«Deputatın bu məsələlərə səthi yanaşmasını anlaya bilmirik»
gundemxeber.az Mətbuatda Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) rəhbərliyi ilə qurumun Sumqayıt təşkilatı arasında baş verən qarşıdurmalar haqqında məlumatlar yayılıb. Yazılarda əksər məqamlar düzgün işıqlandırılsa da, deputat Qənirə Paşayevanın prosesin mərkəzində olması unudulub . Əvvəlcədən bildirək ki, son bir ildə AVMVB rəhbərliyi konfrans keçirmədən Sumqayıt təşkilatında sədr dəyişikliyi edib ki, bu, müharibə veteranları arasında ciddi narazılığı barədə deyilənlər doğrudur. Artıq müharibə veteranları birliyin sədri Füzuli Rzaquliyevin bu addımını özünün nizamnaməyə zidd və maliyyə maxinasiyalarındakı rolunu gizlətmək məqsədi güddüyünü iddia edirlər və bu barədə faktlarla danışırlar. O zaman keçək faktlara və məlumatı verəni dinləyək.
«70-dən çox torpaq sahəsi necə və kimə satılıb»
«Gündəm-xəbər»ə danışan müharibə veteranı Mətləb Abışov hesab edir ki, bir neçə il əvvəl Sumqayıtın Daş Bazarı adlanan ərazisində 50 kvadrat metr torpaq sahəsi Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Sumqayıt şəhər təşkilatına verilmişdi. Ancaq ərazi istifadə edilmədiyindən və sədrin məsuliyyətsizliyi səbəbindən başqa şəxslərin əlinə keçdi: «2004-cü ilə qədər torpaq sahəsi başqasının istifadəsində olur ki, onların da müharibə veteranlarına aidiyyatı yoxdur. Amma həmin il təşkilatın sədrliyinə Firudin Əhmədli seçiləndən sonra Təftiş Komissiyası yaradılır və əvvəlki işlərin araşdırması başlanır. Müəyyən edilir ki, şəhər icra hakimiyyəti təşkilata 70-dən çox torpaq sahəsi ayrılsa da, bəziləri istifadəsiz qalmış, qalanlarını isə əvvəlki rəhbərlik naməlum adamlara satıb. Biz məhkəmə vasitəsilə əraziləri geri almağa çalışanda, müxtəlif maneələrlə rastlaşdıq. Hətta Azərbaycan Müharibə Veteranları Birliyinin sədri Füzuli Rzaquliyevi maneçilik törədənlərin sırasında görəndə, belə nəticəyə gəldik ki, o və müavini Kamil Şirinov torpaqların satılmasında şərik olub. Əgər bu cür olmasa idi, Füzuli Rzaquliyev araşdırmanın müsbət nəticələnməsində maraqlı olardı. Ancaq o, başqa yol tutdu və şəhər icra hakimiyyətinin məmurları da veteranların imtiyazlarından özlərinin varlanması üçün istifadə etdilər. Beləliklə, bizi mübarizəmizdən çəkindirə bilməyən Füzuli Rzaqulyev Firudin Əhmədlini AVMVB-nin Sumqayıt təşkilatının sədrliyindən kənarlaşdırdı. Halbuki, sədr postu seçkili orqandır və bu səlahiyyət konfransdadır. Əslində, F.Rzaquliyevin özünün 8 ildən çoxdur qurultay keçirmədən sədr postunda oturması araşdırılmalıdır, «Qeyri-hökumət təşkilatları haqqında» qanuna əsasən AVMVB-nin nizamnaməsində dəyişiklik olunmalı və yeni qanuna uyğunlaşdırılmalıdır. Təəccüblüdür, Ədliyyə Nazirliyi 8 ay əvvəl bu barədə F.Rzaquliyevə xəbərdarlıq etsə də, nizamnamədə müvafiq dəyişiklik edilməyib. Ən qəribəsi odur ki, Ədliyyə Nazirliyi xəbərdarlıqdan 6 ay sonra məhkəməyə müraciət etməli olduğu halda, qanunun bu tələbinə də riayət etmir. Bir maraqlı məqamı da bildirim ki, F.Rzaquliyev AVMVB-nin yaranmasında rövşən Cavadovun adını hallandıranda nədənsə etiraz edir və bu istiqamətdə İsgəndər Həmidovun zəhmətini qeyd edir. Bəli, İsgəndər Həmidovun rolu olub, amma məsələ ondadır ki, rəhmətlik rövşən Cavadovun xeyir-duası ilə AVMVB təsis olunub».
«Gedin pulunuzu İsa Qəmbərdən, Əli Kərimlidən alın...»
Müharibə veteranı dedi ki, onlar torpaqların qanunsuz satılması məsələsi araşdırmasını davam etdirsələr də, yalnız birini geri qaytara biliblər: «Qərara gəldik ki, Daş Bazarında tikinti malları mağazası inşa edək və bunun hesabına 5-6 veteran və əlil ailəsi işlə təmin olunaraq dolansın. AVMVB-nin Sumqayıt Təşkilatı bizimlə razılaşdı və bazarda 50 kvadrat metrlik torpaq sahəsində tikinti materialları mağazası tikdirdik. Əsas təşkilatçı və maliyyə ayıran da qurumun rəhbəri Firudin Əhmədli oldu, ümumilikdə isə 30 min manat xərcləndi. Ancaq mağaza hazır olanda yenə də AVMVB-dən anlaşılmaz münasibətlə rastlaşdıq. Təşkilat sədri Füzuli Rzaquliyev dedi ki, müxalifət olduğunuz üçün hakimiyyətdən buna görə ona təzyiq edirlər. Həm də seçkilərdə YAP-ın namizədini dəstəkləməmisiniz, axı nə işinizə qalıb ölkədə vəziyyət necədir, vətən dərdi bizlərə qalıb. Biz Rzaquliyevə etiraz edəndə, məhkəməyə müraciət edib mağazanı əlimizdən aldılar. Çəkdiyimiz xərci istəyəndə isə dedi ki, gedin pulunuzu İsa Qəmbərdən, Əli Kərimlidən alın, çünki «bozqurdsunuz», həmişə onları dəstəkləmisiniz. Amma bütün bunlar cavabsız qalmadı. F.Rzaquliyevə 2003-cü ildə etdiklərini xatırladıq. Bildirdik ki, 16 oktyabrda Azadlıq meydanında yeri öpüb «şükür İsa gəlir» sözlərini sən deməmişdinmi?». Ancaq o, «mən döndüm, bunlarla mümkün deyil, oğlum yekəlib, onu evləndirməliyəm» deyə cavab verdi . M.Abışovun fikrincə, onlar 5 ildən çoxdur çəkdikləri xərcləri ala bilmirlər: «Əsl həngamə də bundan sonra başladı, təsəvvür edin ki, AVMVB-nin Sumqayıt şəhər təşkilatının sədrliyinə hərbi xidmətdə olmayan Mübariz Quliyevi gətirdilər. Mübariz Quliyev Sumqayıt Mühafizə Polisinin keçmiş rəisi Hacı Quliyevin oğludur. Bu adam Tovuzun Əlibəyli kəndindəndir, 15-16 yaşlarında kənddə olub, amma onun müharibədə döyüşdüyünü söyləmək ayıbdır, belə şey olmayıb. Sadəcə, Sumqayıt Maşın Bazarında inquşlarla olan insdend zamanı yaralanmışdı və buna görə sənədinə yazıldı ki, milli münaqişə zamanı əlil olub. Yaxşı olardı hüquq-mühafizə orqanları bu məsələni araşdırsın ki, Sumqayıtda nə vaxt milli münaqişə baş verib? Amma hüquq-mühafizə orqanları müharibədə döyüşüb əlil olmuş veteranları hədəfdə saxlayırlar, nəinki... Biz bu barədə etiraz edəndə adımızı müxalifət qoyub hədə-qorxu gəlirlər».
«Qənirə Paşayeva əleyhiməz qərar qəbul edilməsinə təsir göstərib»
Müsahibimiz bildirdi ki, oktyabrın 10-da Sumqayıt Apelyasiya Məhkəməsində AVMVB-nin şəhər təşkilatına qarşı qaldırdıqları pul tələbinə dair iddialarına baxılan zaman qəribə hadisənin şahidi olublar: «Hakim etiraf etdi ki, siz haqlısınız, amma heç nə edə bilmir, çünki onlar güclüdür. Təsəvvür edin ki, icra hakimiyyətindən zəng edib hakimə bizim İctimai Palatanın üzvü olduğumuzu deyiblər, eyni zamanda, Ali Məhkəmənin hakimi Ənvər Şadıyev və millət vəkili Qənirə Paşayeva da əleyhimizə qərarın qəbul olunmasına təsir göstərib. Bu baxımdan hakim ədalətli qərar çıxarda bilməyib».
«Mübariz Quliyevin forumun fonduna keçirdiyi 15 min manat yerli QHT-lərin rəyindən ağır gəlib»
M.Abışov Ali Məhkəmə hakimi Ənvər Şadıyevin bu məsələdə maraqlı olmasını belə izah etdi: «Hakim axıska türküdür və millət vəkili Qənirə Paşayeva ilə yaxın dostdurlar. Qənirə Paşayev isə Mübariz Quliyevə birinci dəstək verənlərdəndir. Hətta xanım deputat Mübariz Quliyevin şəhərin girişində olan «Turan» restoranının açılışında iştirak edib. Halbuki, həmin restoran tikilən zaman 3-cü mikrorayon sakinləri eyvanlarının qarşısının alındığını bildirərək etiraz etdilər, amma onları polisin gücü ilə sakitləşdirdilər. Sual olunur, polislər haqlı etiraz edən vətəndaşları dəyənəklə döyəndə niyə millət davası aparan, Azərbaycan həqiqətlərini xarici ölkələrə daşıyan deputatlar Qənirə Paşayeva, Leyla Abdullayeva ortalıqda yox idi, ancaq restoranın açılışına müğənni Tünzalə Ağayeva ilə birgə qatıldılar? Biz Qənirə xanımı millətçi kimi tanıyırdıq, ancaq təəssüflənirik ki, bu hadisələrdə tamam başqa mənzərə ilə rastlaşdıq. Xanım, Siz, türkçülükdən danışırsınız, ancaq öz hüququnu tələb edən Sumqayıt sakinlərinin şikayətlərini eşitmirsiniz. Həmkarlarınız Musa Qasımlı, Leyla Abdullayeva bu şəhərdən mandat alıblar, niyə bir dəfə onlara «Sumqayıtda heçmi problem yoxdur, hər şey bu qədərmi yaxşıdır» sualını vermədinizmi? Yaxud niyə Mübariz Quliyevdən soruşmursunuz ki, hansı döyüşdə, Əlibəylidə, yoxsa Sumqayıtda yaralanmısan, hərbi xidmətdə olmusanmı, inquşlara niyə atmısan? Millətsevərsinizsə nə üçün sual etmirsiniz ki, millətçilərin üstünə dönərçilərlə gedərlər? Yaxşı olardı, bir araşdırın, necə oldu ki, Mübariz Quliyev Sumqayıtda, Şahmat Klubu yaxınlığında dəyəri 1 milyona olan üç restoranı necə əldə edib, 4-cü mikrorayonda hər ayı üçün 250 manat ödəniş olan uşaq bağçasını necə açıb, Kolxoz Bazarı ətrafındakı qəzet köşklərini yığışdırıb niyə yerində dönərxananı necə açdırıb, əvvəllər AVMVB-yə məxsus olan 12 saylı Sumqayıt-Xırdalan marşrutunu hansı yollarla əldə edib (nəzərə alın ki, bu marşrutun dispetçeri qardaşıdır), 9-cu mikrorayonda plastik qapı-pəncərə sexini və yaxud Sumqayıt qəbiristanlığına gedən yolda 30 sot ərazisi olan limonad sexini hansı vəsaitlə alıb? Hələ bu yaxınlarda Corat Qəsəbəsində 67 sot olan torpaq sahəsinin 1 sotunu 5 min manatdan satıb. Niyə başqa müharibə veteranlarının və əlillərinin bu cür imkanları, restoran şəbəkələri, sexləri yoxdur? Niyə məhz Mübariz Quliyev? Biz sadəcə, peşəkar jurnalist və bu gün millətin problemlərini xarici ölkələrdə qabardan Qənirə Paşayevanın bu məsələlərə səthi yanaşmasını anlaya bilmirik. Bəlkə onun üçün ayda bir neçə dəfə şəhərin girişində olan «Turan» restoranında nahar etmək daha sərfəlidir, nəinki müharibə veteranlarının, əlillərinin qayğılarını dinləmək? İnanmaq istəməzdik, amma ortalıqda sadaladığım faktlar «göz deşir»sə, daha nə ola bilər?». M.Abışov QHT forumunun prezidenti Rauf Zeynidən də narazılığını ifadə etdi: «Məsələ ondadır ki, Zeyni yerli QHT-lərin rəyini öyrənmədən Mübariz Quliyevi forumun Sumqayıt şəhər təşkilatının sədri təyin etdirib. Görünür, Mübariz Quliyevin forumun fonduna keçirdiyi 15 min manat yerli QHT-lərin rəyindən ağır gəlib».
Sorğu
Yeni dizaynımız necədir?