“Milli Şuranın məqsədi, mahiyyəti barədə hələ də heç bir məlumat yoxdur”. Bu açıqlamanı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.
Partiya sədri qeyd edib ki, Milli Şuranın sabah elan olunacağı bildirilsə də, onun hansı prinsiplərlə fəaliyyət göstərəcəyi bəlli deyil və bu sahədə qaranlıq məqamlar var: “İndiyə qədər yalnız Milli Şuranın tərkibinin müəyyənləşməsi istiqamətində danışıqlar aparılıb. Milli Şuranın məqsədi, mahiyyəti barədə isə hələ də heç bir məlumat yoxdur. Ona görə də bu məsələ müzakirə olunası məsələdir. Əsasnaməsi nədir, necə olacaq? Yalnız elan olunmaqla iş bitmir ki”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc da Milli Şura barədə danışaraq deyib ki, onun Demokratik Qüvvələrin Məşvərət Məclisinə (DQMM) təklifində o qədər qeyri-müəyyənliklər var ki, nə etmək istədiklərini başa düşə bilmədik (Trend). Onun sözlərinə görə, DQMM-ə daxil olan bir sıra partiyalara Milli Şurada təmsil olunmaqla bağlı təklif dəyərləndirilib: "Bizim sonuncu yığıncağımızda hələlik heç birinin yekun qərarı yox idi. Ancaq müəyyən aydın olmayan məsələlər var idi. Tutaq ki, təklifin niyə məhz bu partiyalara, hansı prinsiplərlə edildiyi, niyə danışıqların şəffaf keçirilməməsi ilə bağlı suallar var. Necə olur ki, DQMM-də təmsil olunan partiyanın birinə 10 yer verirlər, birinə iki yer, birini isə ümumiyyətlə dəvət etmirlər? Yəni o qədər qeyri-müəyyən, qeyri-ciddi məsələlər var idi ki, biz başa düşmədik ki, bunlar neyləmək istəyir, nə yaradırlar".
Orucun sözlərinə görə, prinsipcə Məşvərət Məclisinin ümumi mövqeyi belədir ki, hansısa birliklər yaradılırsa, bu, şəffaf şəkildə olmalıdır, müəyyən prinsiplərə söykənməlidir və demokratik kəsimi bütünlüklə təmsil etməlidir.
Partiya sədri qeyd edib ki, bunlar olmayacağı tədqirdə hansısa bir, iki və ya üç nəfərin şəxsi istəklərinə görə, kimlərisə bir yerə yığmasından alınan birliklərin ciddi səmərə verəcəyinə inanmırıq.
Oruc Milli Şuranın mayın 28-də elan olunacağına inanmadığını da deyib: "Çünki hələ qeyri-müəyyən çox şeylər var. DQMM-də təmsil olunan partiyaların bəzilərinə siyahı versələr də, sonra onlara əlavə məlumat verilməyib ki, necə olacaq. Eyni zamanda, Milli Şuranı təsis edən partiyalar arasında da fikir birliyinin olmadığı görünür".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?