2013-cü ili fürsət hesab edənlərin məxfi planları «Gündəm xəbər»də
2013-cü ilin prezidentlik seçkilərində hazırkı ölkə başçısı İlham Əliyevin öz namizədliyi irəli sürüb-sürməyəcəyi hələlik bəlli deyil. Buna səbəb gələn ilki seçkilərdə İ.Əliyevin öz namizədliyini üçüncü dəfə irəli sürmə ehtimalı ilə bağlı mülahizələrin ziddiyyətli olması ilə bağlıdır. Məsələ bundadır ki, son referendum seçkilərinə qədər Azərbaycanda hər hansı bir şəxsin iki dəfədən artıq prezident seçilməsi qadağan edilsə də, məlum referendum seçkilərindən sonra bu qadağa aradan qaldırıldı. Odur ki, bu gün bir şəxsin öz namizədliyini üçüncü dəfə irəli sürməsində hüquqi baxımdan heç bir problem yoxdur və bu baxımdan İ.Əliyevin növbəti kəs öz namizədliyini irəli sürməsi tamamilə mümkündür. Lakin bir çox siyasilər hesab edir ki, namizədliyin üçüncə dəfə irəli sürülnməsi ilə bağlı hüquqi qadağalar aradan qaldırılsa da, bu məsələ ilə bağlı mənəvi-demokratik qadağa qüvvədədir və ola bilsin ki, məhz bu yasağı nəzərə alan ölkə başçısı 2013-cü ildə özünün deyil, YAP düşərgəsinə məxsus digər bir şəxsin namizədliyini irəli sürsün. Məhz bu ehtimal 2013-cü il prezident seçkiləri ilə bağlı bir çox şəxsi hərəkətə gətirib ki, bunların da arasanda yalnız siyasi-ictimai xadimlər deyil, həm də güc orqanlarında təmsil olunan önəmli isimlər də mövcuddur. Ötən gün redaksiyamıza məlumat verən özəl mənbələrdən biri özünü 2013-cü il seçkilərində prezident seçkilərində görmək istəyən generallardan biri ilə bağlı maraqlı açıqlamalar verib. Bu açıqlamalarda həmin generalın kimliyi ilə yanaşı, öz məqsədinə çatmaq üçün tərtib etdiyi fəaliyyət planı ilə bağlı da maraqlı nüanslar yer alıb.
General paqonlarını prezident postuna dəyişmək istəyən general kimdir?
Mənbənin sözlərinə görə, bu gün Azərbaycanın güc orqanlarından birinin rəhbərliyində təmsil olunan generallardan biri 2013-cü ilin prezident seçkilərinə özəl olaraq hazırlaşmaqdadır. Bu generalın kimliyinə gəlincə, qaynağımız həmin şəxsin uzun müddətdir ki, mühüm postlardan birində təmsil olunduğunu vurğuladı: «Özünü 2013-cü il seçkilərinin əsas favoritlərindən biri hesab edən general xeyli vaxtdır ki, mühüm dövlət postlarından birində çalışsa da, son vaxtlar onun fəaliyyətində ciddi durğunluq müşahidə edilməkdədir. Təxminən bir ildən çoxdur ki, öz fəaliyyət sektorunda ciddi bir nailliyyət ortaya qoymayan bu general bu gün 2013-cü il seçkiləri ilə bağlı yaranmış situasiyanı öz siyasi yüksəlişi üçün bir fürsət kimi dəyərləndirir. General hesab edir ki, İ.Əliyev 2013-cü il seçkilərində öz namizədliyini irəli sürməzsə, o zaman öz namizədliyini ortaya qoyaraq prezidentlik uğrunda mübarizəyə qoşula bilər. Hazırkı vəzifəsini ali baş komandan postu ilə dəyişməkdə maraqlı olan general rəhbəri olduğu qurumun şəxsi kontingentindən istifadə edərək, inzibati üsul və basqı altında seçkilərdə qələbə qazanacağını mümkün hesab edir». Qaynağımız generalın kimliyinə daha geniş aydınlıq gətirməsə də, onun rus dilinə meyilli olduğunu vurğuladı: «Azərbaycan daxilində mühüm vəzifədə təmsil olunmağına baxmayaraq bu gün də rus dilinə tez-tez müraciət edən, xüsusilə də əsəbi vaxtlarında rus dilində danışan bu insanın həyatında rus faktoru mühüm yer tutur. Buna səbəb həmin şəxsin ilk evlilikdən olan həyat yoldaşının da rus əsilli olması ilə bağlıdır».
Generalın prezidentlik arzusu reallaşa bilərmi?
2013-cü ilə doğru proseslərin hansı şəkildə cərəyan edəcəyi hələ bəlli olmadığı üçün, generalın öz niyyətini gizli saxladığını bildirən mənbə, onun bu arzusunun xam bir xəyal olduğunu da vurğuladı: «Seçki öncəsi vəziyyətin necə olacağı, iqtidarın bu seçkilərdə hansı namizəd və ya namizədlərlə təmsil olunacağı hələ bəlli olmadığı üçün general öz niyyətini büruzə vermək, bu istiqamətdə hansısa açıq fəaliyyət ortaya qoymaq istəmir. General hesab edir ki, bu gün ən doğru mövqe gizli hazırlıqları davam etdirmək şərti ilə gözləmə mövqeyində dayanmaq, hadisələri qabaqlamamaqdır. Generalın qənaətincə, əgər İ.Əliyev seçki prosesində iştirak etməzsə, o zaman namizədlik istəyini açıqlaya və təmsil etdiyi postun imkanlarından istifadə edərək digər bütün rəqiblərinə təzyiq göstərə bilər. Lakin generalın prezidentlik postu uğrundakı savaşdan qalib gələcəyi o qədər də inandırıcı görünmür. Ekspertlər hesab edir ki, 2013-cü il seçkilərində İ.Əliyevin növbəti dəfə öz namizədliyini irəli sürməsi daha realdır. Onların fikrincə, 2009-cu ilin referendum seçkilərində namizədlərə qoyulan qadağanın aradan qaldırılması İ.Əliyevin gələn il yenidən öz namizədliyini irəli sürməsini təmin edən qanuni-hüquqi baza hesab olunur. Bundan başqa, hətta İ.Əliyev öz namizədliyini irəli sürməsə belə, bu posta ölkə başçısının təqdir və rəğbətini qazanan «məsləhətli» şəxsin namizədliyi irəli sürüləcək. Belə olan təqdirdə isə əsas rəqib qismində generalın öz namizədliyini irəli sürməsi isə əslində səlahiyyət müddəti başa çatmaq üzrə olan ölkə başçısının iradəsinə zidd getmək, ona qarşı olmaqdır ki, bunun da cəzasının nə dərəcədə ağır ola biləcəyini məxsusi olaraq şərh etməyə ehtiyac yoxdur».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?