General hakimiyyətdə arzuolunmaz şəxsə çevrilir gundemxeber.az Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun hakimiyyətdəki düşmənlərinin sayı artıb. General özünü hakimi-mütləq kimi aparması, məmur-oliqarxlarla qaba davranışı artıq onu getdikcə arzuolnumaz şəxsə çevirir. Gələn xəbərlərə görə, Bəylər Əyyubov da bunun fərqindədir. Lakin yenə də xarakter və davranışını dəyişmək niyyətində deyil. Bəlkə də general həmin həmin məmur-oliqrxlara qarşı düz mövqeydə dayanıb. Bəylər Əyyubov və yaxınları son bir neçə ildə hakimiyyətdə bir neçə iri çəkili məmurla düşmənçilik münasibətlərinin əsasını qoyub. Onlardan biri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Bir neçə il əvvəl məlumat yayılmışdı ki, Bəylər Əyyubov hansısa səbəbdən Kəmaləddin Heydərova qəzəblənib. Hər iki şəxs arasında ciddi mübahisə yaranıb. Bəylər Əyyubov qəzəbini boğa bilməyib Kəmaləddin Heydərova silah çəkib. O zaman bu xəbərlər təkzib olunmadı. Nə Kəmaləddin Heydərovun, nə də Bəylər Əyyubovun yaxın çevrəsi "Bəylər Əyyubov Kəmaləddin Heydərova atəş açdı" tipli məlumatların doğru, yaxud yalan olması barədə heç nə demədi. Sonrakı proseslər də göstərdi ki, bu məlumatlar heç də əsassız deyil. Bu hadisədən sonra mətbuat Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla nəqliyyat naziri Ziya Məmmədovun sağ əli hesab edilən Cavid Qurbanovun polis rəisi olan qardaşı Şəhriyar Qurbanov arasında konfliktdən yazdı. Bu məsələ barədə yayılan məlumatlarda deyilirdi ki, Şəhriyar Qurbanovla Robert "Qüllə" restoranında üz-üzə gəlib. Onların mübahisəsi mahnı sifarişi üstündə düşüb. Mübahisə atışma səviyyəsinə çatıb. Bu hadisə Cavid Qurbanovun Bəylər Əyyubovdan məsafə saxlamasına səbəb oldu. Bir qədər sonra yenə də Robertlə daxili işlər nazirinin cangüdəni arasında atışma gündəmi zəbt elədi. Bu hadisə Bəylər Əyyubovla Ramil Usubov arasındakı münasibətlərə təsirsiz ötüşmədi. Və "soyuq müharibə" sonda iki generalın yaxın adamlarının "Opera" restoranında atışması ilə nəticələndi. Söhbət Robertin daxili işlər nazirinin kürəkəni, polis mayoru Kamran Xankişiyevi güllələməsindən gedir. Doğrudur, DİN hadisəni "silahla ehtiyatsız davranma" şəklində təqdim etdi. Lakin indinin özündə də bütün respublika Robertin Kamranı güllələməsindən danışır. Ramil Usubovun olayın üstündən sükutla keçmək istəməsi Bəylər Əyyubovla aralarındakı ziddiyyəti daha da dərinləşdirdi və münasibətlər birmənalı şəkildə düşmənçilik müstəvisinə adladı. Beləliklə Bəylər Əyyubovun ətrafında "düşmən üçbucağı" formalaşdı: Kəmaləddin Heydərov, Cavid Qurbanov və Ramil Usubov. Bunlar Bəylər Əyyubovun hakimiyyətdəki ən iri çəkili düşmənləridir. Bu günlərdə generalın düşmənləri sırasına daha bir iri çəkili məmur əlavə olunub. Həmin iri çəkili məmur "AZAL"ın prezidenti Cahangir Əsgərovun olduğu bildirilir. Bu yaxınlarda "Azadlıq" qəzetinin yazdığı məlumatlara görə, generalın qardaşı oğlu Robert Əyyubov şəhərin mərkəzində dava salıb. Dava "Malakan" bağı ilə üz-üzə yerləşən "Parking" avtodayanacaq məntəqəsinin qarşısında olub. Qəzetin məlumatına görə, Robert Əyyubov "BMW X6" və dostlarına məxsus olan "Mercedes Benz E-klass" markalı 90-NN-061 dövlət nömrə nişanlı avtomobillərini sözü gedən dayanacağın qarşısında saxlayarkən oranın təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisələri yaranıb. Mübahisə zəminində Robert Əyyubov və dostları təhlükəsizlik xidmətinin əməkdaşlarını döyüblər. Yaxınlıqda olan polislər isə məsələyə müdaxilə etmək istəyiblər. Lakin Robert Əyyubovun silah çıxardığını görən polis əməkdaşları ərazini tərk etmək məcburiyyətində qalıblar. Bu gün isə "Gündəm Xəbər"ə sözü gedən davanın təfərrüatları barədə ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, "Malakan" bağı ilə üz-üzə yerləşən "Paking" avtodayanacaq məntəqəsi "AZAL"ın prezidenti Cahangir Əsgərova məxsusudur. Hadisə ilə bağlı mətbuatda yayılan məlumatlardan sonra Cahangir Əsgərov döyülən təhlükəsizlik xidmətinin əməkdaşlarına məsələ ilə bağlı şikayətlərini hüquq-mühafizə orqanlarına davam etdirmələrini tapşırıb. Bu isə o deməkdir ki, Cahangir Əsgərov da Bəylər Əyyubova düşmən kəsiləcək. Söhbət ondan getmir ki, adını çəkdiyimiz məmurlar Bəylər Əyyubovu küncə sıxışdıra biləcəklər. Amma hər halda Bəylər Əyyubov kimi Cahangir Əsgərov da dövlət başçısının yaxın çevrəsinə daxildir. Fuad
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?