Rasim Musayev iki general arasındakı ziddiyyətin qurbanı olub
Gəncənin sabiq polis rəisi general-mayor Rasim Musayevlə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, Rasim Musayev Gəncənin icra başçısı Elmar Vəliyevlə dalaşdığı üçün işdən çıxarılıb. General icra başçısı ilə dalaşmadığını, səhhətinə raport yazıb işdən çıxdığını desə də, bütün Gəncə məlum davadan danışır. Həmçinin redaksiyamıza daxil olan məlumatlar da Rasim Musayevin səhhətilə bağlı işdən çıxmadığını göstərir. Yeni məlumatlarda bildirilir ki, Rasim Musayev Elmar Vəliyevlə dalaşdıqdan sonra birbaşa DIN-ə gələrək hadisə barədə nazir Ramil Usubova məruzə edib. Rasim Musayev nazirə yaxın şəxs kimi tanınır. Elmar Vəliyevin isə prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs olması sirr deyil. Ramil Usubovla Bəylər Əyyubov arasında ziddiyyətlərin olması barədə də dəfələrlə yazılıb. Elə Rasim Musayevlə Elmar Vəliyevin yola getməməsinin kökündə də bu zidiyyətlər dayanır. Məlumatlarda bildirilir ki, Ramil Usubov baş verən hadisədən narahat olub. Həm Bəylər Əyyubovla konfliktdə olması, həm də hadisənin indiki həssas durumda baş verməsi Ramil Usubovu Rasim Musayevin əleyhinə qərar verməyə məcbur edib. Nazir genarala bildirib ki, o, raport yazıb işdən çıxmalıdır. Məsələ səngiyəndən sonra ona yeni vəzifə veriləcək. Rasim Musayev bundan sonra işdən çıxması barədə raport yazıb. Təsadüfi deyil ki, onun işdən çıxmasından bir neçə gün sonra Interpol-a rəis müavini təyin edilməsi barədə xəbər yayıldı. DIN bu məlumatı nə təsdiq, nə də təkzib etdi. Dünən də bu məsələ ilə bağlı DIN-lə əlaqə saxladıq. Lakin nazirliyin mətbuat xidmətindən bildirildi ki, onlarda bu barədə hər hansı məlumat yoxdur. Hüquq-mühafizə orqanlarındakı mənbənin “Azadlıq”a verdiyi məlumata görə isə Rasim Musayev hələ ki, heç bir vəzifəyə təyin edilməyib. Sadəcə belə bir niyyət var. Mənbənin sözlərinə görə, DIN rəhbərliyi Ilham Əliyevin baş verənlərlə bağlı mövqeyinin nədən ibarət olacağını gözləyir. Əgər ölkə başçısı Elmar Vəliyevin tərəfini tutacaqsa, o zaman Ramil Usubov özünü sığortalamaq üçün artıq Rasim Musayevin işdən çıxardığını bildirəcək və general bundan sonra da işsiz qalacaq. Əks təqdirdə o, Interpol-a rəis müavini təyin ediləcək. Fariz
Sorğu
Yeni dizaynımız necədir?