Bir neçə nazirlik, komitə və digər qurumlar tariflərin bahalaşdırılması üçün Tarif Şurasına müraciət ediblər; kütləvi qiymət artımı seçkidən sonraya saxlanılıb
Bu ilin sonu, gələn ilin yanvarında Azərbaycanda bir çox xidmət sahələrində qiymət artımı gözlənilir. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib. Mənbənin sözlərinə görə, bir neçə nazirlik, komitə və digər qurumlar tariflərin bahalaşdırılması üçün Tarif Şurasına müraciət ediblər. Şura həmin müraciətləri baxılmamış saxlayıb və qeyri-rəsmi şəkildə belə cavab verilib ki, qarşıdan prezident seçkiləri gəldiyi üçün indi qiymət artımı haqqında qərarın qəbul edilməsi doğru deyil. Amma əksər ekspertlər hesab edir ki, Tarif Şurasının bu cavabı nə qədər indiki həssas siyasi dönəm üçün başadüşülən olsa da, yekun cavab deyil. Bəzi müşahidəçilərin qənaətincə, ilin sonunda, yaxud ən geci gələn ilin yanvar ayının ilk ongünlüyündə Azərbaycanda bir çox sahələrdə tarif artımı qaçılmaz görünür. Bizim qaynaq da hesab edir ki, bəzi oliqarxlar Tarif Şurasının arqumentini əsaslı sayır və onunla razılaşırlar. Odur ki, bu məsələni onlar da öz gündəmlərindən çıxarıblar. Bununla belə, noyabrdan başlayaraq bəzi nazirliklərin və digər mühüm dövlət qurumlarının məsul olduqları sahələrdə qiymət artımının vacib olması ilə bağlı intensiv açıqlamalarla çıxış edəcəyi, beləliklə ictimai rəyin ehtimal edilən bahalaşmaya hazırlayacaqları gözlənilir. İstisna olunmur ki, qiymət artımı əsasən yerüstü sərnişindaşıma nəqliyyatını, benzini, Bakı metropolitenini əhatə edəcək. Hətta metropoliten rəhbərliyi payızadək dözməyərək artıq indidən metroda gediş haqlarının artırılmasının qaçılmaz olduğuna eyham vuran açıqlamalarla çıxış etməkdədir. Bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın soni açıqlaması da təsdiqləyir. O bildirib ki, metropoliten öz xərclərini ödəmir və hər il dövlət büdcəsindən dotasiya alır. "Məlum olduğu kimi, metroda gediş haqqı 20 qəpikdir. Amma gediş xərcləri 55 qəpiyə başa gəlir. Aradakı fərq 35 qəpikdir. Dövlət hər sərnişinə görə metropolitenə 35 qəpik pul ödəyir. Heç bir MDB və qərb ölkəsində metro bu qədər ucuz deyil. Bununla belə, yaxın zamanlarda Bakı metrosunda qiymətlərin qaldırılması nəzərdə tutulmur. Metroda yerləşən ticarət mərkəzlərinə gəlincə isə, bunlar xərclərin yalnız bir qismini ödəyir" - deyə Tağı Əhmədovun rəhbərlik etdiyi qurumun sözçüsü bildirib. Onun "yaxın zamanlarda Bakı metrosunda qiymətlərin qaldırılması nəzərdə tutulmur" sözləri xüsusilə diqqətçəkicidir. Bununla xanım Tanrıverdiyeva bizim seçkiyədək bahalaşma olmayacağına, mümkün tarif artımının 6-7 ay sonra gerçəkləşəcəyinə dair bilgilərimizin səhihliyinə işarə edir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?