemində 280 min pedaqoq, 20 minə yaxın isə texniki heyət çalışır. Kəmiyyət baxımından təhsil sistemi ilə rəqabət aparacaq sektor yoxdur. İkinci yerdə səhiyyə sistemi gəlir ki, burada cəmi 90 minə yaxın adam çalışır - 30 min həkim, 60 min texniki heyət. Nazirliklər arasında ən böyük büdcəsi olan da Təhsil Nazirliyidir. Nazirliyin büdcəsi 1,5 milyard manatdır. Belə bir nəhəng sektorun 37 yaşlı xaricdə təhsil almış gəncə etibar edilməsi “köhnə qvardiya”da qıcıq doğurub. İndi hakimiyyətdəki yaşlı nəsil belə hesab edir ki, təhsil sistemi kimi nəhəng bir sektor da gənclərin idarəçiliyinə verilirsə, onda başqa nazirliklər də eyni aqibəti yaşaya bilər. Mənbənin iddiasına görə, burada söhbət təkcə nəsillərarası rəqabətdən getmir: “Xaricdə təhsil almış gənclərin hökumətin tərkibinə daxil edilməsinin ”qoca qvardiya"da narazılıq doğurmasının başqa səbəbləri də var. “İxtiyarlar” dövlət resurslarını mənimsəmək baxımından geniş “təcrübə”yə sahibdirlər. Bu baxımdan, hər bir dövlət qurumunda şəbəkələşmiş qruplar var və nazirlər böyük təsir gücünə sahibdirlər. İndiyə qədər formalaşmış ənənələrə görə, yeni təyin olunmuş nazir və ya baş nazir belə şəbəkələri dağıtmaq yox, onlarla əməkdaşlıq etməyə üstünlük veriblər. Götürək elə Təhsil Nazirliyindəki dərslik, nəşriyyat və tikinti üzrə formalaşmış mənfəət qruplarını. Bu qruplar hərə öz sahəsi üzrə böyük gəlirlər əldə edirdilər. Ancaq Avropa təhsili almış gənclərin belə şəbəkələrlə əməkdaşlıq etmək marağının olmayacağı ehtimalı yüksəkdir. Yeni təhsil nazirinin timsalında bunun simptomları görünür. Ona görə təkcə nazirlər yox, nazirliklərdə yüksək vəzifə tutan bütün “qocalar” qorxu içindədir". Hazırda hökumətin tərkibində yaşı 60 keçmiş xeyli kadr var. Onların siyahısına nəzər salaq. 1. Baş nazir Artur Rəsizadə - 78 yaş; 2. Baş nazirin müavini Elçin Əfəndiyev - 70 yaş; 3. Baş nazirin müavini Əli Həsənov - 65 yaş; 4. Baş nazirin müavini Abid Şərifov - 73 yaş; 5. Müdafiə naziri Səfər Əbiyev - 63 yaş; 6. Daxili işlər naziri Ramil Usubov - 65 yaş; 7. Səhiyyə naziri Oqtay Şirəliyev - 63 yaş; 8. Nəqliyyat naziri Ziya Məmmədov - 61 yaş; 9. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 60 yaş; 10. Müdafiə sənayesi naziri Yavər Camalov - 62 yaş; 11. Energetika və sənaye naziri Natiq Əliyev - 66 yaş; 12. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov - 66 yaş; 13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov - 76 yaş; 14. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev - 70 yaş; 15. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - 60 yaş. Mənbənin məlumatına görə, seçkiyə qədər və ondan sonrakı dövrdə “ixtiyarlar”ın xeyli hissəsinin postunu itirməsi kifayət qədər real görünür. Ona görə də indi hakimiyyət dəhlizlərində növbəti hədəfdə kimin olacağı ilə bağlı söhbətlər dolaşır. Ancaq məsələnin maraqlı məqamı bundan ibarətdir ki, son gəncin təyinatını proqnozlaşdırmaq mümkün olmayıb. Bu təyinatlar hansısa qruplaşmaların təqdimatı ilə yox, prezidentin şəxsi seçimi ilə reallaşıb. Bu da “köhnə qvardiya”da qeyri-müəyyənlik yaradıb. Yəni istənilən anda heç kimin gözləmədiyi bir şəxsin işdən çıxarılmaqla bağlı sərəncamı verilə, onun yerinə heç kimin tanımadığı bir gənc gətirilə bilər. “Köhnə qvardiya”nı üzən də elə budur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?